525.Az

Don Kixano... - Pərvin yazır


 

Don Kixano... - <b style="color:red">Pərvin yazır </b>

Elm çox sadə bir tərif verib, bircə sözlə ifadə edib, adını “altruizm” qoyub. Alter - başqaları demək imiş.

Özgələr üçün yaşayan, özünü düşünmədən ömrünü başqaları yolunda fəda edən adamı “altruist” adlandırırlar. Eqoistin antonimidir. Bu izahların nə qədər bəsit olduğunun fərqindəyəm. Elmin termin kimi, nə bilim düstur, formula kimi üç-beş kəlmə ilə ifadə etdiyindən sənət ölməz bir əsər yaradır və bu əsər yüz-yüz illər boyu insana, insanlığa təsir göstərir. Görünür, sənətin gücü məhz bundandı;  dünyanı öz dilində, öz üsulları ilə öyrətməkdə! Bunun üçün nə tələb olunur? Peşəkarlıq, istedad, zəhmət, dünya duyumu və müşahidə qabiliyyəti, bütün bunlar aydındır... Amma başqa səbəb də var məncə: hikkə! “Sizə göstərərəm” - düşüncəsi, “Mən elə mənəm!” - bəyanatı... Dərinə gedəndə bəlkə heç kiməsə nə isə sübut etməyə ehtiyac da yoxdur. Sadəcə özünü anlamaq, bildiyini, bacardığını özünə nümayiş etdirmək, bir də boşuna yaşamadığına inanmaq üçündür hər şey.

Migel de Servantesin özünü, istedadını sübut etmək istədiyi “başqaları” çox idi. Nə qədər paradoksal səslənsə də, gücünü rəqiblərinə göstərmək üçün “altruizm” simvoluna çevrilən qəhrəman yaratdı... Əfsanəvi Don Kixotu dünyaya bəxş etdi!

Uşaqlığından çətin və məhrumiyyətlərlə dolu həyat yaşayan, maddi problemləri mənəviyə, fiziki ağrıları ruh əzablarına qatan Servantesin yazmaqdan savayı yolu yox idi. Düzdü, hərbidə qulluq edirdi, ailəni çətinliklə də olsa dolandırırdı, hələ arabir sənədləşmələrdə etdiyi səhvlər ucbatından həbsə də düşürdü. Amma bununla belə bir-birinin ardınca uğursuz pyeslər yazır, yaxud yumşaq desək, “Qalateya” kimi şöhrət gətirməyən əsərlər ortaya qoyurdu. Onu belletrist hesab edən, hətta qrafoman adlandıranlar da tapılırdı. Bu da azmış kimi, Migelin sağalmaz ruh böhranları yaşadığı zamanda müasiri və həmyerlisi Lope de Veqa bir-birinin ardınca uğur qazanırdı. Özü də zahirən çox sadə, asan yolla: teatrda pivə çəlləyinin üstündə oturub bir yandan içir, bir yandan yazırdı, elə ordaca, məşq gedə-gedə qəhrəmanların dialoqlarını dəyişir, hətta yeni personajlar daxil edirdi əsərə. Lope de Veqa təxminən 1800 səhnə əsəri yazmışdı ömrü boyu, bunlardan 80-i klassik pyes kimi qəbul edilmişdi və müəllifinə şöhrət gətirmişdi.

Beləliklə, ardıcıl uğursuzluqlar, həmkarın kinayəsi, oxucunun etinasızlığı, şəxsi həyatdakı ürək açmayan mənzərə, hələ üstəgəl, “azadlığın məhdudlaşdırılması”, bütün bunlar hikkələndirdi Migel de Servantesi, dedi ki - mən sizə göstərərəm və özünə qədərki üslub və mövzuları darmadağın etmək qərarı verdi! Və nə qəribə, dünyanın ən kədərli hekayəsini, ən yumşaq adamını, sağalmaz altruistin yaratdı: Lamançlı Don Kixotu!

OXUCU... CƏNGAVƏR, YOXSA?

Migel de Servantesin qəhrəmanı sadə dillə desək, oxumaqdan ağlını itirib. Adi, gündəlik həyatda kifayət qədər səviyyəli bir adam olan Don Kixano yüzdən çox roman oxuyandan sonra cəngavərlik eşqinə düşüb. Daha doğrusu, düşünür ki, dünyanı, məzlumları, köməksizləri xilas etmək onun missiyasıdır. Əslində, “Don Kixot” ilk postmodernist əsərdir, çünki klassik cəngavər romanlarına ironiya olaraq yazılıb. Hətta Bayron belə Servantesi günahlandırırdı, Don Kixotla cəngavərliyə son qoydu - deyirdi. Amma tarix, zaman hər şeyi yerbəyer edir, hətta Don Kixotun yerini, missiyasını belə.

Migel de Servantesin “Lamançlı Don Kixot”u ilə eyni vaxtda dünyaya ikinci bir dahiyanə əsər də gəlmişdi, Vilyam Şekspirin “Hamlet”i... XIX əsr rus ədəbiyyatının klassiklərindən biri, rus cəmiyyətinə Avropa düşüncə tərzi ilə yanaşmağa çalışan Turgenev “Hamlet və Don Kixot” əsərində bu iki qəhrəmanı müqayisə edirdi və məqaləni dönə-dönə oxuyanda qəribə bir rus romantikası gözdən yayınmır. Turgenev deyir ki, Hamlet də Don Kixot da yel dəyirmanını görürlər, Don Kixot heç düşünmədən onu zalım sehrbaz bilib hücuma keçir, əzab çəkir, yaralanır, amma yolundan dönmür, Hamlet isə düşünür, baxır bunun dəyirman, yoxsa zalım olduğunu götür-qoy edir və bir azdan bilinir ki, o, doğrudan da insanlığa ziyan vuran qəddar varlığmış... Bir sözlə, Turgenev Hamleti eqoist, Don Kixotu isə bunun əksi kimi təhlil edir:

“Onda eqoizmin izi də yoxdur, o, öz qayğısına qalmır, təpədən dırnağa özünü fəda edir - bunu dəyərləndirin. O inanır, möhkəm və tərəddüdsüz inanır. Qəlbən sakit və dinc olsa da, ruhən çox böyükdür və cəsarətlidir; dindarlığı onun azadlığını məhdudlaşdırmır; şöhrətpərəstlik ona yaddır, özünə, öz gücünə, missiyasına, hətta fiziki bacarığına şübhəsi yoxdur. İxtiyar onundur... Eyni məqsədə qulluq etmək onun fikirlərini birmənalı, ağlını birtərəfli göstərir; bəli, o, az bilir, axı çox bilmək lazım da deyil, əsas odur ki, dünyada nə üçün yaşadığını yaxşı bilir, ayrı nəyəsə ehtiyac da yoxdur!”

Rus romantikası deyirəm, amma Turgenevin məqaləsindən parçanı çevirdikcə, onu da düşünürəm ki, məgər bu, sadə bir insanlıq resepti deyil? Axı qəribə adam kimi qəbul olunan, yel dəyirmanı ilə vuruşan, hansısa xəyali qadına vurulan, ondan ötrü yaşayan, özündən cəngavər “düzəldən” Don Kixot sadəcə adamlıq etməyə çalışır. Və elə onu “baş-ayaq” göstərən də budur. Təəssüf ki, hələ XVI əsrdən belə imiş... Yəni biz zamanın insanlığı, insanlıq qanunlarını sıradan çıxarmasından gileylənirik, texnikanın ilahi hisslərə qənim kəsildiyini deyirik, amma elə o vaxt da yaxşılıq qəribə görünürmüş adamlara, yoxsa Servantesdən üç əsr sonra Dostoyevski “Don Kixot”u dünya üçün, insan üçün sonuncu bəraət hesab etməzdi:

“Bu ən kədərli kitabı insan qiyamət günü özü ilə götürməyi unutmayacaq. Ordakı dərin və məşum insanlıq sirrini göstərəcək. İnsanın dahiyanə gözəlliyinin, müdrikliyinin, qəlb saflığının, kişiliyinin, nəhayət, böyük ağlının - çox vaxt (təəssüf ki!) heç nəyə çevrilməsini, insanlığa faydasız keçib getməsini, hətta gülüş hədəfi olmasını göstərəcək. Bəli, bu yalnız ona görə belədir ki, zəngin istedad bəxş edilmiş insanın həyatında Dahi çatışmır, bütün bunları yönləndirən, düzgün yoluna qoyan, bu gücü insanlığın faydası üçün istifadə edən Dahi...”

O qədər qəliz və dərindir ki, Dostoyevskinin bu ideyası. Bəsit şəkildə izah etsək, belədir; insan qiyamət günündə, sorğu-sual qarşısında olanda bu kitabı göstərib soruşacaq, sual verənlə cavab verənin yeri dəyişəcək və o, böyük yaradanla, Dostoyevskinin dediyi Dahi ilə haqq-hesab çürüdüləcək... Yaxşılığından qalma, özün üçün yaşama, pislikdən uzaq qaç, sev, həris olma, yalnız özünü düşünmə deyirsən və bunlara əməl  edən adama hamının gülməsinə yol verirsən! NİYƏ?

Məncə, bu suala heç kəsin cavabı yoxdur, heç Servantesin də... Dünyada Bibliyadan sonra ən çox tərcümə və çap olunan əsər  - “Lamançlı Don Kixot” bircə cavab verir: Özün ol! Ədalətsizlik görsən də, yıxılsan da, əzilsən də, dar ağacından asılsan da, çarmıxa çəkilsən də, özün ol!



DON KİXOT! SANÇO! VƏ BƏHRAM OSMANOV!

Bəhram Osmanov məşq edir... Servantesin romanı əsasında özünün səhnələşdirdiyi “Don Kixot” tamaşasını qurur. Bir yandan dekorlar düzülür, o biri tərəfdən aktyorlar yeni vəziyyətə alışmağa, yaratdıqları obrazın xarakterini anlamağa, ifadə etməyə çalışırlar... Nəfəs çəkmədən baxıram və sənətin qəliz, hətta dözülməz tərəflərini düşünürəm. Xəstəsən, ağrıyırsan, əsəbisən, yorğunsan, həvəssizsən - dəxli yoxdur, bu səhnə, bu da sən... Sənət boşluqları bağışlamır, səhnə heç nəyi başa düşmək istəmir, tamaşaçıya şəxsi problemlərin maraqlı da deyil... Və bütün bunları nəzərə almaq, hər havada, hər ovqatda, hər halda səhnəyə çıxmaq özü də bir az Don Kixotluqdur. Bəli, zamanla Don Kixot təşbehə, təyinə çevrilib. Daha çox fədakar adamı ifadə edir. Bu da gerçək sənətlə yaşayan hər adama aid edilə bilər. Axı Don Kixot özü də mahiyyət etibariylə yazıçı idi, öz romanını yazırdı, daha doğrusu, yaşayırdı. Bu mənada Lamançlı Don Kixotun, Don Kixanonun romanı hələ də yazılır. Və elə bu tamaşa da həm romanın səhnədə uğurlu həlli, həm də Don Kixot taleyinin davamı kimi qavranır.  Xalq artisti Qurban İsmayılovun Don Kixotu, əməkdar artist Şövqi Hüseynovun Sanço Pansası, Bəhram Osmanovun rejissor işi - qəribə bir üçbucaq yaranır, yeni bir Don Kixot təqdim olunur tamaşaçıya. Axı əslində, elə Servantesin də ideyasına görə Sanço Don Kixotun “məişət” tərəfidir, onları bir-birindən ayırmaq mümkün də deyil.

Bəhram müəllim həmişəki kimi minimalizə olunmuş dekorasiya ilə, şərtiliklə deyir hər şeyi. Mərhəmətin, səxavətin, insanlığın ölməməsini sübut etməyə çalışır. Qurban İsmayılov bircə hərəkətlə xarakter, ovqat yaratmaq məharətini bu tamaşada da göstərir. Hələ məşq zamanı Don Kixotun qəfəsə salınması məqamında bu bircə hərəkətin nə qədər dərin təəssürat yaratdığının şahidi oluram. Qurban müəllim birdən qollarını geniş açır, başını yana əyir. Vəssalam! Bu da İsa Məsih!

Tamaşaya baxdıqca rejissorun əsas ideyasını, aktyorların çatdırmaq istədiyini məhz bu kontekstdən başa düşürəm. Çarmıxda belə əqidəsindən, sözündən dönməyən, “onları bağışla” deyən İsa ilə yel dəyirmanına hücum edən Don Kixot arasında elə ciddi fərq yoxdur məncə. Və Bəhram Osmanov Don Kixotu evə qaytarmaq üçün hər şeyə hazır olan, kitabları yandıran, yaşlı adamı zəncirləməkdən belə çəkinməyən adamları elə İsanı qamçılayan, döyən vəhşilər kimi göstərir...

“İsa Məsih” filminin müəllifi Mel Gibson müsahibələrində sanki çəkilişlərin hardansa yuxarıdan idarə olunduğunu deyirdi. “Don Kixot” tamaşasının da bu cür mistik tərəfi var. Məsələ burasındadır ki, Migel de Servantesin hərbidə aldığı zərbədən sonra sol qolu işləmirdi, yalnız sağ əli ilə idarə edirdi hər şeyi... Və Qurban İsmayılov da Azərbaycan səhnəsində ilk Don Kixotu birəlli yaratmalı oldu, sol əli gipsdə, sağ əli ilə “oynadı” rolunu... Amma bu məhdudiyyətin özü belə Don Kixotu Azərbaycan tamaşaçısına sevdirməsinə, anlatmasına, Don Kixotun vasitəsiylə insanları yaxşı əməllərə dəvət etməsinə mane olmadı. Bəli, Qurban İsmayılov üçün qəmxar cəngavər, ya da sadə bir pinəçi olmaq çətin deyil, çünki bütün bu adamları içindən keçirməyi, onların durumunu anlamağı və peşəkarlıqla ifadə etməyi bacarır.

Son vaxtlarda ardıcıl tamaşaları ilə sənətsevərləri təsirləndirən, yaxşı mənada təəccübləndirən Şövqi Hüseynov isə yaratdığı Sanço Pansa ilə bir yandan Don Kixota rəhmi gələn, bir tərəfdən ona inanan, amma həm də real həyatla yaşayan adamı göstərir. Doğrusu, bu teatr mövsümü başlayandan Şövqi Hüseynovun kontrabasçısından tutmuş, Məşədi İbadına kimi, Riçardına kimi, canlandırdığı bir neçə qəhrəmanına baxmışam. Ən çox sevindirən odur ki, hər xarakteri özünəməxsus, fərqli yaradır. Amma bununla belə, mənə görə Sanço yeni bir mərtəbədir. Və aktyor Sançonun bir-birinə zidd ovqatlarını, gah qorxusunu, gah təəssüfünü, gah bəsitliyini, gah dərinliyini o qədər dəqiq çatıdırır ki, sadəcə bu cütlüyə ürəyin ağrıyır. Niyyət nədir, fərqi yoxdur; bu adamlar dünyanı xilas etməyə, insanları qəddar Frestondan qorumağa çalışırlar, onların başına gələnlər son dərəcə kədərlidir!

Tragikomediya janrında qurulan tamaşa ictimai mesajlarla doludur. Bu mesajların bəziləri Sançonun dilindən verilir: “Bizi ələ salan adi adamları idi, senyor”. Bəli, heç bir qəddar Frestona, zülmkar sehrbaza ehtiyac yoxdur, bütün qəddarlıqlar və zalımlıqlar insanların içərisindədir. Amma hardasa uzaqda Dülsineya varsa, döyülmək də, söyülmək də, qolu-qanadı sındırılmaq da, əzab çəkmək də olar... Təki Dülsineya Don Kixotun qəhrəmanlıqlarından xəbərsiz qalmasın.

Tamaşada Dülsineya (Mehriban Hüseynova) Don Kixotun qarşısına müxtəlif qadınların simasında çıxır. Gah qulluqçu Aldonsa kimi, gah zadəgan xanımı Altisidora kimi, gah da mehmanxana xidmətçisi kimi... Amma Don Kixota bu real nazəndələr yox, xəyalındakı qadın - Dülsineya lazımdı, o, “qəlbinin qadınını sevir”. Mehriban Hüseynova bu müxtəlif  qadınları fərqli priyomlarla çatdırır, amma məqsəd birdir, Don Kixotun xəyalındakı qadını yerə endirmək... Tamaşa boyu bütün dəhşətlərdən keçəndən sonra belə Don Kixot fikrindən dönmür, yenə qəlbinin qadınını sevir, ona sitayiş edir. Çarmıxda da əqidəsindən dönməyən İsa kimi!!!

Bəli, “bir nəfər hamıya qarşı... hamı bir nəfərə qarşı” ideyasını tamaşanın hər anında, hər dəqiqəsində hiss edirsən! Əməkdar artist Elşən Çarhanlı, aktyorlar Mehriban Hüseynova, Təhminə Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Elnur Hüseynov, Elşən Hacıbabayev, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Rövşən Abbasov, İlham Əsədov, İradə Rəşidova, Gülbəniz Mustafayeva, Elgün Yəhyayev, Bəhram Həsənov, Xaliq Bəkirov və Tahir İsmayılovun yaratdığı adi adamlar bir nəfərə, başqa olan, onlardan olmayan Don Kixota qarşıdır. Və bu aktyorların məharəti, ustalığı sayəsində bu adi söylədiyimiz adamların bəsit həyatını, dayaz düşüncəsini, qəddarlığını açıq-aydın görürük. Bunların, adilərlə qeyri-adinin  arasında qalmış Sanço isə sadəcə gələcək Don Kixotdur... O, “qızıl” dəbilqəni miras almış biridir.

Tamaşanın bəzən yüngül, rahat qavranan komediya, bəzən də ağır, təsirli drama kimi qurulması, polifonik olması, rəqslər, karnaval estetikası ideyaya xidmət edir. Və əgər Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə olunmasaydı, bu ideya yarımçıq qalardı. Axı bir vaxt “Don Kixot” filminin rejissoru Qriqori Kozintsev Qara Qarayevə bu təkrarsız musiqi haqqında məktub yazmışdı: “Dünən bizdə televizorla “Don Kixot”u göstərirdilər. Mən bu yolla öz filmlərimə baxmağı xoşlamıram və ümumiyyətlə, köhnə filmlərimə baxmağı çox da sevmirəm. Ekranda artıq sağ olmayan çoxlu adam. Filmlər bəzi səbəblər üzündən bitməmiş görünür. Lakin bu səfər axıradək otaqdan getmək istəmədim. Səbəbi də ən çox sizin musiqiniz idi. Mən əvvəl də onu xoşlardım. Artıq çox illər keçmişdi, indi o mənə daha gözəl göründü. Siz öz musiqinizdə romanın əsl mahiyyətini qəribə bir güclə və dəqiqliklə duymusuz.Bundan yaxşı heç bir şey düşünmək olmazdı.Yəqin ki, bu, daxilinizdən gələn nə iləsə uyuşub, yoxsa bu cür yaratmaq mümkün olmazdı”.

O qədər dəqiqdir ki: “daxildən gələn nə iləsə uyuşmaq...” Görünür, məhz “daxildən gələnlə uyuşduğu üçün” Bəhram Osmanov da bu mövzuya, həm də Qara Qarayev musiqisinə müraciət edib!!! Və Don Kixotun sondakı sözləri... Dülsineya ona “ölməyin” deyəndə, ölməyi qadağan edəndə, cavabı! İnsanlıq, mərhəmət qalib gələcək - mesajı! Axı doğrudan da Don Kixot ölsə, mərhəmətin qalib gələcəyinə inam qalmasa, dünyanın sonu çatar! Və İNSAN “Lamançlı Don Kixot” romanını  götürüb qiyamət sorğu-sualına gedər!!!



HƏYATIN RƏQSİ...

İohan Hötenin “Faust” romanının qəhrəmanı Mefistofel - “Mən pislik etməyə çalışıram, əksinə yaxşılıq alınır” - deyir. Mənə görə, Don Kixotun vəziyyəti bunun əksidir... O, yaxşılıq etmək istəyir hər zaman, amma alınmır. Elə tamaşanın sonunda da yeganə yaxşılıq edə bildiyi insan - Andres (Ramil Məmmədov) “Bir də heç vaxt mənə yaxşılıq etməyin” - deyəndə məhz bu, aydın olur. Folkner də Don Kixot xarakterini həmin yöndən yozurdu: “Bu, əbədiyaşar, qəmli və komik obrazdır. Don Kixot köməyə ehtiyacı olmayan insanlara yardım etməyə çalışaraq gülünc vəziyyətə düşür. Yardım sevərlik insan qəlbinin ən gözəl xüsusiyyətidir. Ümid edirəm ki, bu xüsusiyyət hər zaman insan qəlbində yaşayacaqdır”.

Bəstəkar Lyüdviq Minkus “Don Kixot” baletində məhz Don Kixotun yaxşılığını, bu yaxşılığın insanlara fayda verməsini göstərməyə çalışıb. Opera və balet teatrında zal dolusu tamaşaçı ilə birgə bayram kimi, karnaval kimi qəribə bir həyəcan yaradan, insanı real dünyadan qoparan baletə tamaşa etdikcə elə bu yaxşılıq və onun bütün zamanlarda itməməsi haqqında düşünürdüm. Ümumiyyətlə, Don Kixot xarakterinin rəqslər, balet vasitəsiylə ifadəsi son dərəcə maraqlıdı... Servantesin romanı əsasında M.Petipanın yazdığı libretto çox sadədir əslində. Kitri və Bazil bir-birlərini sevirlər. Kitrinin atası onların sevgisinə, evliliyinə qarşı çıxır, kiçik bir hiylə ilə kişini yumşaldırlar və Don Kixot hörmətli bir adam kimi atanın cavanlara xeyir-dua verməsini istəyir, onu yola gətirir. Çox bəsit şəkildə təsvir etdiyim bu hekayə səhnədə necə görünür, rəqslərin vasitəsiylə nə cür ifadə olunur, bax bu, əsas məqamdır.

Böyük rus xoreoqrafı, baletmeysteri Yuriy Qriqaroviçin bu haqda dəqiq fikirləri yerinə düşür. O söyləyirdi ki, balet sadəcə həyatdakı rəqsləri göstərmir, o həyatın özünü, hissləri, eşqi, ayrılığı, mərhəməti, əzabı və xoşbəxtliyi rəqslər vasitəsiylə çatdırır. İndi də bu təsirli hekayənin bədən dili ilə ifadəsinə, Minkus musiqisinin sədaları altında necə canlandırılmasına baxdıqca Don Kixotun ölməzliyi haqqında düşünürəm. Kitablar, təhlillər, teatr tamaşası, balet, kino... Görünür, hələ yüz-yüz illər keçsə də, Don Kixot, yaddaşımızda mərhəmətli bir insan kimi qalmış Don Kixano sənəti düşündürəcək və həyatını bu cür davam etdirəcək! 

 





09.11.2018    çap et  çap et