525.Az

Bakı Uşaq Teatrının yeni uğuru


 

Bakı Uşaq Teatrının yeni uğuru<b style="color:red"></b>

Bakı Uşaq Teatrında ilk gəlişim idi. İllər öncəki bəzi tamaşalarını internetdən izləsəm də, canlı gedib görmək fürsətim heç olmamışdı. Və bu fürsət noyabrın 7-si yarandı. Həmin gün “Sevgi şimşəyi” adlı yeni tamaşasına daxili baxış vardı.

Tamaşadan öncə teatrla tanış olmaq məqsədilə təyin olunan vaxtdan bir saat öncə artıq Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında idim. Tez gəldiyimi düşünsəm də, artıq məndən də tez gələn qonaqlar gördüm.

Teatrın direktoru, Əməkdar artist, tamaşanın quruluşçu rejissoru İntiqam Soltanın kabinetində də bir həyəcan, təlaş, sevinc var. Bu tamaşanı özəl edən səbəblərdən biri də odur ki, tamaşanın premyerası Türkiyədə keçiriləcək.

Tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb. Teatr Bakı Uşaq Teatrı adlansa da, bu tamaşa böyüklər, daha doğrusu, gənclər üçün nəzərdə tutulub. Səhnə əsərində hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində, burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa lirik komediya janrında hazırlanıb.

İntiqam Soltanın sözlərinə görə, tamaşa beş ayrı sonluqla bitəcək, hər dəfə bir başqa cür final olacaq. Noyabrın 11-də Türkiyənin İstanbul şəhərində açılışı keçiriləcək XIII Teatr festivalında bir uşaq, bir də böyük tamaşası ilə iştirak edəcəyik. Festivalın özü isə 15 gün ərzində Türkiyənin ata şəhəri Bilecikdə keçiriləcək. Uşaq tamaşamız dörd gün, gündə iki dəfə, böyüklər üçün tamaşamız isə ümumən iki dəfə oynanılacaq”.

Teatrlarımızın bu pyesə ilk müraciəti deyil bu. Hələ bu ilin fevral ayında Səda Tədris Teatrında “M-Teatr”ın Vidadi Həsənovun quruluşunda hazırladığı tamaşanı izləmişdim. İndi Bakı Uşaq Teatrının hazırladığı tamaşanın nəylə fərqləndiyi də maraqlı idi. Tamaşanın nümayişindən öncə bu sualla İntiqam müəllimə müraciət etdim: “Bundan öncəki tamaşalarla tanış deyiləm. Eşitmişəm ki, Gənc Tamaşaçılar Teatrında Bəhram Osmanov və “M-Teatr”da Vidadi Həsənov bunu səhnələşdiriblər. Təəssüf ki, heç birini izləməmişəm. Vidadi müəllim mənim müəllimim olub. Sənətinə və şəxsiyyətinə çox hörmət etdiyim, inandığım insandır. Tələbəsi olmağıma baxmayaraq, teatra, sənətə baxış bucaqlarımız fərqlidir. İnanmıram ki, onlardan güclü olsun, çünki hər ikisi ustad sənətkarlarımızdır. Amma güman edirəm ki, fərqli yozum olacaq”.

Nəhayət, tamaşa başladı. Öncədən tanış olduğumuz mövzudur. Gecə vaxtı kimsəsiz bir parkda iki gəncin təsadüfi görüşü və həyatlarındakı “U” dönüşü. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşada rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdizadə ifa edirlər.

Burada rejissorun pyesə müdaxiləsi açıq-aydın hiss olunur. O, bu gəncləri normaldan, monotonluqdan tamamilə uzaq əks etdirib. Nə qız, nə də oğlan normal, hər kəsin öyrəşdiyi kimidir. Onlar fərqlidirlər, amma bir o qədər də adi. Mehman Piriyevin dili ilə desək, bu tamaşa iki dəlinin qarşılaşmasıdır. Amma əslində, onlar həm də çox ağıllıdırlar. Sadəcə əsirdirlər. Ailənin, cəmiyyətin, toplumun əsiri. Və ilk dəfədir ki, azad olublar. İlk dəfə əldə etdikləri nemətlərlə necə davranmaq lazım olduğunu isə heç biri bilmir. Nə azadlıq, nə də sevgi ilə davranmağın qaydasını bilirlər. Ona görə də kənardan dəli təsiri bağışlayırlar.

Aktyorların ifası isə xüsusən vurğulanmalıdır. Hiss olunurdu ki, rollarını sevir, yaratdığı obrazın qeyri-adiliyinin fərqindədirlər və bu gün özləri də qeyri-adidirlər.

 





09.11.2018    çap et  çap et