525.Az

ADPU-nun Ağcabədi filialında yubiley tədbiri keçirildi


 

ADPU-nun Ağcabədi filialında yubiley tədbiri keçirildi <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialında tanınmış alim, adıçəkilən filialın kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Allahverdiyevin 60 illik yubileyi geniş qeyd olunub.

Tədbirə filialın müəllim və tələbələri, Ağcabədi rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, mədəniyyət işçiləri, ziyalılar, yazarlar, alimin tələbə dostları, ailə üzvləri, media mənsubları qatılıblar.

Tədbiri giriş sözü ilə açan ADPU Ağcabədi filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Fərzəliyeva  çalışdığı kollektivdə xüsusi xidmətləri olan dəyərli alim, nüfuzlu pedaqoq Vaqif Allahverdiyevi yubiley münasibəti ilə təbrik edib, ona həyatda və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayıb. Yubiley tədbirinin əyalətdə fəaliyyət göstərən ali təhsil müəssisəsində, Qarabağda keçirilməsinin önəmli əhəmiyyət kəsb etdiyini vurğulayan M.Fərzəliyeva belə tədbirlərin bundan sonra filialda ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.

Filialın baş müəllimi Sevinc Məhərəmova yubilyarın keçdiyi mənalı həyat yolu, səmərəli elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə ADPU Ağcabədi filialının dosentləri Məhəmməd Hüseynov, Əlizadə Nəcəfov, Tahir Hüseynov, Mahir Səlimov, respublikanın əməkdar jurnalisti Ziyəddin Sultanov, yerli şairlər, Gileyli Bəylər, Tofiq Zeynal, tədqiqatçı-yazar Süleyman Kəbirli, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, "Aran" qəzetinin redaktoru Şirxan Hüseynov, alimin tələbə dostu Ramiz Aslanov, Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov, rayon icra hakimiyyətinin məsul işçisi Təyyar Hacıyev və başqaları çıxış edərək Vaqif Allahverdiyevə yubiley təbriklərini çatdırıb, onun elmi yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndirib, alim haqqında səmimi ürək sözlərini, xatirələrini bölüşüblər.

Tədbir iştirakçılarına filialın baş müəllimi Qərənfil Rzayevanın aparıcılığı ilə tələbələrin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinin birgə hazırladıqları maraqlı ədəbi-bədii kompozisiya təqdim olunub. Onların ifasında səsləndirən muğam və mahnılar, şeirlər zalda böyük ruh yüksəkliyi, coşğunluq yaradıb, hər kəsə xoş ovqat bəxş edib. Sonda Vaqif Allahverdiyev söz alaraq, yubiley tədbirinin təşkilatçılarına, filialın direktoru Mətanət xanım Fərzəliyevaya, ünvanına dedikləri xoş sözlərə görə çıxış edənlərin hər birinə öz təşəkkürünü və minnətdarlığını bibildirib.

Yəhya PAŞAZADƏ

 





07.11.2018    çap et  çap et