525.Az

UNEC-də 7 gün, 24 saat fəaliyyət göstərən kitabxana


 

104 TƏLƏBƏYƏ XİDMƏT GÖSTƏRMƏK İMKANINA MALİK KİTABXANA ÜMUMİLİKDƏ 760 MİNDƏN ARTIQ ELEKTRON RESURSA ÇIXIŞI TƏMİN EDİR

UNEC-də 7 gün, 24 saat fəaliyyət göstərən kitabxana <b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “24/7 kitabxana” açılıb. Kitabxananın açılışında təhsil naziri Ceyhun Bayramov da iştirak edib.

Ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər həmçinin, “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək. 

UNEC-DƏN DAHA BİR İNNOVATİV LAYİHƏ “UNEC Extern” MƏRKƏZİ 

Azərbaycan Dövlət İqtisad Universitetində həmçinin, ən müasir texnoloji avadanlıqlarla təchiz edilən “UNEC Extern” mərkəzi də fəaliyyətə başlayıb. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzin üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. “UNEC Extern”də seçilmiş yerli və əcnəbi professor-müəllimlərdən ibarət heyət tədris aparacaq. Mərkəzdə 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Bir tədris studiyasında eyni anda 500, gün ərzində isə 9-12 min tələbəyə təhsil vermək mümkündür. 

“24/7 KİTABXANA” GƏNCLƏRİN MÜTALİƏ MARAĞININ ARTMASINDA ƏVƏZSİZ ROL OYNAYACAQ  

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyir ki, mütaliə bütün insanların, o cümlədən, gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Mütaliə edilən hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi tələbatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir. Kiçik yaşlarından kitaba olan maraq gəncləri həyat həqiqətlərini dərk etməyə sövq edir, onlarda mütaliə mədəniyyətini inkişaf etdirir: “Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ilin iyul ayında Milli Kitabxananın nəzdində həftənin bütün günləri fasiləsiz 24 saat  fəaliyyət göstərən “Açıq Kitabxana - sərbəst mütaliə məkanı” yaradılıb”.

Onun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin elm və təhsil sahəsində fəal iştirakının təmin olunması, yüksək nailiyyətlər əldə etməsi istiqamətində mütəmadi olaraq xüsusi layihələr həyata keçirilir. Bu diqqət və qayğının nəticəsidir ki, bu gün  UNEC-in tələbələri hər sahədə böyük uğurlar qazanır, yeni-yeni layihələrə imza atır, ictimai-siyasi sferada yüksək fəallıq nümayiş etdirirlər: “UNEC-də yeni bir kitabxana layihəsi - “24/7 kitabxana” açıldı. Layihənin reallaşmasında Milli Kitabxana da yaxından iştirak edib. Belə ki, yeni tipli kitabxanada tələbələrə Azərbaycan Milli Kitabxanasının zəngin elektron bazasından birbaşa, maneəsiz istifadə etmək imkanı yaradılıb. Artıq UNEC-in tələbələri, universitetin pedaqoji heyəti Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından 24/7 kitabxanada rahatlıqla istifadə edə biləcəklər. Milli kitabxana ilə yanaşı, burada dünyanın məşhur universitetlərinin kitabxanalarının, o cümlədən, elmi platformaların bazalarına daxil olmaq mümkündür. Azərbaycan Milli Kitabxanası UNEC-də açılan 24/7 kitabxana layihəsini alqışlayır və bu işdə onlara uğurlar arzulayır. Belə layihələrin gerçəkləşdirilməsi bugünkü Azərbaycanın iqtisadi və mənəvi yüksəlişinin real təcəssümüdür. Əminəm ki, bu kitabxana gənclərin mütaliə marağının artırılmasında əvəzsiz rol oynayacaq, onların intellektual səviyyələrinin yüksəlməsinə yaxından kömək edəcək”. 

UNEC ÇOX YENİLİKLƏRƏ İMZA ATIB  

Təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgər deyir ki, keçən əsrin 75-ci ili idi. Danimarka Texniki Universitetinin fundamental kitabxanasında kitab seçirdim. Akademik Həsən Abdullayev və professor Zərifə İsgəndərzadənin yarımkeçiricilər ilə bağlı kitabını görəndə çox sevindim: “Bu kitab düz bir neçə gün mənə sevinc yaşatdı. Bakı yadıma düşdü. Xəyalən Bakını gəzdim... Kitabxanada ləzətli bir sevinc aldım.  Sovetlər dönəmində Moskvada ezamiyyətdə idim. Vaxt tapan kimi Lenin kitabxanasına getdim. İlk öncə elmi jurnalları olan zala daxil oldum. Elmi jurnallardan birinin məlumatına görə, ABŞ-ın Kolorado universitetinin professoru Vilhelim katod tozlanmasının nəzəriyyəsi ilə bağlı yazdığı məqalədə, ancaq mənim təcrübi nəticələrimdən istifadə etmişdir. Nəzəriyyəçi alim məqalədə öz nəzəri qrafikini bütöv xətt ilə, mənim təcrübi nəticələrimi qırıq xətlə göstərmişdi. Vilhelimin fikrincə, mənim nəticələrim nəzəriyyənin düzgünlüyünü təsdiq edirdi. Çox sevindim.  Bu sevinci də kitabxanada aldım. Kitabxanada aldığım digər sevinclər də var...”

Ş.Əsgərov bildirib ki, KİV-lərdə UNEC-də 24/7 kiabxanasının işə salındığı haqqında məlumatlar yayıldı. Bu hadisə də məni çox sevindirdi: “İnanıram ki, bu hadisə zəruriyyətdən yaranıb. Ehtiyac olmasa idi yaranmazdı. Bu ehtiyaca sevinirəm. Artıq bizim gənclər, tədqiqatçı alimlərimiz üçün məlumat toplamaq və düşünmək üçün geniş imkanlar yaradılıb. Son illərdə UNEC çox yeniliklərə imza atıb. Bu unikal addım da həmin sıradandır. İnanıram ki, UNEC-in 24/7  kitabxanasında çox alimlərimiz sevinc tapacaqlar. Arzu edərdim ki, bu təcrübə  ölkəmizdə geniş yayılsın”. 

BEYNƏLXALQ REYTİNQ CƏDVƏLLƏRİNDƏ KİTABXANA ALİ MƏKTƏBLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ ZAMANI ƏSAS MEYARLARDAN BİRİDİR 

Tanınmış təhsil üzrə ekspert fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, “24/7 kitabxanası” UNEC-də həm tədris prosesinə, həm də elmi-araşdırmaların aparılmasına müsbət təsir göstərəcək: “Bəzən tələbələrdən gələn müraciətlərdə deyilir ki, hansısa konkret mövzuya həsr edilmiş, ixtisaslaşdırılmış ədəbiyyatları əldə etmək çətindir. Məhz bu kimi kitabxanaların yaradılması ixtisaslaşdırılmış ədəbiyyatlara çıxış məsələsini həll etməyə töhfə verəcək”.

Məhz bu səbəbdən təhsil sahəsində innovativ layihələrə müsbət yanaşdığını qeyd edən E.Əliyev vurğulayıb ki, dünyanın aparıcı universitetlərində müasir kitabxanalar fəaliyyət göstərir: “Beynəlxalq reytinq cədvəllərində kitabxana ali təhsil müəssisəsinin qiymətləndirilməsi zamanı əsas meyarlardan biri hesab edilir. Burada həm kitabxananın tutumu, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı, elektron resurslara, digər universitetlərin bazalarına çıxış imkanları əsas götürülür”. “24/7 kitabxanası”nın yaradılması UNEC-in digər innovativ layihələri ilə birlikdə beynəlxalq reytinq cədvəllərində universitetin mövqeyinin yüksəlməsinə olduqca ciddi təsir edəcək. Nəticədə UNEC nüfuzlu dünya universitetləri arasında öz layiqli yerini tutacaqdır”.

UNEC HƏDƏFİNƏ ÇATACAQ

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, cəmiyyətdə informasiya əldə etmək üçün əsas yerlərdən biri də kitabxanadır. Müasir kitabxana öz elektron sənəd fondunu, elektron resurslarını mütəmadi olaraq zənginləşdirir, verilənlər bazası yaradır, istənilən elektron materialı bütün sutka boyu, həm də kitabxana binasından kənarda belə çatdıra bilir. Yəni kitabxana bu gün kitab əldə etmək, onu saxlamaq, qorumaq və oxuculara müvəqqəti istifadəyə vermək kimi ənənəvi funksiyaları ilə yanaşı, həm də bütün kitabxana proseslərinin tam kompüterləşdirilməsi nəticəsində virtual informasiya mərkəzinə çevrilməkdədir: “Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilmiş kitabxananın fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Son illər UNEC-də təhsil keyfiyyətinin artırılması, tədrisin düzgün idarə olunması istiqamətində ciddi addımlar atır, dünyanın bir çox ölkələrində Azərbaycanı layiqincə təmsil edir. Bu ali təhsil ocağının son vaxtlar önəmli tədbirlərə ev sahibliyi etməsi də xüsusi vurğulanmalıdır.  Tələbələrin təhsilə yüksək səviyyədə sahiblənməsi üçün yeni vasitələrdən istifadə edilir, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi edilir. UNEC-in hədəfi dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır. Mən əminəm ki, UNEC-də həyata keçirilən bu yeniliklər qısa müddətdə onu beynəlxalq məkanda tanıdacaq və UNEC beynəlxalq səviyyəli universitetə çevriləcək”.

S.QARAYEVA

 





09.11.2018    çap et  çap et