525.Az

Sofiyada beynəlxalq uşaq müsabiqəsinin qalibləri mükafatlandırıldılar - Foto


 

Sofiyada beynəlxalq uşaq müsabiqəsinin qalibləri mükafatlandırıldılar - <b style="color:red">Foto</b>

Sofiyada “Nağıl dünyası” rəsm atelyesinin müxtəlif ölkələrdə keçirilmiş müsabiqələrdə qalib gəlmiş gənc rəssamlarının mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən 525.az-a verilən məlumata görə, mərasim çərçivəsində qaliblərin əsərlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə 5-16 yaş arası uşaqların 70-dək əsəri yer alıb.

Atelyenin gənc rəssamları Azərbaycan, Yaponiya, Rumıniya, Çexiya, həmçinin Bolqarıstanda keçirilmiş beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara layiq görülüblər.

Mərasimdə Azərbaycan və Çexiyanın Bolqarıstandakı səfirləri iştirak ediblər.

Tədbirdə səfir Nərgiz Qurbanova bütün qalibləri, xüsusilə 2017-ci ildə Bakıda keçirilmiş “Dostluğun sehri” II beynəlxalq uşaq rəsm müsabiqəsinin qaliblərini təbrik edərək, gənc istedadlara yeni yaradıcılıq nailiyyətləri arzulayıb. O, Bolqarıstanın gənc rəssamlarının Azərbaycanda keçirilən “Dostluğun sehri” II beynəlxalq uşaq rəsm müsabiqəsinə böyük maraq göstərdiyini və davamlı olaraq bu müsabiqədə iştirak etdiyini məmnunluqla vurğulayıb. Səfir 40-dan çox kiçik bolqar rəssamın cari ildə də keçirilən müsabiqədə iştirak etdiyinə diqqət çəkərək bu rəqəmin müsabiqəyə artan marağın göstəricisi olmaqla yanaşı, həm də Bolqarıstan incəsənətinin Azərbaycanda təbliği baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.

N.Qurbanova tədbir iştirakçılarına Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopolda keçirilən “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində baş tutan plenerdə Azərbaycandan da olan rəssamların – Bəhruz Kəngərli və Bəhram Xəlilovun iştirakı, onların əsərlərinin festival çərçivəsində təşkil olunan sərgidə nümayiş edilməsi və böyük rəğbətlə qarşılanması barədə məlumat verib.

Səfir mədəni sahədə bu cür tədbirlərin keçirilməsi və qarşılıqlı olaraq belə tədbirlərdə iştirakın ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərinləşməsinə əlavə töhfə verməklə əməkdaşlığın güclənməsinə şərait yaratdığını nəzərə çatdırıb.

Sonda diplomat “Dostluğun sehri” II beynəlxalq uşaq rəsm müsabiqəsinin qaliblərinə diplom və medalları təqdim edib. Sözügedən müsabiqədə Bolqarıstandan 4 uşaq müxtəlif yerlərə layiq görülüb və diplomlarla təltif olunub.




 





06.11.2018    çap et  çap et