525.Az

Türkiyənin zəfər abidəsi dünyaya açıldı


 

İSTANBUL YENİ HAVA LIMANI 60 ÖLKƏNİN 20 TRİLYON DOLLAR HƏCMİNDƏ İQTISADIYYATINI BİR-BİRİNƏ BAĞLAYACAQ

Türkiyənin zəfər abidəsi dünyaya açıldı<b style="color:red"></b>

Beş il əvvəl İstanbulda bünövrəsi qoyulan və Rəcəb Tayyib Ərdoğanın "Bu, bir hava limanı deyil, zəfər abidəsidir" adlandırdığı İstanbul Yeni Hava Limanı uğurla və inadla böyük yol qət edərək oktyabrın 29-da şərəfli sonluğa yetişdi.

Türkiyə Respublikasının 95 illik yubiley bayramına bayram ruhu qatan, Türkiyə tarixinin ən möhtəşəm  hadisəsinə çevrilməklə dünyanın ən böyük hava nəqliyyatı infrastrukturu olan Yeni Hava Limanı dünyaya açıldı. Prezident Ərdoğanın özəl təyyarəsi "CAN"ın səmadan qartal əzəməti ilə limana enməsi açılışa toplaşmış 50 ölkənin dövlət və hökumət başçılarının, nüfuzlu siyasi və iqtisadi elitanın, minlərlə iştirakçının heyrət və səbirsizliyinə son qoydu.

Hava limanının açılış mərasimi dünyaya böyük səs salmaqla ən nüfuzlu media orqanlarının manşetində yer almaqdadır. Dünya mediasında "Dünyanın aviasiya mərkəzi", "Qlobal qovşaq", "Türkiyənin qlobal iqtisadi gücünün simvolu", "Meqalayihə", "Ərdoğan dünya gücü olmaq böyüklüyünü ilə göstərir” sərlövhəli yazılarda Türkiyənin transkontinental qüdrətinin artmasına diqqət çəkilir. Böyük Britaniyanın “BBC” media qrupu İstanbul limanını ən ideal aviasiya mərkəzi kimi xarakterizə edib. Qətərin “Əl-cəzirə” telekampaniyası ildə 200 milyon sərnişinə xidmət edəcək limanın dünyanın cazibə mərkəzi olduğunu xatırladıb. Belçikanın "Francophone" media qrupu Ərdoğanın Osmanlının qədim paytaxtı olan İstanbulun Avropa, Asiya və Afrika arasında qlobal qovşağa çevrilməsində fədakar əməyinə xüsusi yer verib.

Rusiyanın "Rossiyskaya Qazeta", Fransanın "Le Parisien", ABŞ-ın "Washington Post" qəzetləri də İstanbul aeroportunun Türkiyənin qlobal mərkəzə çevrilməsi məqsədilə açıldığını qeyd edirlər. Almaniyanın "Frankfurter Allgemeine", "Deutsche Welle" qəzetləri Türkiyənin nəhəng bir əsər yaratmasını mühüm qlobal iqtisadi hadisə kimi dəyərləndirirlər. "Deutsche Welle" nəşri qeyd edir ki, Almaniya hökuməti 12 ildir ki, "Berlin Brandenburq" hava limanının tikintisinin davam etdirir, ancaq başa çatdıra bilmir. Bu gedişlə Berlin həmin layihəni ancaq yuxusunda görəcək.

Rəcəb Tayyib Ərdoğanın şah əsəri, AKP hökumətinin yeni zəfər salnaməsi olan bu layihənin həyata vəsiqə alması çətin və mürəkkəb iqtisadi-siyasi burulğanlar və xarici psixoloji-fiziki təsirlər şəraitində mümkün olub. Layihənin reallaşmaması üçün Türkiyəyə qarşı xarici dövlətlərin müxtəlif təxribatları dayanmayıb. Hətta ölkədəki QHT-lərin əli ilə ərazinin ekoloji tarazlığının pozulması kimi cəfəng iddialarla tikintiyə maneə yaradılmağa cəhd göstərilib. Amma bu məntiqsiz və mənasız arqumentlərin hər biri boşa çıxıb. Türkiyə lideri Ərdoğanın qətiyyəti və inadı qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verib.

İnvestisiya məbləği 10 milyard 247 min avro, dövlətə ödəniləcək icarə məbləği 22 milyard 152 milyon avro olmaqla, ümumilikdə 32,4 milyard avro maliyyə tutumuna malik hava limanının ərsəyə gəlməsi ümumilikdə dörd mərhələni əhatə edir. Hazırda birinci mərhələ üzrə işlər tam başa çatıb və hava reysləri ilə ildə 90 milyon sərnişin daşınması nəzərdə tutulub. 2028-cü ilə qədər layihənin bütün detallarının icrası yekunlaşdıqdan sonra sərnişin daşınması 150 milyona çatdırılacaq. Hətta tələbat artdığı halda bu rəqəmi 200 milyon nəfərə çatdırmaq da mümkündür.

Dövlət və özəl sektorun birgə əməyinin bəhrəsi olan bu layihə 6 müstəqil uçuş zolağı, 500 təyyarə tutumu, 70 min avtobomil parkından ibarətdir. Liman 120 min nəfərin məşğulluğunu təmin edəcək. 200 milyon insanın ayaq basacağı liman dünyanın ən böyük aeroportu olacaqdır. Buraya hər gün 2 min təyyarə eniş edəcək, 250 hava yolu şirkətinə xidmət göstəriləcək. Limandan şəhər mərkəzinə daşıma qiymətlərində 50 faiz güzəştə gediləcək, hava limanında avtomobil dayanacağından pulsuz istifadə ediləcək.

Hava limanının ilk uçuşu Türkiyənin səma simvolu olan “Türk Hava Yolları” (“THY”) tərəfindən “Boeing 777” ilə oktyabrın 31-də Ankaraya gerçəkləşdiriləcək. “THY”nin xaricə ilk uçuşu noyabrın 1-də Şimali Kipr Türk Respublikasına nəzərdə tutulub. Növbəti uçuş noyabrın 8-də Azərbaycana, Heydər Əliyev Hava Limanına həyata keçiriləcək.

İstanbul Hava Limanı həm də möhtəşəm memarlıq və incəsənət abidəsidir. Hava limanı dizayn və memarlıq elementlərinə görə də zövqverici və cəlbedicidir.
Yeni Hava Limanına Ərdoğan tərəfindən dünya sivilizasiyasının mərkəzlərindən biri olan, Avropa və Asiyanın qapısı sayılan İstanbulun adının verilməsi də təsadüfi deyil. Ərdoğanın söylədiyi kimi, "İstanbul, bizim sadəcə ən böyük şəhərimiz deyil, eyni zamanda, ölkəmizin ən dəyərli markasıdır".

Tarixi baxımdan İstanbul həmişə strateji mövqedə yer alıb və hava limanının istifadəyə verilməsindən sonra iri nəqliyyat mərkəzi kimi Avrasiyanın ən güclü tranzit qovşağına çevriləcək. Şəhər 60 ölkənin 20 trilyon dollar həcmində iqtisadiyyatını bir-birinə daha sıx bağlayacaq. Hava limanı bu qədim ecazkar şəhərin qüdrətinin artıracaq, dünyaya açılan coğrafiyasını genişləndirəcək.  

Atatürkə olan rəğbət və ehtiramın nümunəsi olaraq onun adını daşıyan hava limanı öz adı ilə hava nəqliyyatı xidmətlərini göstərməkdə davam edəcək. Həmin limanın daha da zənginləşdirilməsi və Millətlər Bağçası kimi xalqın xidmətinə verilməsi nəzərdə tutulub.

Qardaş Türkiyə R.T.Ərdoğanın güclü idarəçiliyi altında uğur dastanı yazmaqda davam edir. Son 10 ildə dünyada icra olunmuş 10 meqalayihənin 6-nı məhz Türkiyə həyata keçirib. Onların sırasında Yavuz Sultan Səlim körpüsü, Mərmərə, Avrasiya tuneli, Ovit tuneli layihələri son 100 ilin ən möhtəşəm milli qürur simvollarıdır. Böyük əməyin və əzmkarlığın nümunəsi olan İstanbul Hava Limanı isə Türkiyənin daha bir uğur dastanı kimi dünyaya nümunə olacaq.

Türkiyə hökuməti digər meqalayihələrin gerçəkləşməsi üçün dayanmadan, öz sərmayəsi, öz texnologiyası və işçi personalı və alın təri ilə çalışmaqdadır. Hökumətin 2023-cü ilə dair hədəf strategiyasında mühüm yer tutan İstanbul Gəmiçilik kanalı, "Çanaqqala 1915" körpüsü kimi meqalayihələr uğurla, plana uyğun olaraq davam etdirilir. AKP hökuməti Cümhuriyyətin 100-cü ildönümündə, 2023-cü ildə həmin layihələri və digər nəhəng qlobal proqramları tamamlamaqla Türkiyənin möhtəşəm gücünü daha da möhkəmləndirəcək.

Yavuz Sultan Səlimin "Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır" müdrik kəlamını mübarizə fəlsəfəsinə çevirən AKP lideri Ərdoğanın bəyan etdiyi kimi, gecə-gündüz bütün çətinliklərdən qorxmadan gələcəyə inam və ümidlə baxaraq hədəflərə doğru qətiyyətlə addımlayırıq: "Qarşıda daha böyük işlərimiz var. 2053 və 2071-ci ilin inkişaf perspektivlərinin ssenarilərini çızaraq güclü zəmin yaradırıq. Türkiyə dünyanın ən böyük 10 iqtisadiyyatından biri və sosial rifahın simvol olmaqda qərarlıdır".

 





31.10.2018    çap et  çap et