525.Az

Ana dilimiz - milli kimliyimizin ali göstəricisi


 

Ana dilimiz - <b style="color:red">milli kimliyimizin ali göstəricisi</b>

Dil hər bir millətin malik olduğu ən mühüm mənəvi sərvətdir. Dilimiz milli varlığımızın əsas əlaməti, bu dildən rəsmi şəkildə istifadə imkanı isə  Konstitusiyamızda təsbit edilmiş başlıca hüquqlarımızdan biridir.

Azərbaycan Respublikasının vətəndaşları olaraq, biz hüquqlarımızdan yararlandığımız kimi, vəzifələrimizi də bilməli, onları layiqincə icra etməliyik. Fikrimizcə, ana dilimizin saflığının qorunması bu dildə danışan hər bir vətəndaş üçün mənəvi borc, milli heysiyyətindən, keçmiş və gələcək nəsillər qarşısında daşıdığı məsuliyyətdən irəli gələn daxili ehtiyac olmalıdır. Dilimiz lüğət ehtiyatı, qrammatik strukturu, ifadə planının zənginliyi baxımından mükəmməl olsa da, onun tətbiqi və təkmilləşdirilməsi ilə bağlı bəzi nöqsanların mövcudluğunu da etiraf etməliyik. Ədəbi dil normalarının pozulması, onlara yetərincə dəqiq əməl edilməməsi bu sahədəki problemlərin hüquqi müstəviyə çıxarılması zərurətini doğurur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da bu ehtiyacdan yaranmış və bu sahədəki boşluğu doldurmaq üçün mühüm əhəmiyyət daşıyan sənəddir. Ana dilinə dövlət qayğısının artırılmasını nəzərdə tutan, dilçiliklə bağlı həm elmi, həm də tətbiqi araşdırmaların inkişaf etdirilməsi üçün əlverişli şərait yaradan bu fərman əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müqəddəs işin uğurlu davamı və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahədəki ardıcıl fəaliyyətinin növbəti mərhələsidir. Fərmanda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin təsis edilməsi və yeni yaradılacaq qurumun Azərbaycan dilinin tətbiqinə nəzarəti, kütləvi informasiya vasitələrində, internet resurslarda və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcəyi nəzərdə tutulur.

Fərmanda da əksini tapan əsas istiqamətin məhz KİV-lərlə bağlılığı ondan irəli gəlir ki, bu vasitələr ədəbi dilin inkişafında və cilalanmasında əvəzsiz rol oynayır, dil və nitq mədəniyyətində mühüm yer tutur. Funksional üslubların təkmilləşməsi, mövcud dil və nitq normativlərinin dəqiqləşməsi işində KİV-lərin rolu danılmaz və əvəzedilməzdir. KİV dili yalnız kommunikativ və informativ funksiya daşımır, həm də geniş xalq kütlələrinin ədəbi dili praktik şəkildə mənimsəməsi işinə xidmət edir. Ədəbi dilin normalarının qorunması və nitqdə tətbiq edilməsi ilə bağlı maarifləndirmə, təbliğat və təşviqat vəzifəsi KİV-lərin üzərinə, ən çox da onun audiovizual təzahürü olan televiziya üzərinə düşür. Bu baxımdan, istər mətbuat, istərsə də teleradio nümunəvi nitq tribunası olmalı, bütün səviyyələrdə ədəbi dil normalarının ifadəsinin tənzimləyicisi funksiyasını öz üzərinə götürməlidir. Təəssüf doğuran haldır ki, bu gün mətbu orqanların səhifələrində, elektron media saytlarında və teleradio məkanında dilimizin tətbiqi  sahəsində özünü göstərən bir sıra nöqsanlar, ədəbi dil normalarının pozulması faktları bu missiyanın həyata keçirilməsinə ciddi xələl gətirir. Bir sıra hallarda saya danışıq dili ilə ədəbi dilin şifahi formasının eyniləşdirilməsi dialektizmlərin, loru sözlərin və bəsit ifadələrin, jarqon elementlərinin KİV dilinə yol açması ilə nəticələnir. Bu bir həqiqətdir ki, hər bir dilin gözəlliyi və orijinallığı onun xalq dilinə, ana dilinin köklərinə olan bağlılığındadır. Lakin bu əvəzsiz xəzinədən məhdud dairədə işlənən və anlaşılan sözləri seçib çoxmilyonlu auditoriyaya müraciətlə işlətmək dilin kütləvi ünsiyyət vasitəsi rolunu oynamasına mane olan, kommunikasiya aktında ləngimələrə və boşluqlara yol açan zərərli tendensiya olaraq qiymətləndirilməlidir. Bu günün reallığı qloballaşan dünyaya  inteqrasiya prosesində internet mediasının, audiovizual və kütləvi informasiya vasitələrinin aparıcı rolunu təsdiq edir. Bu şəraitdə regional xüsusiyyətlərin qəzet və jurnal səhifələrinə, televiziya dilinə gətirilməsi KİV dilinin estetikasına mənfi təsirini göstərməklə yanaşı, onun ictimai funksiyasını və fəaliyyət dairəsini də məhdudlaşdırır.

Yad ünsürlərin yersiz şəkildə dilə müdaxilə etməsi ədəbi dilimizin saflığını  və milli özünəməxsusluğunu təhlükə altına qoyan məqamlardandır. Bu ünsürlər müxtəlif dil səviyyələri üzrə - fonetik səviyyədə Azərbaycan dilində qarşılığı olmayan fonetik əlamətlərin, dilimizin fonoloji sisteminə xas olmayan səslərin və artikulyasiya xüsusiyyətlərinin işlədilməsi, qrammatik səviyyədə qrammatik quruluşumuza uyğun olmayan morfem və sintaktik konstruksiyalardan istifadə şəklində təzahür edir. Söz seçiminə olan etinasızlıq ədəbi dilin başlıca meyarı olan seçmə və əvəzetmə prinsipinin pozulması ilə nəticələnir. Sözün yerində işlədilməməsi (məna uyarsızlığı), varvarizmlərdən istifadə üzündən leksik normanın pozulması da tez-tez təsadüf edilən hallardandır. Reklam lövhələrində, mühüm ticarət mərkəzlərinin, iaşə obyektlərinin, əyləncə məkanlarının xarici dillərdə olan adlarının yazıldığı lövhələrdə ədəbi dil normalarına və ümumən Azərbaycan dilinin tələblərinə riayət olunmaması acınacaqlı vəziyyətdir və yolverilməzdir.

Jurnalistin, müxbirin, aparıcının, diktorun və b. intellektual səviyyəsi, ümumi dünyagörüşü, fərdi peşəkarlıq xüsusiyyətləri də onun nitq mədəniyyətinə güclü təsir göstərən faktorlardandır. Məqsədəmüvafiq dil vasitələrinin seçilib tətbiq olunması KİV nümayəndələrinin nitqi üçün vacib tələblər olmalıdır. Halbuki müşahidələr KİV dilində sözçülük, fikir və söz təkrarları, sözlərin kontekstə uyğun işlədilməməsi, yersiz məcazlar, söz oyunu, xarici dillərdən mexaniki tərcümə və s. faktlarının yayğınlığını göstərir. Standart və şablon ifadələrə, basmaqəlib cümlələrə meyil qeyri-peşəkarlığın ifadəsi olub, jurnalistlərin və aparıcıların nitqini orijinallıqdan uzaqlaşdırır. Bəzən "fərdi üslub" yaratmaq naminə edilən ibarəpərdazlıq, yersiz məcazlar, söz oyunu, dolaşıq cümlələr, mürəkkəb konstruksiyalar dili ağırlaşdırır və yorucu edir.

Ədəbi dilin saflığının qorunmasının şərtlərindən biri də dil daşıyıcısının yazacağı, yaxud danışacağı mövzuya hakim olmasıdır. Mövzunu dərindən bilən şəxs (jurnalist, aparıcı, yaxud da adi vətəndaş) söz seçimində sərbəst, mühakimələrində məntiqli olur, verilişin, məqalənin, söhbətin istiqamətinə uyğun üslubi vasitələrdən yararlanır. Əks halda, məna tutumu zəif, çeynənmiş ifadələrin işlədilməsi qaçılmaz olur. Halbuki jurnalist istedadının birinci göstəricisi fikirlər üçün meydanın geniş, sözlər üçün dar olmasıdır. Bu xüsusiyyət yoxdursa, üslub baxımından qüsurlu, məzmunca bəsit cümlələrlə media səhifələri və efir vaxtı doldurulur, təqdim olunan materialın informativ yükü zəifləyir, emotiv funksiyasına xələl gəlir.

Bu tipli nöqsanların aradan qaldırılması, Azərbaycan media, teleradio və internet məkanında ədəbi dilin qorunması və inkişaf etdirilməsi, telekanallarımızda keyfiyyətli verilişlərin, mətbuatımızda oxunaqlı qəzetlərin sayının artması, təkmil şifahi və yazılı nitq vərdişlərinə, yüksək professionallığa malik jurnalist və aparıcıların çoxalması üçün mütəxəssis seçiminə daha diqqətlə yanaşılması, fəaliyyət göstərən kadrlar üçün mütəmadi olaraq nitq mədəniyyəti ilə bağlı xüsusi seminarların, nəzəri-praktik treninqlərin keçirilməsi, ixtisasartırma kurslarının təşkil edilməsi, fikrimizcə, müsbət nəticələr verə bilər. Dövlət idarələrində, rəsmi instansiyalarda, ictimai mühitdə dilimizin tətbiqi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə dövlət qulluğuna qəbul zaman dil biliklərinə verilən tələblərin yüksəldilməsi, dövlət qulluqçularının dil biliyi səviyyələrinə uyğun şəkildə sertifikatlaşdırılması (peşəkarlıq səviyyəsini göstərən müvafiq kateqoriyaların verilməsi və əməkhaqqının hesablanması zamanı sertifikatlaşdırmanın nəticələri nəzərə alınmaqla), yol verilən  norma pozuntusu hallarına görə reklam daşıyıcılarının cərimələnməsi mexanizminin təkmilləşdirilməsi və sərtləşdirilməsi kimi addımlar ədəbi dil normalarının mənimsənilməsi və dilimizin tətbiqi işinin təkmilləşdirilməsi baxımından faydalı ola bilər. Digər tərəfdən, ədəbi dilin saflığının qorunması hər bir şüurlu vətəndaşın şərəf işi olmalıdır. Gəlin şərəfimizi  - dilimizi qoruyaq!           

Elçin MƏMMƏDOV
BDU-nun Filologiya fakültəsinin dekanı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru

Mehriban ƏLİZADƏ
BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru, MTRŞ-nin "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi üzrə monitorinq qrupunun üzvü

 





08.11.2018    çap et  çap et