525.Az

"Reket jurnalistika"ya qarşı mübarizə aktuallığını qoruyur


 

PROBLEMİN KÖKÜNDƏ HANSI FAKTORLAR DAYANIR?

"Reket jurnalistika"ya qarşı mübarizə aktuallığını qoruyur<b style="color:red"></b>

Azərbaycanda "reket jurnalistika"ya qarşı həyata keçirilən tədbirlər - hüquq-mühafizə orqanları ilə yanaşı vətəndaş cəmiyyəti intitututları, o cümlədən, Azərbaycan Mətbuat Şurası ilə peşəkar media orqanlarının əməkdaşlığı müsbət nəticələr verir.

Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qeyri-qanuni fəaliyyət göstərmək, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin sirr deyil ki, həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket jurnalistika" fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, mümkün olmayıb. Qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi bu kimi halların qısa zaman ərzində aşkar olunması və təqsirkarların tutularaq istintaqa cəlb olunmasına imkan verir. Heş şübhəsiz, bu, həm də oxşar fəaliyyətlə məşğul olaraq, cəmiyyətdə bu kimi neqativ tendensiyaların yayılmasına zəmin yaradanlara xəbərdarlıq xarakteri daşıyır. Nəticədə reketçilik fəaliyyətini Azərbaycanda "leqallaşdırmağa" çalışanlar və ya ayrı-ayrı işbazların əlində əlaltıya çevrilənlər qeyri-qanuni əməllərini həyata keçirərkən bir daha düşünməyə imkan qazanırlar. Bu fürsətdən doğru-düzgün nəticə çıxarmaq isə məsələnin bir başqa tərəfidir. Reallıq onu göstərir ki, cəmiyyətdə media orqanların fəaliyyətinin əsasları ilə bağlı kifayət qədər məlumatlılığın olmaması bəzən reketlərin hədəf olaraq seçdiyi şəxslər tələyə düşür, bu kimi halların vaxtında müəyyənləşdirilməsi mümkün olmur və nəticədə "jurnalist" adı altında vətəndaşın külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər müvəqqəti də olsa, cinayət məsuliyyətindən yayına bilirlər. Ona görə də "reket jurnalistika"ya qarşı mübarizədə daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var.

Mövzu ilə bağlı fikirlərini bildirən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, reketçilik artıq uzun illərdir Mətbuat Şurasının mübarizə apardığı məsələdir. O, SİA-ya bildirib ki, mübarizənin effektiv nəticələri də var: "Amma effektiv nəticələr təkcə ictimai qınaqla yekunlaşmır. Reketçiliklə mübarizə prosesində vətəndaşlar da fəal iştirak etməlidirlər. Reketlər, cinayətkarlar konkret olaraq hansısa təbəqəni hədəf seçirlər ki, bu sıraya ayrı-ayrı dövlət qurumları, bölgələrdəki təşkilatlar, iş adamları daxildir. Belə olan halda, onlar da mübarizə prosesində fəal iştirak etməli, dərhal neqativ hadisələr haqqında müvafiq qurumları məlumatlandırmalıdırlar. Məsələnin mahiyyətində bu aspekt dayanır".

E.Mirzəbəyli qeyd edib ki, hədəf seçilən qurumlar peşəkar media ilə çalışmalı, PR kampaniyanı yüksək peşəkarlıq səviyyəsində aparmalıdırlar: "Ayrı-ayrı bölgələrə səfərlər zamanı keçirilən görüşlərdə bir çox hallarda məlum olur ki, bölgələrdə fəaliyyət göstərən şəxslər, dövlət qurumlarının təmsilçiləri ölkəmizdəki peşəkar media qurumlarını tanımır, amma adı heç kimə məlum olmayan, ayda, ildə bir dəfə nəşr olunan, yalnız reketçiliklə məşğul olan saytları, qəzetləri tanıyırlar. Əslində, bu problem onların özlərindən də qaynaqlanır".

Baş redaktor vurğulayıb ki, PR işini peşəkar şəkildə qurmadıqda, şəffaflıq təmin olunmadıqda bu problemlər mütəmadi olaraq ortaya çıxacaq və əslində, "reket jurnalistika"nın mövcudluğu, daha da çiçəklənməsinə imkan yaradacaq: "Düşünürəm ki, Mətbuat Şurasının qəbul etdiyi qərarlar, açıqladığı nəticələr, yekun hesabatlar xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Əgər Mətbuat Şurası reket nəşri "qara siyahı"ya salanda və ya onunla bağlı xəbərdarlıq dərc edirsə, bu, peşəkarların gəldiyi nəticəyə uyğun bir fəaliyyətdir. Təbii ki, biz onların fəaliyyətində cinayət tərkibi axtara bilmərik. Bu, hüquq mühafizə orqanlarının işidir. Amma onların fəaliyyətlərində peşə fəaliyyətinə uyğun gəlməyən bir sıra mühüm məqamlar ortaya qoyulursa, bu artıq bəllidir ki, onların fəaliyyəti jurnalistika deyil".

E.Mirzəbəyli bildirib ki, Mətbuat Şurasının "qara siyahısı"nda olanlar, eyni zamanda, xəbərdarlıq edilənlər xüsusi diqqət mərkəzində saxlanılmalı, onların fəaliyyəti nəzərə alınmalıdır: "Eyni zamanda, ayrı-ayrı dövlət qurumları, iş adamları bu sahədə Mətbuat Şurası ilə daha sıx əməkdaşlıq etməlidirlər. Bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə təhdid yaradan bu cür faktorların qarşısının alınması hər kəsin marağında olmalıdır".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, peşəkar jurnalistika ilə heç bir formal və prinsipial əlaqəsi olmayan fəaliyyətlər ölkəmizin milli və informasiya təhlükəsizliyini qorxulu şəkildə təhdid edir, vətəndaş həmrəyliyini pozur, əsl jurnalistikanı gözdən salır, neçə-neçə dəyərli jurnalistin adına və əziz xatirəsinə hörmətsizlik gətirir.

Baş redaktorun sözlərinə görə, ölkəmizdə media fəaliyyətinə başlamaq qədər asan ilkin şərtlərə malik ikinci bir sahənin olmadığı bəllidir: "Çox asanlıqla sayt və portallar, qəzet və jurnallar açıb fəaliyyət göstərmək mümkün olduğu halda bəziləri bu şəraitin verdiyi imkanlardan sui-istifadə edərək insanların şəxsi həyatına müdaxilə edir, onları alçaldır, şantajla pul qazanır, aylıq haqqa oturdur, hətta jurnalist çətiri altında konstitusiya quruluşunu və dövlətin ərazi bütövlüyünü hədəfə alan çağırışlar edirlər".

A.Quliyev qeyd edib ki, haradan maliyyələşdiyi bilinmədiyi halda bir şəxsin eyni vaxtda bir neçə sayt yaradaraq fəaliyyət göstərməsi, anormal olmaqla bərabər, həm də özündə böyük təhlükələr gəzdirən şübhəli mahiyyətə malikdir: "Jurnalist" adı altında hər cür qanunazidd və jurnalistika ilə əlaqəsi olmayan işlərlə məşğul olmaq, bu işlərə görə cəzalandırılanda isə "jurnalist təqib olunur" kimi hay-küylə dünyanın diqqətini cəlb etmək cəhdləri dövlətə zərbə vurmaq niyyətindən başqa bir şey deyil".

Baş redaktorun sözlərinə görə, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev əsl jurnalistikaya və peşəkar jurnalistlərə hər cür himayə göstərir: "Buna qane olmayaraq özləri üçün başqa imkanlar axtaranlar, reketçilik üsullarına meyllənərək həm medianı, həm də ictimai mənafeləri gözdən salırlar".

A.Quliyev hesab edir ki, reketçiliklə məşğul olan qondarma jurnalistlər və bu sayaq "media orqanları" ilə mübarizə davam etdirilməlidir.

Qeyd edək ki, oktyabrın 27-də "Realliq.info" saytının baş redaktoru İkram Rəhimov saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq araşdırmaları davam edir.

Ceyhun ABASOV

 





30.10.2018    çap et  çap et