525.Az

Fikrət Qocanın əsərlərindən ibarət kompozisiya tələbələrin təqdimatında


 

Fikrət Qocanın əsərlərindən ibarət kompozisiya tələbələrin təqdimatında<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq şairi Fikrət Qocanın əsərləri əsasında hazırlanmış "Sonra da deyirik ki..." adlı ədəbi-bədii kompozisiyanın bədii qiraəti keçirilib.

Universitetin "Səhnə danışığı" kafedrası tərəfindən hazırlanan kompozisiya Əməkdar artist, dosent Ağalar Bayramov və tələbələrin bədii qiraət təqdimatında gerçəkləşib. Kompozisiyasının ssenari müəllifi və rejissoru Əməkdar artist, dosent Mahirə Yaqubovadır.

Tədbirdə ADMİU-nun rektoru Ceyran Mahmudova, Xalq şairi Fikrət Qoca, tanınmış mədəniyyət xadimləri, ziyalılar, universitetin professor, müəllim və tələbə kollektivi və media nümayəndələri iştirak ediblər.

F.Qocanın müxtəlif əsərlərini müəllimləri A.Bayramovla birgə, Universitetin "Solo oxu" ixtisası üzrə III kurs tələbələri Məhəmməd İbrahimov, Nurlanə Kərimli, "Solo oxu" ixtisası üzrə IV kurs tələbəsi Cəlal Məlikli, "TKA" III kurs tələbəsi Röyal Allahverdiyev, "TKA" II kurs tələbəsi Fərid Bağırov və "TKA" I kurs tələbəsi Sabirə Abdullayeva səsləndiriblər.

Tədbirdə Xalq şairinin həyat və yaradıcılığının əks etdirildiyi video-çarx nümayiş olunub.

F.Qoca haqqında danışan A.Bayramov onun yaradıcılığı ilə ilk dəfə 1980-ci ildə, hələ I kurs tələbəsi ikən şair Sabir Sarvanın məsləhəti ilə oxuduğu "Uzaq Şərqin səmalarında Cavidi anarkən" şeiri ilə yaradıcı təmas qurduğunu vurğulayıb. Şeiri səsləndirən qiraət ustası F.Qoca yaradıcılığındakı sərbəst şeir nümunələrindən də söz açıb. O deyib ki, bu şeirlərdə sözlərin deyil, hadisələrin, hisslərin qafiyəsi var.

Tədbir boyunca şairin "Oğul istəyir", "Yüz bir", "Risk", "Qorxuram", "Ərkəc" və s. şeirləri səsləndirilib, şairin sözlərinə yazılmış mahnılar ifa olunub.

Sonda çıxış edən Xalq şairi Fikrət Qoca onun yaradıcılığına müracət etdikləri üçün universitet rəhbərliyinə, "Səhnə danışığı" kafedrasının kollektivinə, tədbirdə əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





02.11.2018    çap et  çap et