525.Az

İyirmi iki yaxud mən artıq böyümüşəm...


 

İyirmi iki yaxud mən artıq böyümüşəm...<b style="color:red"></b>

Ürəkdəki boşluğu necə izah etmək olarsa, o cür də izah etmək istəyirəm. Sanki şamı söndürdülər, ya da yandırdılar, orasını bilmirəm. Ancaq bir dəyişiklik baş verib. Onsuz da sual şəklində olan çox şeyə cavab tapıram həmişə. Araşdırıb özlüyümdə rahatlamışam. İndi də bəzi şeylərə aydınlıq gətirdim ürəyimdə.

Mən dənizi, onun dalğalarını sevmişəm, sərin gecələrdə o təbiiliyin qoxusunu sevmişəm. Mən səhər günəşinin doğuşunu, bəyaz qarda addım izlərimi sevmişəm. Gecə cırcıramalarının aydın, gecə quşununsa boğuq səsini sevmişəm. Sanki daha bu dünyada yaşamırmışam kimi danışıram. Yenə də bunların mənə aidliyinə o qədər inanıram ki. Mənə aid olanlar ürəkdəki boşluğu doldurmağa kömək edir.

22 avqusta - 22 yaşımın tamamına sayılı günlər qalıb. Nədənsə zaman keçdikcə də ad günüm məni maraqlandırmır. Həyəcanı yox olur getdikcə. Keçən hər il yaranan boşluğa bir daş daha atır. Mən böyüyürəm. Bir zamanlar ad günümə bir neçə gün qalmış, tortda şamları üfürən zaman "hansı arzuları tutacam" - deyə siyahı tutar, onları birnəfəsə deyə bilmək üçün məşq edərdim. Bunu uşaqlıqmı adlandırım, dəlilikmi, bilmirəm. Maraqlı inanclarım var idi. Hamısı da şam üfürmək qədər saf idi. Mən, deyəsən, böyümüşəm. Hər hadisədən bir nəticə çıxarmaq həyat məktəbində yer alır. Azyaşlı uşağın yıxılaraq yeriməyi öyrəndiyi kimi idi mənim nəticələrim. Dizlərim qanayıb həmişə. Sonra eşitdim ki, on dəfə də yıxılsan, qalxmaq məcburiyyətindəsən. Sən güclüsən, çünki sən insansan. Bəzən çatacağın ünvan deyil, gedəcəyin yol da önəmlidir, hətta çox önəmlidir. İnsanam mən, məsuliyyətlərim var. Axı dəniz də dalğaları sahilə çatdırır. Hər gün yorulmadan bu işi təkrarlayır. Sonra müşahidə etmişəm ətrafımı. Anamla atamın münasibəti səhər havası qədər təsiredici idi mənə. Bu iki insanın səs-küysüz bir-birini dəstəkləməsi yanaşı ucalan iki dağ kimi gücün simvoludur mənim üçün.

Beləliklə, həyatım saysız-hesabsız həyatlar kimi necə olmalıdırsa, eləcə də davam edir. Mənə elə gəlir ki, dünyanın mərkəzi insanın özündən başlayır. Dünyaya açılan gözlərimlə, məncə, dünya mənim başımda fırlanır. Harada şüur varsa, orada Allahın izi var. Mən və mənim kimilər də bir iz qoymağa gəlir dünyaya. Məsuliyyətlərimi saymaqla qurtara bilmərəm. Beləliklə, həyat bizi yormağa davam edir.

Söylü AĞAZADƏ
Neftçala

 





08.11.2018    çap et  çap et