525.Az

Mədəniyyət idarələrinin fəaliyyəti müzakirə olundu


 

Mədəniyyət idarələrinin fəaliyyəti müzakirə olundu <b style="color:red"></b>

Noyabrın 7-də Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin rəisləri iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən Rafiq Bayramov nazirlikdə 2018-ci ildə aparılan islahatlardan danışıb. Vurğulayıb ki, həyata keçirilən islahatlar həm Bakıda, həm də regionlarda mədəniyyət sahəsinin inkişafına yönəlib.

Nazir müavini qeyd edib ki, ötən müddətdə görülən işlərlə yerində tanış olmaq üçün regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli bölgələrə ezam olunub: "Bugünkü müşavirənin də əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq istiqamətində atılan addımların müzakirəsidir. Təşkil olunan ezamiyyətin məqsədi regionlarda həyata keçirilən işlərlə yerində tanış olmaq, xüsusilə dövlət qulluqçularının iş qabiliyyətinin vəziyyətini öyrənmək idi. Son bir neçə ildə nazirlik sistemində həyata keçirilən dəyişikliklərdən sonra mədəniyyət sahəsinə diqqət daha da artırılıb. Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdən ibarətdir".

Rafiq Bayramov diqqətə çatdırıb ki, ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və səmərəli şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi daha da genişləndirilir.

Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli qeyd edib ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması, regionların mədəni həyatının müasir inkişaf səviyyəsinə uyğun qurulması istiqamətində addımlar davam etdirilir: "Regionlarda mədəniyyət sahəsinin inkişaf etdirilməsi Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə, mədəniyyət müəssisələrinin cəlbedici fəaliyyətinin təmin olunması, regional idarələrin beynəlxalq əlaqələrinin qurulması, informasiya texnologiyalarından istifadənin daha da artırılması, ödənişli xidmətlərin təşkili həyata keçirilməlidir. Ötən müddət ərzində bu istiqamətdə bir sıra addımlar atılıb".

Vurğulanıb ki, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrlarla təminat məsələsi diqqət mərkəzində saxlanılır.

Sonda nazir müavini Rafiq Bayramov regionlarda mədəniyyət sahəsinin inkişafı, keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

 





08.11.2018    çap et  çap et