525.Az

Azərbaycan mədəniyyətində Həsənağa Turabov fenomeni - Cavid Qədir yazır


 

Azərbaycan mədəniyyətində Həsənağa Turabov fenomeni - <b style="color:red">Cavid Qədir yazır </b>

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tolstoy Anton Çexovun yaradıcılığı haqqında belə deyib:

“Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.

Bu sözləri Azərbaycan kinematoqrafiyasına beləcə aid eləsək, yanlış olmaz: Əgər bütün Azərbaycan filmləri təsadüf ucbatından yoxa çıxsa və yalnız Həsənağa Turabovun oynadığı filmlər qalsa, Azərbaycan filmoqrafiyası, Azərbaycan həyatı, düşüncəsi, dini-mental düşüncəsi barədə kifayət qədər dolğun məlumat əldə etmək olardı.

Həsənağa Turabovu bir çox şəkildə təqdim etmək olar. Aktyor, Xalq artisti, “Şöhrət” ordeni laureatı, Ali Sovetin deputatı, rejissor, teatr direktoru - qısaca desək, görkəmli sənətkar...

Əsl adı Həsən olsa da, ağayana, aristokrat, zəhmli olmasından dolayı dostları aktyoru “Həsənağa” çağırıblar. Elə tamaşaçılar da onu bu cür xatırlayırlar.

O, 1938-ci il martın 24-də, Bakının Zərgərpalan məhəlləsində doğulub. Ailənin ilk övladı kimi dünyaya gələn Həsənin doğulması toy-bayrama çevrilir. Ondan qabaq bir neçə uşaq olsa da, heç biri sağ qalmamışdı. Deyilənə görə, adını imam eşqinə Həsən qoyurlar. Daha sonrasa yenə bir oğlan uşağı dünyaya gəlir.

Evləri Dram Teatrının yaxınlığında olduğu üçün atası, Həsənlə kiçik qardaşını tez-tez teatra aparır. Bütün premyeralara, tamaşalara birlikdə gedirlər. Beləcə, Həsəndə teatra, aktyorluğa böyük həvəs yaranmağa başlayır. Teatrlı, tamaşalı aurada, sənətin sevildiyi mühitdə böyüyən Həsən Turabov hələ məktəbli olarkən öz həyat yolunu seçir. Müxtəlif teatr dərnəklərinə yazılır. Dərnəklərdə fitri istedadı, biliyi ilə fərqlənir. Məktəbdə əla qiymətlərlə oxuduğuna görə də müəllimlərin sevimlisi olan gələcək aktyor məktəbi bitirəndən sonra həyatını tamamilə sənətə, teatra bağlamaq qərarına gəlir. Bu qərarın məntiqi davamı kimi, Azərbaycan İncəsənət İnstitutunun Aktyorluq fakültəsinə, tanınmış rejissor Mehdi Məmmədovun sinfinə daxil olur.

Tələbə yoldaşlarının sözlərinə görə, H.Turabov çox da fərqlənən tələbə olmayıb. Özüsə bu haqda belə deyirdi: “Hiss edirdim ki, aktyor olmaq üçün institutda vaxt itirmək lazım deyil”.

Elə buna görədir ki, hələ heç kəsin tanımadığı Həsən universitetdə oxuya-oxuya uşaqlıqdan sevimli məkanı olan Akademik Milli Dram Teatrına üz tutur. Orda ikinci, üçüncü dərəcəli rollar oynamağa, özünü bir aktyor kimi yetişdirməyə çalışır. Teatr mühitinin sehrini, teatr “mətbəxi”ni, kulisi öyrənməyə can atır. Dərsini o vaxt teatrda çalışan Möhsün Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağaddaş Qurbanov, Hökümə Qurbanova, Leyla Bədirbəyli kimi canlı teatr məktəblərindən alır.

Hələ tələbəlik dövründə institutda “Hacı Qara” tamaşasını oynayan zaman izləyicilər arasında olan Adil İsgəndərov səhnə əsərində rol alan Həsənağa Turabovun oyununu bəyənir. Tamaşa başa çatdıqdan sonra onu yanına çağırıb deyir: “Sən çox istedadlı aktyor olacaqsan, ancaq komik rollar yox, dramatik rollar yaratmalısan”.

Bu məsləhət gənc, həvəskar aktyorun bütün gələcəyini dəyişməyə bəs edir. Bütün yaradıcılığı boyunca, demək olar ki, ancaq dramatik obrazlar yaradır.

1960-cı ildə ali təhsilini başa vuran Həsən Turabov elə həmin ildən Dram Teatrında aktyor kimi fəaliyyətə başlayır, ömrünün sonuna qədər bu teatrda çalışır. 1987-2001-ci illərdə teatrın direktoru, bədii rəhbəri vəzifələrində işləyir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilir, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulur. Azərbaycan teatrının ən köklü qurumu kimi öz parlaq dövrünü yaşayır.

O, Dram Teatrının yeganə seçkili direktoru olub. Direktorluğa iki namizəd varmış: Həsənağa Turabov, Məlik Dadaşov. Teatrdaxili seçkinin nəticəsində Turabov direktor seçilir.

Həmkarları fikirləşirlər ki, bu addım əslində, Həsənağa Turabovun ziyanına olub. Çünki artıq yaradıcılığa kifayət qədər vaxt ayıra bilmir, teatrın inzibati işlərinə başı qarışırdı. Üstəlik, teatr kimi bir qurumu idarə etmək asan deyildi. Ümumiyyətlə, yaradıcı insanlarla iş istənilən yerdə çətindir. Bu da aktyorun səhhətinə mənfi təsir edirdi.

Nəhayət, Turabov teatrdan gedir və gününün çox hissəsini Teatr Xadimləri İttifaqında keçirir.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubuyla seçilən aktyor, Azərbaycan və dünya dramaturqlarının əsərlərində bir qayda olaraq baş rolları ifa edir. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov kimi görkəmli sənətkarlarla tərəf-müqabil olaraq fəaliyyətini davam etdirir.

Səhnədə yaratdığı rollar arasında “Kəndçi qızı”nda Vahid, “Yaxşı adam”da Azər, “Hamlet”də Hamlet, “Orman qızı”nda Lionel, “Ölülər”də  Kefli İsgəndər, “Xəyyam”da Xəyyam obrazları xüsusilə yaddaqalandır. Subyektiv olaraqsa ən parlaq rolunu Kefli İsgəndər hesab etmək olar.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, televiziya tamaşalarında öz ustalığını ortaya qoyub. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazını aktyorun kino yaradıcılığının ən parlaq səhifəsi kimi qiymətləndirmək yanlış olmaz. Bu barədə aktyorla söhbət aparanlarasa çox təvazökarcasına belə cavab verirdi: “Bu rejissorun seçimidir, mən yalnız onun dediklərini etmişəm”.

Əslində eləydimi? Əlbəttə, yox. Görkəmli aktyor ən xırda obrazdan tutmuş, baş qəhrəmana qədər bütün rollarına eyni məsuliyyətlə yanaşır, onun ruhunu hiss edir, can qoyurdu. Bütün rollarına öz improvizasiyasını, pozitivizmini qatırdı. Etiraz edən rejissorlarısa ən doğrusunu etdiyinə inandıra bilirdi. Çünki hər obrazı yaşatmağı, bu hissi tamaşa edənlərə də ötürməyi bacarırdı.

“Yeddi oğul istərəm”də Kələntər obrazını canlandıran İsmayıl Osmanlı rolu o qədər inandırıcı oynayır ki, nümayişdən sonra hər yerdə qınaq obyektinə çevrilir. Aktyor yoldaşının çətin vəziyyətdə olduğunu görən Həsənağa Turabov çıxış hazırlayır. Tamaşaçılara bunun sadəcə film olduğunu izah edir. Beləcə, İsmayıl Osmanlı rahat nəfəs ala bilir.

Qızı Sevinc Turabova deyir ki, atası Gəray bəy obrazı ilə ilk növbədə özünü ifadə edib: “Atam Gəray bəy obrazıyla öz həyatını yaşayıb. Elə bil, Gəray bəy özüdür ki, var. Xasiyyəti eyniydi. Mərd, qürurluydu. Heç kimə baş əyməzdi, sözündən heç vaxt dönməzdi. Gəray bəy mənfi obraz olsa da, kişilik rəmzi kimi tanındı. Hər yerdə onu Gəray bəy çağırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, məni də Gəray bəyin qızı Humay adlandırırdılar”.

Digər yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin obrazıdır. Qəribədir ki, Afşin Gəray bəy kimi mənfi obraz olsa da, Həsənağa Turabovun müsbət xarakteri qarşısında “duruş gətirə” bilmir, izlərkən tamaşaçılarda müəyyən müsbət çalarlar doğurur.

H.Turabovun “Axırıncı aşırım”, “Çarvadarların izi ilə”, “Ürək... Ürək...”, “Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da ifa tərzilə seçilir.

Həm rejissor, həm də baş rol ifaçısı olduğu “Qanlı zəmi” filmində çəkiləndə bəziləri etiraz edib ki, bu obraz üçün Həsən Turabov çox yaşlıdır. Filmin digər rejissoru olan Əbdül Mahmudov bu məsələyə belə aydınlıq gətirib: “Bəzi ağzıgöyçəklər çox söz danışdı. Amma Qaçaq Nəbi də cavan oğlan olmayıb. Filmin çəkilməsində Həsənin böyük rolu olub. Həmin vaxt Adil İsgəndərovu kinostudiyadakı işindən çıxarmışdılar. Tələbəsi olduğum üçün mənə də film çəkməyə icazə vermirdilər. Həsən o vaxt kino işlərinə nəzarət edən mötəbər şəxslərin yanına gedib icazə aldı”.

Dostlarının sözlərinə görə, Həsənağa Turabov şahmat oynamağı çox sevər, uduzanda da özünü elə aparardı ki, guya uduzan o yox, rəqibidir. Başqa qəribəliyisə siqaretlə bağlıydı. Hər gün iki qutu siqaret alır, bir qullab alıb tullayır, niyəsini soruşandasa siqaretin onu darıxdırdığını deyirmiş...

Turabovun əsas xoşbəxtliyi şəxsiyyət kimi bütövlüyündə, bu bütövlüyün yaradıcılığına da sirayət etməsindəydi. Rolları arasında ayrı-seçkilik qoymur, hər birini ən kiçik xırdalığına qədər canlandırmağa, həyatilik qazandırmağa çalışırdı. Ona görə də onun obrazları film lentində, teatr səhnəsində qalmırdı. Ayaq açıb küçəyə çıxır, əhalinin arasına qarışır, yaşayırdılar.

Aktyor cəmi 64 il yaşayıb. Bu 64 ildə Azərbaycan kinosuna, teatrına əlindən gələn qədər xidmət etməyə çalışıb. Parlaq obrazlarla Azərbaycan tamaşaçısının yaddaşına hopub, Azərbaycan incəsənət tarixinə adını qızıl hərflərlə yazmağı bacarıb. Amma yenə də bütün sənət arzularını həyata keçirə bilməyib, canlandırmaq istədiyi obrazları yarım qalıb.

Ömrünün son illərində Ağa Məhəmməd Şah Qacar rolunu oynamaq istəsə də, əcəl imkan verməyib. 10 il sonrasa - 2013-cü ildə Dram Teatrında 75 illik yubileyi keçiriləndə sənətkarın bu arzusunu nəzərə alıb “Qacar” tamaşasını onun yubileyinə həsr ediblər. Baş roldasa daha bir görkəmli sənətkarımız - Fuad Poladov...

Son çəkildiyi filmlərsə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun “Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu dünya...” filmləri olmuşdu.

Həsənağa Turabovun xəstəliyi və ölümü haqqında bir neçə versiya var. Ən yayğınısa oğlunun həlak olmasına dözməməsidir.

Yaxınları deyirlər ki, onu böyük oğlu Daşqının dərdi öldürüb. Daşqın Siyəzəndə cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyib.

1997-ci ilin martında tutmaq istədikləri, narkotik təsiri altında olan cinayətkar avtomatla atəş açır. 6 güllə yarası alan Daşqın xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilmirlər. Atəş açan şəxs kimi öldürdüyünü biləndən sonra etiraf edir ki, qarşısındakının kim olduğunu bilsəydi, heç vaxt atəş açmazdı.

O vaxta qədər sağlamlığından şikayət etməyən sənətkarın səhhəti bu hadisədən sonra pisləşməyə başlayır. Həkimlər məsləhət görürlər ki, tezliklə əməliyyat olunmalıdır. Amma heç kəs əməliyyatı boynuna götürmək istəmir, deyirlər ki, ürəyi çox zəifdir, sağ qalma şansı azdır. H.Turabov İrana aparılır. Dilindən yazılı iltizam alınandan sonra əməliyyat olunur. Həkimlər bundan sonra 10 il də yaşayacağını desələr də, heç 4 il yaşamır. 2003-cü ilin fevralın 23-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Kino və teatr sənətimizdəki Turabov fenomeninin isə ömrü əbədididr.

 





03.11.2018    çap et  çap et