525.Az

Öldürməyən hissin gücü - Türkan Turan


 

Öldürməyən hissin gücü - <b style="color:red">Türkan Turan </b>

Qorxu - “cızzz” ilə başlayır, cızdağımız çıxana qədər davam edir. Bu hiss insanın təməl duyğularındandır. Körpəlikdən başlayıb, son nəfəsimizi verənə qədər canımızdan çıxmır.

O qədər dərin, mütəmadi və intensiv yaşayır, bizi özünə elə kökləyirik ki, əsas hədəfimizdən yayınır, əsl məqsədimizi unuduruq. Ən böyük qorxumuz itirməkdir. İtirməmək üçün hər oyundan çıxırıq; riyakarlıq edirik, yalan danışırıq, şəxsiyyətimizi ikiləşdiririk, maska geyinirik, saxtakarlıqlara əl atırıq. Planlarımızın suya düşməsindən qorxub razılaşırıq, rahatlığımızın pozulmaması üçün boyun əyirik, işimizdən olmamaq üçün bir ovuc torpağa dönürük, vəzifəmizi itirməmək üçün hər gün yüz yol ölüb-dirilirik. İmkanlarımız məhdudlaşar, resurslarımız tükənər deyə, yuxumuz ərşə çəkilir.

İstər fiziki olsun, istər mənəvi - ən böyük itkimiz insandır. Xüsusilə heç vaxt getməyəcəyinə, nə olur-olsun, üz çevirməyəcəyinə əmin olduğumuz adamların ürəyimizdən sürüşüb düşdüyünü görəndə başımıza hava gəlir. Təzadlı hallarımız bu həyəcanın törəməsidir! Tərəddüd duyğusu da eyni hissdir! “Gəl” deməkdən, geri çevirməkdən, möhkəm sevməkdən, az sevilməkdən ehtiyat edirik. “Yox” deməyə gücümüz, “hə” söyləməyə cəsarətimiz çatmır, qorxularımızın qarşısında axıra qədər dik dayanmağa tab gətirmirlər. Çətin güvənirik. Başqalarından qorunmaq ehtiyacı hiss edirik. Ətrafdan gələcək zərbəni müəyyən etmək və qarşısını almaq üçün ağlımızı kəşfiyyatçı kimi pusquda saxlayırıq. İnsanları asanlıqla günahlandırır, suçlayırıq, amma öz həqiqətlərimizlə üzləşməkdən qaçırıq. Özümüzdən bir köynək uzaq olanları, bir pəncərə, bir qapı kənar dayananları potensial təhlükə kimi görürük! Hamıdan şübhələnirik, hər şey gözləyirik. Bəzən bu hal paranoyaya qədər gedib çıxır. Hətta hərdən elə zənn edirik ki, dümən dörd bir yanımızı mühasirəyə alıb.

Qorxunu üstümüzdən atıb, bir az səsimizi yüksək çıxaranda, cəsarət nümayiş etdirəndə ətrafdakılar dərhal həddimizi bildirir. Azacıq fərqli düşünəndə dərhal zərərsizləşdirilirik, başımızdan ehmalca aşağıya doğru basırlar.

Bəzən adama elə gəlir ki, həyatımızı qorxularımız idarə edir. Biz isə ondan qorunmaq üçün dəridən-qabıqdan çıxırıq. Xəyanətə məruz qalmaqdan, gücsüzlükdən, ağrılardan, bacarmayacağımızdan qorxuruq və çox vaxt bu hissin arxasında gizlənərək əlimizdən bir-bir uçub gedən fürsətləri ürəyimiz yana-yana seyr edirik.

Uşaqlıqdan “xoxan gəldi” ilə başlayan bu hiss, vaxt ötdükcə beynimizi zəbt edir, “nəhəng imperatorluğa” çevrilir. Yaradanla tanışlığımız da qorxu ilə başlayır. “Atdığın hər addımı Allah görür, yanlış davranma, cəhənnəm odunda yanarsan. Bax ha, sağ və sol çiynində mələklər oturub. Unutma! Pis və yaxşı əməllərini dəftərə yazırlar”.  Beləliklə, travmalı sevgi ərsəyə gəlir. Qorxaraq sevməyə başlayırıq! Kələyimiz Tanrı ilə münasibətimizdən də yan keçmir! Onun da gözünə kül üfürürük.

Baxışlardan qorxub gizlənirik, sözlərdən çəkinib susuruq, tənələrdən ehtiyat edib özümüzü ölülüyə vururuq!

Dünyanın harasında oluruqsa olaq, hamımız bu hisslə qol-boyun yaşayırıq. Ağır xəstəliyə düçar olmaqdan, bədbəxtliklə üzləşməkdən, devalvasiyadan, benzinin bahalaşacağından qorxuruq. Çağdaş insanın portreti belədir.

İtalyan yazıçısı Stefano D'Anna bu mövzuda maraqlı təhlili var. O hesab edir ki, heç bir dəhşət bu duyğudan daha betər deyil: “Qorxu və ondan qaynaqlanan bütün hisslər dünyanı bu gün gördüyümüz hala salıb. Kainatdakı ən ağır xəstəliklər, işlədilən cinayətlər, müharibələr, dünyanın bir çox yerində tüğyan edən yoxsulluq nədir ki? Onlar uzaqbaşı nəticə əldə edənə qədər aktualdırlar. Əsl fəlakət, insanın ucsuz-bucaqsız cəhənnəmi onun içərisində daima var olan qorxusudur! Bu hiss ilk insanla başlayır. “İncil”də deyilir ki, Adəmin qorxu ilə bağlı ilk sözü “Bağda ayaq səslərini eşitdim və qorxdum” olmuşdu”.

Ən çox nədən xoflanırıqsa, onu şüuraltı olaraq həyatımıza dəvət edirik. Qaçdıqlarımızla qarşı-qarşıya gəlirik. Qəfil səksənmək, ürəyin sürətli döyünməsi ilə kifayətlənmir. Stressin kökündə də qorxu dayanır. Bu, bütün canlılarda özünü qoruma instikti ilə əlaqədardır. İnsan özünə qarşı yönəlmiş təhlükə hiss edəndə beynin amiqdala adlı “qorxu mərkəzi” aktivləşir, sürətli qərar verməsi üçün geniş düşünmə qabiliyyəti itir və orqanizm don-vur-qaç rejiminə keçir. Bu cür şəraitdə insan təhlükənin miqyasından asılı olaraq ya yerində donmalı, ya hücum etməli, ya da qaçmalıdır. Fiziki təhlükə ilə yanaşı, insana xas olan hörmətdən düşmə, rüsvay olma kimi psixoloji təhlükələr də mövcuddur və biz bu cür təhlükələri hiss edəndə beynimiz özünüqoruma rejiminə keçir. Heyvanlardan fərqli olaraq, insan öz fikirləri ilə təhlükələrin dərəcəsini artıra, əslində, reallıqda olmayan təhlükələr yarada bilir. Məsələn, özümüzü başqalarından üstün hesab edəndə, haqqımızda şişirdilmiş fikirlər yaratmağa çalışanda, zəif cəhətlərimizin meydana çıxması bizim üçün təhlükəyə çevrilir. Bu fikrimizdə yaratdığımız süni təhlükə olsa da, beynimiz bunu reallıq kimi qəbul edir və stressə rəvac verir. Nə qədər stress yaratsa da, bir həqiqət var - qorxu öldürmürsə, gücləndirir.

Qorxu da, cəsarət də eyni mərkəzin parçasıdır. Demək ki, qorxaq olduğumuz qədər cəsur da ola bilərik. Nə qədər dərinə düşürüksə düşək, elə o qədər də yüksəyə ucalmaq mümkündür.

Hər kəsdə bir az qorxu hissi olmalıdır. Ancaq bütün hədsiz duyğular kimi onu da aşanda insanı məhvə sürükləyir. Hə, bir “cızzz” ilə bünövrəsi qoyulur, Xalq şairi Bəxtiyar Vahabzadənin dili ilə desək, “sonra başlanır qorxu, başlanır ehtiyat, başlanır həyat!”

 





09.11.2018    çap et  çap et