525.Az

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı oldu


 

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı oldu <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub.

Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli, İnstitutun profesoru Sayalı Sadıqova, kitabın müəllifləri və elm xadimləri iştirak ediblər.

Təqdimatı İsa Həbibbəyli açaraq kitabın Azərbaycan dilçiliyi üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparılmalıdır: “Noyabrın 1-də Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Bu fərman bizim alimlərin qarşısına çox mühüm vəzifələr qoyub. Bunun məntiqindən doğan məsələlərdən biri də milli terminologiyanın yaradılmasıdır. Yeni orfoqrafiya qaydaları hazırlanarkən bəziləri deyirdilər ki, ərəb sözünü dəyişib azərbaycanca yazsaq, dilimiz əldən gedəcək. Sözlər iki “y” ilə deyildikdə ərəbcə səslənir, bir “y” ilə yazılanda azərbaycanca səslənir. Neçə illərdir ki, dilimizdə apostrof götürülüb. Apostrof Azərbaycan dilinə ərəb dilindən gəlmədir, o, düzgün olaraq, dilimizdən götürülüb. Apostrof götürüldüyü halda, vaxtilə apostrofla yazılan sözlərin yenə də apostroflu söz kimi sətirdən-sətrə keçməsini istəmirdik. Ərəb dili aşiqləri deyirlər ki, apostrof səhv olaraq ləğv edilib, apostrofu geri qaytarmaq lazımdır. İndi görürəm ki, onların hamısı indi televizorda dilimizin saflığından danışırlar. O adamlar ki, ərəb, fars tərəfdarıdırlar, bundan ötrü imza toplayırdılar, indi onlar ayrı söz danışırlar”. İ.Həbibbəyli bildirib ki, o, ziyalı cəmiyyətinin bütövlüyünü qorumağı bəzi sözlərin iki “y” ilə yazılmasından vacib hesab edib.

O əlavə edib ki, apostrofu qaytarmaq qətiyyən olmaz: “Nazirlər Kabineti artıq qərar verib. Sözlərin apostrof və iki “y” ilə işlədilməsi ana dilinin saflığıdırmı? Ərəb dili aşiqləri, alınma sözlərin aşiqləri, yaxud da bundan istifadə edib mühiti bulandırmaq istəyənlər, “dil əldən getdi” deyə müsibət qoparmışdılar. Mən fikirləşdim ki, dilimizdəki bəzi sözlərdə iki “y” qalsa da, dilimiz böyük şey itirmir. Amma Azərbaycan ziyalılarını iki yerə parçalamaq, aldadıb meydana, küçələrə salmaq, çaşqınlıq yaradıb sabitliyi pozmaq doğru hal deyil. İki “y” ilə yazılan sözlərin bir “y” ilə yazılması elmi cəhətdən doğrudur. Amma Azərbaycan cəmiyyəti buna hazır deyil, zamana ehtiyac var. Bu səbəbdən biz mövqeyimizdən geri çəkildik. Əgər biz geri çəkilməsəydik, bu adamlar sabitliyi pozmaq üçün çox sərt və radikal addım atmağa hazır idilər. Onların maraqları dil deyildi, öz şəxsi maraqları var idi. Bizim işimiz Azərbaycançılıqdır”.

Dilçilik İnstitutunun direktor müavini, dosent Baba Məhərrəmli bildirib ki, bu il Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanlar imzalayıb: “Bu isə dilimizə dövlət səviyyəsində həssas münasibət olduğunu göstərir. Biz də bu həssas münasibətə cavab verməliyik”.

Dilçilik İnstitutunun profesoru Sayalı Sadıqova isə deyib ki, dilçilik elminin sürətli inkişafı, yeni dilçilik sahələrinin yaranması, bu sahələrdə yaranan terminlərin toplanmasına, onların sistemləşdirilməsini və izahlı dilçilik terminləri lüğətinin tərtibini zəruri edir: “Azərbaycan dilinin dilçilik terminologiyasının nizama salınmasına kəskin ehtiyac duyulur”.

Qeyd edək ki, lüğəti Dilçilik İnstitutunun əməkdaşları professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova, Şəbnəm Həsənli-Qəribova tərtib edib. Lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib.

S.QARAYEVA

 





09.11.2018    çap et  çap et