525.Az

Qadın: mələk, yoxsa iblis? - Türkan Turan yazır


 

Qadın: mələk, yoxsa iblis? - <b style="color:red">Türkan Turan yazır </b>

Yunan filosofu Evripid “Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur” deyirdi. Qadınlar dünyanın ən müəmmalı varlığıdır: dərindən də dərin, qəlizdən də qəlizdir. Bir-birilərini kateqoriyalara bölürlər.
 
Həmcinslərini qınayırlar, rəqabət ortamı yaradırlar. Öz aralarında fələyin belə barmaq dişləyib heyrətlə seyr edəcəyi oyunlar oynayırlar. Kişilərin bu həngamələrin çoxundan xəbərləri olmur. Xəbər tutsalar, başlarına hava gələr, nəfəsləri daralar, qaçıb dünyadan çıxarlar!

Qadın dəyərlidir, qiymətlidir, əzizdir, amma... Həmişə qadına düşməndir! Yalnız qadın qarşısındakı qadına iltifat edərkən onu aşağılamağı bacarır. Sadəcə qadın digər qadının sirrini öyrənmək üçün “ən yaxşı rəfiqə” cildinə girir. Kişilərin bəyəndiyi, təriflər yağdıra-yağdıra yerə-göyə sığdırmadığı qadınları bircə dəqiqənin içində yerlə bir etməyi bacarırlar, heç edirlər. Həmcinsləri tərəfindən dəstəklənməyən qadınlar maneələrlə tez-tez üzləşirlər!

Qadın gözəllikdir, dəniz dibindəki inci, torpaq altındakı xəzinədir, amma... İdeal deyil. Bəyənilməyən çox yanları var! Yersiz qısqanclıqları, gərəksiz dedi-qoduları, sözlərin başına ip keçirməkləri, gah nala, gah mıxa vurmaqları, yersiz müqayisələri, lazımsız mübahisələri bitmir! Sakit beyinlə düşünərək və həzm edərək qərar vermək əvəzinə, tez-tələsik gəldikləri qənaəti boğazlarında yumruq kimi oturdurlar. Məğlubiyyətlərini göstərməmək üçün nə udurlar, nə qusurlar. Boğula-boğula qalırlar! Yerli-yersiz duyğusallıq edirlər. Göz yaşlarından məharətlə istifadə edirlər. Özlərindən tez çıxırlar. Dillərinin ucuna gələn sözləri içərilərinə döşəyirlər, qaranlıq fikirlərlə, kinlə, nifrətlə üstünü örtürlər. Vaxtı qovur, məqamı gözləyirlər, ilk fürsətdə silahları açırlar, bombaları atırlar, acımırlar, qarşısındakının parça-parça olmasını izləyirlər. Üzülmürlərmi? Əlbəttə, üzülürlər, amma dayanmırlar. Həm özlərini, həm qarşılarındakını bax, beləcə məhv etməkdən çəkinmirlər!

Qadın işıqdır, sirdir, sehirdir, amma... Qarışqanı filə çevirməkdən ötrü ölürlər. Bir-birilərinə badalaq vurur, quyusunu qazırlar. Aidiyyatları olmasa da, eyni sarayda Sultan üçün bir-birinə dözmək məcburiyyətində yaşayan hərəmlər kimi mütəmadi rəqabət halında olurlar. Qüsurları qüsursuzluqların içindən bircə-bircə artlayırlar, mikroskopla böyüdür, pinsetlə çəkib ortalığa səpələyirlər. Gün üzünə çıxartdıqları ayıbları, yanlışları dillərinə dolaya-dolaya zövq alırlar.

Qadın gücdür, dözümdür, iradədir, amma... Bəzən beynində tülkülər dolaşır, şeytanlar gəzişir. Nə fikirləşdiyini, nə istədiyini bilmək olmur. Sirr deyil, qadınlar həmcinslərini çox da sevmirlər. Məsələn; qadınla kişi arasında münaqişə baş versə, kişinin tərəfini tutmağa meylli olurlar. Hətta təcavüzə məruz qalanda belə, həmin an nə geyindiyini, hadisənin hansı saatda baş verdiyini müəyyən etməyə çalışırlar. Əgər beynindəkilərlə reallıq uyğunlaşmırsa, həmcinslərini mərmi yağışına tuturlar.

Kişilərlə söhbət etmək sadədir, asandır. Qadınlarla çətindir. Sözləri ilan kürəyinə yükləyərək qarşı tərəfə ötürürlər. Zəhərin hansı məqamda, bədəninə necə dolduğunu görməyə macalın olmur. Bir də baxırsan ki, yerə sərilib, səndələyirsən!

Qadın güvəndir, etibardır, sədaqətdir, amma... Bir-birilərinə həmişə səmimi ola bilmirlər. Qəzəblərini gizlətməyə çalışırlar, amma çox vaxt hikkələri açıq aşkar meydan oxumaqlarına mane ola bilmir!

Bu fitnə-fəsadın təməli uşaqlıqdan, oxuduqları nağıllarla, qalmaqallı hekayələrlə atılır. Göyçək Fatma bacıları ilə mübarizə aparır, əl-ayağını bağlayıb təndirə salırlar. Ağca ögey anası ilə yola getmir. Saraydan didərgin düşür, yad ellərə sığınır. Hələ Şaha ərə getmək üçün bir-birini qıran nağıl qəhrəmanlarını demirəm. Göründüyü kimi, qadınlar uşaqlıqdan intriqanın içinə düşürlər. Evcik-evcik oynayan qız uşaqlarına fikir verin, biri gəlir aylarla dostluq edən bir neçə qızı bir-birinə vurur, ab-havanı dəyişir, araya nifaq salır. “Uşaqdılar” deyib, keçirik. Yeniyetməlik dönəmində bu vəziyyətin miqyası bir az da genişlənir, dərin hal alır. Qızlar qrup yaradırlar, istəmədiklərini gözümçıxdıya salırlar.

Hələ əgər həmin qız gözəldirsə, gününü göy əskiyə bükürlər. Təkləyirlər, özünəinamını sarsıdırlar!

Universitetdə oxuyanda bu cür hala şahid olmuşdum. Amerikalı yazıçı Stiven Kingin “Göz” romanını oxumağım da elə həmin ərəfələrə təsadüf edir. Yazıçı kitabda ərgən qızların davranışlarını sətirlərə elə ustalıqla köçürüb ki, adam özünü hadisələrin içərisində zənn edir. Karrie adlı yeniyetmə qız məktəbdə yoldaşları tərəfindən gözümçıxdıya salınaraq, çirkin zarafatlara məruz qalır. Heç bir dostu olmayan Karrie gec yaşda menstruasiya keçirir, məktəbin geyinib-soyunma otağında buna şahid olan qızlar onu ələ salmağa başlayırlar, ətrafında dövrə qurub, onu ortaya salıb lağ edirlər. Əllərinə nə keçsə, qızın üstünə atırlar. Nə gözündən axan yaşa, nə düşdüyü çətin vəziyyətə güzəştə gedirlər. Karrie yaşadığı bu hadisə ilə ağır travma keçirir. Qızın gözəgörünməz gücü olur və ciddi həssaslıq keçirəndə özünü göstərir. Yaşadıqları ilə Karrienin bu gücü hərəkətə keçir və böyük fəlakətlərə səbəb olur! Hə, qadın bəzən digər qadına mərhəmət etmir, qanına susamış kimi davranır!

Bəzi ağıllı və cazibədar qadınlar digərlərinin gözünə canavar kimi görünürlər. Əgər sənətdən, ədəbiyyatdan anlayışı varsa, üstəlik, hər yerdə özünü rahatlıqla ifadə edə bilirsə, vay o qadının halına! Həmcinslərinin dilindən düşmür, müzakirə masalarından enmir, aşağıya çəkdikcə çəkirlər. Bəzi qadınlar isə sakit, iddiasız, məsum, arzuları məişət səviyyəsində olanlardır. Birinci tip qadınlar nə qədər güclü, tutduğunu qoparan, əzimlidirsə, ikincilər də o qədər tabe olan, boyun əyən, sərhədləri olanlardır. Məsələ burasındadır ki, onlar qarşı-qarşıya gələndə bütün üstünlüklər buxarlanır, qadınlıq irəli çıxır. Əsl həngamə bundan sonra başlayır! Bir-birilərinə həm dost olurlar, həm düşmən!

Qadınlar dünyanın ən müəmmalı varlığıdır: dərindən də dərin, qəlizdən də qəlizdirlər. Bir-birilərini kateqoriyalara bölürlər. Həmcinslərini qınayırlar, rəqabət ortamı yaradırlar. Öz aralarında fələyin belə barmaq dişləyib heyrətlə seyr edəcəyi oyunlar oynayır, kələklər qururlar.

Haradan bilirəm? Çünki özüm də qadınam!

Qeyd: İstisnalar həmişə var!

 





03.11.2018    çap et  çap et