525.Az

Qəzet kağızına tətbiq olunan ƏDV ənənəvi medianın fəaliyyətinə mənfi təsir göstərir


 

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN MÜVAFİQ QƏRARI QƏZETÇİLİK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN QURUMLARI MALİYYƏ ÇƏTİNLİKLƏRİ İLƏ ÜZ-ÜZƏ QOYUB

<b style="color:red">Qəzet kağızına tətbiq olunan ƏDV ənənəvi medianın fəaliyyətinə mənfi təsir göstərir</b>

Dövlət Gömrük Komitəsinin Azərbaycan gətirilən kütləvi informasiya vasitələri (KİV) məhsullarına 18 faizlik əlavə dəyər vergisi (ƏDV) tətbiq etməsi qəzetçilik fəaliyyəti ilə məşğul olunan mətbu orqanlarınin fəaliyyətinə mənfi təsir edən başlıca məsələlərdəndir.

Ölkəyə idxal olunan qəzet kağızları, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına qanunla ƏDV tətbiq olunmasının qadağan olunduğu halda 2016-cı ilin yanvarın 1-dən etibarən Dövlət Gömrük Komitəsinin bu istiqamətdə heç də ürəkaçmayan qərar qəbul etməsi KİV-lərin maliyyə yükünün artmasına səbəb olub ki, bəzi media orqanları qəzet nəşrini dayandıraraq, yalnız elektron mediada fəaliyyət göstərməyə məcbur olub, digərləri isə oxşar çətinliklərə rəğmən fəaliyyətlərini bugünədək davam etdirməyə çalışırlar.

Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri  üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) vergi ödəməkdən azad olduğu qeyd edilir. Lakin Gömrük Komitəsi qəzet kağızları, redaksiya, nəşriyyat və poliqrafiya məhsullarına ƏDV-nin tətbiqinin Vergi Məcəlləsinin 164.2-ci maddəsinin ləğv edilməsiylə əsaslandıraraq, qanunda yaranmış boşluğu bu cür "doldurur". Halbuki Vergi Məcəlləsinin 164.2-ci maddəsi ləğv olunsa da, 164.1 və 164.1.7-ci maddələri qüvvədədir. Məhz bu maddələri nəzərə alaraq KİV məhsullarına ƏDV tətbiq olunmamalıdır.

Qəzetçilik fəaliyyətində müşahidə olunan bu, mənfi tendensiya ölkəyə KİV məhsulları, o cümlədən, qəzet kağızı idxal edən mətbuat yayımı şirkətlərini də böhran vəziyyətinə gətirib. Çünki xüsusilə, idxal olunan qəzet kağızına ƏDV tətbiq edilməsi nəticəsində qiymətlərdə yaranan artım alıcı kütləsinin azalmasına səbəb olub. Hətta yaranmış vəziyyətə görə "Qaya Mətbuat Yayımı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)  ilə Dövlət Gömrük Komitəsi arasında bir neçə məhkəmə çəkişməsi də olub. Lakin məhkəmə hakimlərinin çıxardığı qərarlardan narazı qalan MMC sədri Xanhüseyn Əliyev adıçəkilən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən atılan addımın ölkə mətbuatının inkişafına mənfi təsirlərindən narahatlığını ifadə edir.

"Qaya Mətbuat Yayımı" Məhdud Məsuliyyətli Cəmiyyətinin göndərdiyi sorğuya cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib: "Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 dekabr 2016-cı il tarixli qərarı ilə Dövlət Gömrük Komitəsinin kassasiya şikayəti təmin edilib, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-01 (103)-1863/2016 nömərli 16 avqust 2016-cı il tarixli qərardadı ləğv edilib və iddiaçı "Qaya Mətbuat Yayımı" MMC tərəfindən 01.03.2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasına idxal etdiyi qəzet və jurnallara görə ƏDV tətbiq olunmasının tələb edilməsinin cavabdehə qadağan olunması barədə iddiası təmin edilməyib.

Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, bir daha bildirilir ki, kütləvi informasiya vasitələri məhsullarının idxalı zamanı ƏDV-dən azadolma nəzərdə tutulmur, həmin maddə kütləvi informasiya vasitələri məhsullarının satışı üzrə dövriyyələrinin ƏDV-dən azad olmasına şamil olunur".

Dövlət Gömrük Komitəsi idxal olunan KİV məhsullarına ƏDV-ni qanunla uzlaşdığını bildirsə də, "Qaya Mətbuat Yayımı" MMC-nin Vergilər Nazirliyinə göndərdiyi sorğuya cavab heç də komitənin mövqeyi ilə üst-üstə düşməyib, qanunun mövcud tələblərinə tam uyğun şəkildə şərh olunub.

Azərbaycan Mətbuat Şurasının 10 sentyabr 2018-ci il tarixli 141 nörməli məktubu ilə Vergilər Nazirliyinə daxil olmuş kütləvi informasiya vasitələri məhsullarının alıq-satqısının ƏDV-yə cəlb edilməsi barədə sorğuya cavabda qeyd olunub: "Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısıının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məshulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilib.

Bununla yanaşı, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin müddəalarına əsasən, dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyyatı, kinoxronika proqramları və digər yayım formaları kütləvi informasiya vasitələri hesab edilir. Çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nörməsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər dövri mətbu nəşrlərdir. Mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi kütləvi informasiya vasitəsinin məhsuludur.

Qeyd edilənlərə əsasən, cəmiyyət tərəfindən istehsal edilən məhsullar kütləvi informasiya vasitələri məhsulları hesab edildiyi halda onların alqı-satqısının bütün növləri üzrə dövriyyələr ƏDV-dən azaddır.

Vergi Məcəlləsinin 164-cü maddəsi və Azərbaycan Respublikasının "Kütləvi informasiya vasitələri haqqında" 7 dekabr 1999-cu il tarixli 769-IQ nömrəli Qanunu ilə tənzimlənir".

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə yaranmış problemlə əlaqədar "Hürriyət"ə bildirib ki, Dövlət Gömrük Komitəsi 2016-cı ilin yanvarın 1-dən ölkəyə idxal olunan KİV məhsullarına tətbiq edilən ƏDV-ni Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarı ilə izah edir: "İş burasındadır ki, vaxtilə həmin qərara əsasən, ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı əlavə dəyər vergisindən azad idi. Halbuki əvvəldən məsələnin qərara salınması düzgün deyildi. Onsuz da Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələrində idxal olunan kütləvi informasiya vasitələri məhsullarının əlavə dəyər vergisindən azad olunduğu vurğulanırdı. Elə ziddiyyət də bundadır. Nəyə görə Vergi Məcəlləsi qala-qala əlavə dəyər vergisi Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur? Yaxşı olar ki, qanunvericilik planında biz bu məsələyə də diqqət yetirək. İstərdim ki, bizim qəbul etdiyimiz qərarları heç bir icra strukturu öz mənafeyinə uyğun yozub istifadə etməsin".

Ceyhun ABASOV

 





01.11.2018    çap et  çap et