525.Az

Söz, mətbuat azadlığından sui-istifadə edənlər


 

"REKET JURNALİSTİKA İLƏ MÜBARİZƏ DAHA DA GÜCLƏNDİRİLƏCƏK"

Söz, mətbuat azadlığından sui-istifadə edənlər <b style="color:red"></b>

Bu gün Azərbaycanda söz, mətbuat, özünüifadə azadlığının təmin edilməsi istiqamətində bütün şərait yaradılıb. Ölkədə çoxsaylı çap və internet mediası fəaliyyət göstərir.

Hər hansı bir media qurumunun, həmçinin, xəbər portallarının yaradılması üçün heç bir məhdudiyyət təbiq edilmir. Bundan əlavə, ölkədə internetdən, sosial şəbəkələrdən istifadə imkanları da genişdir. İnsanlar sosial şəbəkələrdə öz fikir və rəylərini rahat şəkildə ifadə edə bilirlər. Amma təəssüflər olsun ki, yaradılmış bu imkanlardan sui-istifadə edənlərin sayı da az deyil. Bəziləri söz, mətbuat, özünüifadə azadlığından çirkin məqsədlər üçün istifadə etməyə çalışır, şər-böhtandan, şantaj etməkdən çəkinmir, bu vasitə ilə də pul qazanmağa can atır. Başqa sözlə, reket jurnalistikası ilə məşğul olanlar şər, böhtan, şantaja əl atmaqla yanaşı, həm də böyük ənənələri, hər birimizin qürur duyduğumuz tarixi olan Azərbaycan mətbuatının adına ləkə gətirməklə məşğuldurlar. Amma təbii ki, belələri çox uzağa gedə bilmirlər. Çünki Azərbaycan demokratik, qanunların işlədiyi bir ölkədir. Kimsə ölkədəki azad mühitdən çirkin məqsədlərlə istifadə edib, jurnalistkamızı ləkələməyə çalışırsa, "jurnalist" adı ilə reketçiliklə məşğul olursa, Azərbaycan qanunlarının sərt üzü ilə qarşılaşcağını da unutmamaldır.

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində "Realliq.info" saytının baş redaktoru İkram Rafiq oğlu Rəhimov saxlanılıb. Bununla bağlı qurumun yaydığı açıqlamada deyilir ki, İ. Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.

Hadisə ilə bağlı  Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda deyilir ki, İkram Rafiq oğlu Rəhimov "Reallıq.info" və digər informasiya saytları yaradaraq nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı:

"Şura "Reallıq.info"nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçib, adını özünün "qara siyahı"sına daxil edib. Lakin İ.Rafiqoğlu heç bir halda bundan nəticə çıxarmayıb və yarıtmaz fəaliyyətini davam etdirib. İ.Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Şuraya "Reallıq.info"nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Əminik ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaqdır".

Reket jurnalistikaya qarşı müəyyən mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, görünən odur ki, bu şəbəkə hələ də mövcuddur və hazırda internet medianın imkanlarından "bəhrələnməkdədirlər".

Son baş verən hadisə isə bir sual yaradır: Reket jurnalistika ilə daha effektli necə mübarizə aparmalı?

Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradılıb. Söz azadlığı ən yüksək səviyyədə təmin edilib. Bu imkanlardan nəinki sui-istifadə edənlər var,  konkret cinayət əməli törədərək, asan yolla pul qazananlar mövcuddur: "Yəni bu adamlar ümumiyyətlə qanunları tanımırlar, bilmirlər, jurnalistikadan sui-istifadə etməklə məşğuldurlar. Əslinə qalanda o cür adamları araşdıranda görürük ki, onların jurnalistikaya heç bir aidiyyatı yoxdur".

A.Həsrət reket jurnalistlərlə bağlı Mətbuat Şurasına xeyli müraciətlərin daxil olduğunu da əlavə edib: "Reket jurnalistlər jurnalist adı altında tamamilə jurnalistikadan uzaq olan işlərlə məşğuldurlar. Onlar yaranmış imkanlardan sui-istifadə edirlər, media fəaliyyəti ilə məşğul olduqlarını iddia edərək insanları şantaj edirlər, şər, böhtan yazmaqla, yaymaqla məşğuldurlar. Adamları aldadaraq, qorxudaraq rüşvət tələb edirlər".

A. Həsrətin sözlərinə görə, Mətbuat Şurasının kiməsə cəza vermək kimi səlahiyyəti yoxdur: "Amma bu,  o demək deyil ki, reket jurnalistlərə qarşı heç bir tədbir görülməyəcək. Azərbaycan dövləti hüquqi dövlətdir,  burada qanunlar işəyir, heç kim düşünməsin ki, cəzasızlıq mühiti var. Bu ölkədə cəzasızlıq mühiti yoxdur. Qanunlar var, onlar fəaliyyət göstərirlər. O cümlədən də özünə jurnalist adı qoyub, ayrı-ayrı bəd əməllərlə məşğul olanlar üçün bu qanunlar əlbəttə ki, var. Ona görə də həmin adamları mümkün qədər tez bu əməllərdən çəkinməyə çağırırıq".

A. Həsrət onu da deyib ki, Şuraya daxil olan müraciətlərlə bağlı adətən həmin qurumlara xəbərdarlıq edilir və onlar düzgün fəaliyyət göstərməyə dəvət edilir: "Amma görünür, daha sərt addımlar atılmalıdır.  Təbii ki, reket jurnalistlərlə bağlı bu, ilk fakt deyil, bu tip hadisələr bir daha göstərir ki belə hallarla mübarizə daha da güclənməlidir.  Mətbuat Şurası dövlətin yaratdığı imkanlardan sui-istifadə edərək reketliklə məşğul olan şəxslərə xəbərdarlıq edir. Tələblərə məhəl qoymayanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək".

PƏRVANƏ

 





30.10.2018    çap et  çap et