525.Az

85 yaşlı möhtəşəm elm ocağımız - Şahanə Müşfiq yazır


 

85 yaşlı möhtəşəm elm ocağımız - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Ədəbiyyat sevgimin nə zaman, hardan qaynaqlandığı haqqında heç bir fikrim yoxdur. Xatırladığım tək şey kitablara sonsuz ehtirasla bağlılığımdır.

Hələ lap kiçik yaşlarımda yatağımın baş ucunda yerləşən gecə lampası anamın “səhər dərsə gedəcəksən, söndür onu, sabah oxuyarsan” - sözünə qədər açıq qalar, o vaxt ərzində Anar dünyasından Elçin dünyasına, Çingiz Aytmatov sükunətindən Dostoyevski bilinməzliyinə, İlyas Əfəndiyev qələmindən Mir Cəlal düşüncələrinə, Mopassan lakonikliyindən Hemenquey fərqliliyinə səyahət etdikcə edərdim. Hər dünyadan bir cəvahir, hər səhifədən bir inci tapmışcasına sevinərdim (indi də elə çox şey dəyişməyib).

Ədəbiyyat heç zaman sənət, peşə səviyyəsində olmayıb həyatımda. Məndən soruşmağa belə gərək yox idi, sanki gözlərimə, üzümə yazılmışdı filologiya oxuyacağım. Ədəbiyyatı akademik səviyyədə oxuyacaq, jurnalistikada isə iş yeri kimi çalışacaqdım. Gedəcəyim yol çoxdan bəlli idi: Bakı Dövlət Universitetinin Filologiya fakültəsi.

Məktəbi bitirdiyim il arzum reallaşdı və mən artıq BDU-nun Filologiya fakültəsinin tələbəsi idim. Burada əsl ədəbiyyat ab-havası vardı. Daşları, divarları, parta, lövhəsi belə ədəbiyyat qoxurdu sanki. Artıq ədəbiyyat təhsil sahəm olmaqdan çıxmış, həyat tərzimə çevrilmişdi.

BDU-da oxuyarkən bizə dərs deyən müəllimlərim sayəsində yeni bir ədəbiyyat ocağı ilə tanış oldum. Daha doğrusu, o, yeni deyildi, nə də birinci dəfə idi onun adını eşidirdim. Xeyr! Məsələ burasındadır ki, ilk dəfə o müəllimlər sayəsində bu ocaqla qarşılıqlı münasibətdə olmaq şansı qazanmışdım:

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu!

Demək ki, ölkəmizin ədəbiyyat məbədi, söz ocağı məhz bura idi: Ədəbiyyat İnstitutu. Sonra başladım bu institutla maraqlanmağa. Orda çalışan ədəbiyyatşünas alimlər, tənqidçilər, doktorantlar, dissertantlar, laborantlar, bir sözlə, o institut içərisində nəfəs alan hər kəs mənim qibtə yerimə çevrilmişdi. Mətbuatdan, oxuduğum universitet və fakültə sayəsində izlədiyim, öyrəndiklərim isə qəlbimdə yeni arzular cücərtməyə başlamışdı: mən də nə vaxtsa bu institutun bir əməkdaşı olacaqdım?!.

Bakalavr və ondan sonrakı magistr təhsilimi bitirəndən sonra ədəbiyyata sevgim, Ədəbiyyat institutuna marağım və arzum nə qədər güclü olsa da, ara vermək qərarına gəldim. Çünki hələ hazır deyildim. O böyük məbədə daxil olmağa, onun bir parçasına çevrilməyə də layiq olmaq lazım idi axı.

Artıq ikinci arzum reallaşmaq üzərə idi və yolum iki il öncə “525-ci qəzet”lə kəsişdi. Təkcə iş yerimə deyil, həm də jurnalistika və ədəbiyyat sahəsində məktəbimə də çevrilən bu qəzetlə Ədəbiyyat məbədinə bir yox, bir neçə addım yaxınlaşdım. Artıq institutun keçirdiyi bir-birindən maraqlı, önəmli, ədəbi prosesi istiqamətləndirən, şərh edən, dəyərləndirən tədbir, konfrans və görüşlərində mətbuat nümayəndəsi kimi iştirak edir, çalışdığım qəzetdə işıqlandırıram. Bunlar həmçinin, mənə bu elm məbədində çalışan alim, professorlarla daha yaxından ünsiyyət, onların biliyindən, savadından yararlanmaq şansı da qazandırır. Əgər bu toplantılarda iştirakım jurnalist kimi fəaliyyətimlə əlaqədardırsa, oradan qazandıqlarım filoloq yaddaşıma yazılır və ədəbiyyata, ədəbi prosesə münasibətimə, baxışıma bilavasitə təsir göstərir.

Bu il 85 yaşını qeyd edən Ədəbiyyat İnstitutunun son iki ili gözlərimin qarşısında, qələmimin mürəkkəbinə həkk olaraq keçməkdədir.

Bu yazıda institutun “Vikipedia” və başqa internet səhifələrində rahatlıqla tapa biləcəyimiz tarixindən danışmaq fikrim yoxdur. Çünki bu qürurlu, əlamətdar, bir o qədər də çətin və ağır zəhməti özündə ehtiva edən tarix haqqında illərlə yazılıb, indi də yazılmaqdadır. Mən bir gənc filoloqun, jurnalistin gözü ilə qocaman böyüyümüzə, “ağsaqqalımıza” baxmaq istəyirəm. Bu böyüyün biz gənclərə verdiyi nələr var?

Hər bir qurumun nəyə qulluq etdiyi, hansı amalları və məqsədləri daşıdığı öncə rəhbərilə müəyyən olunur. Əgər o qurumun rəhbəri hara və kimlərə başçılıq etdiyinin fərqindədirsə, deməli, idarəçiliyə 1:0 öndə başlayıb.

Tarix boyu bu elm ocağına, söz məbədinə rəhbərlik etmiş insanların adlarına nəzər yetirmək kifayətdir ki, institutun illər boyunca bu sahəyə töhfələrini təsəvvür edəsən: Heydər Hüseynov, Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Məmmədağa Şirəliyev, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev, İsa Həbibbəyli. Bu dəyərli insanların hər biri öz dövründə institutun inkişafında, təbii olaraq, ədəbiyyatımızın doğru istiqamətləndirilməsi və ədəbi prosesin izlənilib dəyərləndirilməsi baxımından çox böyük işlər görmüş, öz adlarını həm bu Ədəbiyyat ocağının, həm də Ədəbiyyatşünaslıq elminin səhifələrinə böyük hərflərlə yazdırmışlar.

Bu mənada mənim şəxsən tanıdığım, iş prosesinə, çəkdiyi zəhmətlərə, peşəkar fəaliyyətinə şahidi olduğum AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin rəhbərliyini xüsusi qeyd etmək lazımdır. İsa müəllim institutun işlərinə və işçilərinə təkcə rəhbər kimi deyil, həm də bir böyük kimi, valideyn kimi, ata qayğısı ilə yanaşır. Zəngin biliyinə, çoxillik təcrübəsinə bir də ədəbiyyat sevgisi və şəxsi yüksək keyfiyyətləri də əlavə olunanda yaranan mənzərə kifayət qədər ürəkaçıcıdır.

Onsuz da bütün zamanlarda aktiv ədəbi prosesin mərkəzində olan Ədəbiyyat İnstitutu son dövrlərdə bütün mənaları ilə xüsusi bir canlanma, çiçəklənmə dövrünü yaşayır sanki. Qurumun ədəbi prosesi yaxından izləməyi, ona yön verməyi, lazımi zamanda lazımi müdaxiləsi, ölkə daxili və ölkə xaricində digər ədəbiyyat mərkəzləri ilə yaratdığı qarşılıqlı əlaqə təqdirəlayiq haldır. Bütün bunların başında isə sözsüz ki, İsa Həbibbəyli təcrübəsi, qayğısı dayanır. Akademikin özünün də dediyi kimi: “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan və dünya ədəbiyyatını öyrənməklə məşğuldur. Bu institut ədəbiyyat haqqında elmin əsas mərkəzidir, yəni ədəbiyyatşünaslıq elminin beşiyidir. Elm isə ədəbiyyatın əsas hərəkətverici qüvvəsidir. Məhəmməd Füzuli elmin ədəbiyyatın inkişafındakı yerini, ruhunu və əhəmiyyətini çox dərindən görüb: “Elmsiz şeir əsası yox divar olur”.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu illər ərzində çap etdirdiyi dəyərli nəşrləri ədəbiyyatşünaslıq elminə önəmli töhfələr kimi qeyd etmək yerinə düşərdi. Azərbaycan ədəbiyyatını dövrlər halında, xüsusiləşmiş şəkildə öyrənən bu çoxcildliklər (“Azərbaycan ədəbiyyatı tarixi” - 7 cild, “Molla Nəsrəddin” jurnalı - 8 cild, “Ziya” və “Füyuzat” qəzetlərinin cildləri, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”- 3 cild və s.) ədəbiyyatımızın sistemləşdirilməsi və filologiya fakültəsinin müəllim və tələbələri, ədəbiyyat mütəxəssislərindən başqa ədəbiyyatla maraqlanan, öyrənmək istəyən sadə insanların maraqlarını qarşılayacaq və onlarda ədəbiyyatımızla bağlı geniş təsəvvürlər oyadacaq şəkildə hazırlanıb.

Bundan başqa, demək olar ki, hər il institutun öz əməkdaşlarının məqalələrindən, əsərlərindən ibarət nəşrlər, “Ədəbi proses” yaradıcılıq müşavirələrinin işıqlandırıldığı toplular, eləcə də “Ədəbiyyat məcmuəsi” jurnalı ədəbiyyatımızın ümumi mənzərəsini yaratmaq baxımından olduqca əhəmiyyətlidir.

2013-cü ildən bəri Ədəbiyyat İnstitutunda ənənəvi şəkildə keçirilən “Ədəbi proses” müşavirələri “İlin ədəbi mənzərəsi”nin ümumiləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu ilin iyun ayında mənim də ilk dəfə qatıldığım “Ədəbi proses-2017” yaradıcılıq müşavirəsi öz orijinallığı, bol və dəyərli ədəbi məlumatları, bir-birindən maraqlı mövzuları özündə əks etdirən məruzələri ilə yaddaşımda əbədi iz qoyanlardan oldu. Bu müşavirələri özəl edən əsas səbəblərdən biri də budur ki, ədəbi janrlar ayrı-ayrılıqda, xüsusi şəkildə təhlil olunur, heç biri o birinə qarışdırılmır. Hətta burada gənclərin ədəbi yaradıcılığına da xüsusi yer ayrılmışdı. Bu da Ədəbiyyat İnstitutunun hər zaman yeniliklərə açıq olduğunu, bu elm məbədinin gənc yazarların, ədəbiyyatşünasların rahatlıqla etibar edəcəyi, bir mərkəzdə birləşəcəyi yer olduğunu bir daha sübut edir. Deməli, Ədəbiyyat İnstitutu və onun dəyərli əməkdaşları ədəbi prosesi çox ciddi şəkildə izləyirlər. Hətta gənclərin yaradıcılığı belə onların diqqət mərkəzindən kənarda qalmır.

Həmin müşavirədə İ.Həbibbəylinin “Ədəbi proses” haqqında verdiyi şərh 5 illik zəhməti kifayət qədər ümumiləşdirir: “Ədəbi proses” materialları 2013-2018-ci illər Azərbaycan ədəbiyyatının sadəcə salnaməsi deyildir və əksinə, bu dövrün ədəbiyyatının janrları üzrə canlı mənzərəsini göstərən, inkişaf dialektikasının qanunauyğunluqlarını açan bir hərəkatdır”Ədəbi proses” hərəkatının bu günki inkişaf səviyyəsindən onun sonrakı gələcək üfüqləri də aydın şəkildə görünür”.

Eyni zamanda, 2017-ci ilin noyabr ayında burada “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş “525-ci qəzet”: zaman və ədəbi proses” adlı konfrans da bu institutun yalnız ədəbi əsərlərə deyil, eləcə də ədəbi prosesi özündə əks etdirən mətbuata qarşı da biganə olmadığının göstəricisidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan danışarkən onun artıq dörd dəfə təşkil olunan “Fizika və lirika” konfransından söz açmamaq mümkün deyil. Bu ilin iyul ayında Nəbatat bağında dördüncüsü keçirilən konfrans elmlə yaradıcılığın sərhədlərinin əslində mövcud olmadığını, hər elmdə bir yaradıcılıq detalı, hər yaradıcılıqda elmin ayrı-ayrı qanunauyğunluqları olduğunu bir daha sübut etdi. Bu konfransda iştirakçılara təqdim olunan AMEA-nın əməkdaşlarının əsərlərindən ibarət “Plyus bədii yaradıcılıq” (II kitab) və II “Qoşa qanad” ədəbi almanaxları isə bir daha ədəbiyyatşünaslığımıza bəxş olunan dəyərli töhfə kimi xüsusi qeyd olunmalıdır.

Əlbəttə, kiçik bir yazıda nəinki bu qədər böyük bir elm ocağının 85 illik şərəfli yolunu, heç mənim şahid olduğum 2 illik fəaliyyət dövrünü də dolğun şəkildə əks etdirmək mümkün deyil. Çünki bu yaradıcılıq və elm ocağının durmadan çalışan, yeniliklərə can atan rəhbərliyi və əməkdaşlarının gördüyü işlər, onun Azərbaycanın digər ədəbiyyat mərkəzləri, eləcə də dünyanın nüfuzlu institutları, elm və yaradıcılıq ocaqları ilə qurduğu qarşılıqlı əlaqələr, nəşr etdirdiyi toplular, almanaxlar, ayrı-ayrı ədəbiyyat dahilərinin xatirəsinə həsr olunmuş elmi konfransları və s. Özü ayrıca bir tədqiqat mövzusu səviyyəsindədir.

Möhtəşəm elm ocağımızın dəyərli rəhbər və əməkdaşlarını, müəllimlərimi, gənc kadrlar arasındakı dostlarımı, eləcə də Ədəbiyyat institutunun “nəfəsi toxunan” hər kəsi yubiley münasibətilə təbrik edirik!

 





11.11.2018    çap et  çap et