525.Az

Mükəmməllik dərdi, həyəcanlarımız və ölüm - Nicat Həşimzadə yazır


 

Mükəmməllik dərdi, həyəcanlarımız və ölüm - <b style="color:red">Nicat Həşimzadə yazır </b>

Sübutsuz nəzəriyyələr elmdə ciddi qəbul edilmir. Bəs sübut olunan nəzəriyyələr tam mənada həqiqəti ifadə edə bilirmi? Bir çox qeydlər ehkam şəklində ifadə olunan fikirlərdən ibarətdir.

Con Faulz özünün də qeyd etdiyi kimi, “Aristos” esselər və aforizmlər toplusunda bədii təsvir formalarının zənginliyi, müxtəlifliyi ilə öz fikirlərini beynimizə yeritmək istəyindən uzaqdır, yazıçının məqsədi bizə öz fikirlərini aşılamaq, bizi forma gözəlliyi ilə deyil, məzmun dərinliyi ilə tanış etməkdir. Con Faulz inanır ki, insana təbiət tərəfindən sağlam düşüncə, doğru mühakimə qabiliyyəti verilib. Bu, ziddiyyətli fikirdir. İnsan doğuluşdan ağıllıdırmı, yoxsa ağıl zəhmət hesabına əldə edilən mükafatdırmı? İnsanın yaşamı, dünyanın indiki vəziyyəti sağlam məntiqə uyğundurmu? Çağdaş dünyanın ciddi texnoloji uğurları sadəcə məntiq hadisəsidirmi? Bəlkə də “insan doğuşdan ağıllıdır” fikrindən daha çox “doğuluş iradə hadisəsidir və insan doğuşdan iradəlidir” fikri daha düzgündür. Con Faulz hesab edir ki, bəşəriyyət bəşər övladları üçün əlverişli şəraitdədir. 1929-cu ildə doğulan Faulzun gəncliyi böyük dəyişiklik dövrünə rast gəlib. İkinci Dünya Müharibəsinin başlaması onun yeniyetməlik dövrünə təsadüf edir. Bəşəriyyət iki böyük imperiyanın qarşıdurmasına şahidlik edib, milyonlarla insan bu müharibənin qurbanı olub. Maraqlıdır ki, gəncliyində bu dəhşətləri görən, eşidən, duyan Faulz nəyə görə insanların sağlam məntiqə sahib olduğunu düşünür?

İnsanlar həzz almaq istəyirlər, bəlli bir məqam üçün yeni bir həzz üsulu düşünüb tapırlar, ancaq zövq almaq istəyi yarananda beynində yaratdığı, düşündüyü həzzi həmin anda yaşaya bilmir. Con Faulz yazır ki, həyatımızda təsadüflərin də böyük rolu var, müəyyən bir hadisədən həzz almaq, başqa bir hadisədən isə bunu duymamaq təsadüflərə bağlıdır. Varlığımızın bir mahiyyəti, bir mənası olsun deyə içindəki bütün fərdi mahiyyətlərə tam biganə olan bir bütövlük içində yaşamağımız lazımdır. Bu cümləni oxuyarkən Mövlana Cəlaləddin Ruminin oğluna nəsihətini xatırladım. Mövlana oğluna məsləhət görür ki, namazını təklikdə yox, camaat içində qıl. Həmin an anladım ki, Allahın həqiqətən də məscidə, təkkəyə ehtiyacı yoxdur. Məscid, təkkə insanların öz dərdlərini, tənhalıqlarını bölüşəcəyi, sevinclərini, paklıqlarını paylaşacağı yerdir. İnsan öz içindəki bozluğa, qaranlığa, tərki-dünyalıq istəyinə uduzmamaq üçün təklikdən qaçmalıdır. Düzgün tərbiyə olunmuş fərdlərdən ibarət cəmiyyətdə azadlıq ciddi bir nailiyyət sayılır. Con Faulz yazır ki, yüz il sonra həyat indikindən qeyri-mükəmməl olacaq, iki yüz il sonra insanlar yüz il öncəni ən mükəmməl dövr sayacaqlar. Mükəmməlliyin xiffətini çəkmək mənasızdır. Çünki dünya sonsuz proseslər çoxluğundan ibarətdir.

Biz ölümə iki səbəbə görə nifrət edirik. O, həyata vaxtından əvvəl son qoyur və biz ölümdən sonra nə olacağını bilmirik. Ölüm hər yaş üçün tezdir, heç kəs ölüm yatağında olanda “mən vaxtında ölürəm” sözlərini demir. Ekzistensialistlərə görə, insan öləcəyini bilən bir varlıq olduğu halda necə xoşbəxt olsun, necə sevinsin? Əgər sən fikir adamısansa, sənəti dərk edirsənsə, bir musiqi, bir kitab səni həyəcanlandıra, kövrəldə bilirsə, demək ki, tez-tez ölüm haqqında düşünürsən. İnsan həyatının böyük vaxtını ölüm haqqında düşünərək keçirir. Bəşəriyyətin savadlı qisminin böyük əksəriyyəti həyatdan sonrakı həyatın varlığına inanmır. Amma bu vəziyyətdə mümkün olan yeganə elmi yanaşma aqnostisizm mövqeyidir, biz sadəcə olaraq bilmirik. Ölümdən sonra həyatın olub-olmaması fikri bizi daim təqib edir. Bəzən biz, xüsusən də qocalanda, ölüm anı yaxınlaşanda həyatdan sonra həyatın varlığı ideyasına inanaraq özümüzə təsəlli vermək istəyirik. Həyəcanlarımızın çoxunun səbəbi də budur. İnsanda nələr həyəcan yaradır? Həyəcan anlayışı özündə müxtəlif mənaları ehtiva edə bilər. Məsələn, həyatın mənasını bilməmək həyəcanı, anlaşılmamaq, başa düşülməmək həyəcanı, istedadlı olub-olmadığını müəyyən edə bilməmək həyəcanı, düzgün seçim etmək, doğru qərar vermək həyəcanı, yadlaşma, unudulma, uğur qazana bilməmə həyəcanı və ən dəhşətlisi ölüm həyəcanı. Bütün bu həyəcanlar daim, yaşadığımız, nəfəs aldığımız, düşündüyümüz hər an bizi təqib edir. Biz özümüz öz təqibimizə məruz qalırıq, bu səbəbə görə də Con Faulz deyir ki, cəmiyyət, bəşəriyyət ya bütövlükdə azad olacaq, ya da məhv olacaq, əgər məqsəd xeyirxahlıqdırsa bu anlayış bütün bəşəriyyəti əhatə etməlidir. Əgər fərdi maraqlar, eqoist yanaşmalar olsa, bəşəriyyət bəşər övladı üçün öz əlverişlilik qabiliyyətini itirəcək və yaşanılmaz məkana çevriləcək. Yəni daha sadə dillə desək, yazıçı anlatmağa çalışır ki, ya hamımız birlikdə insan olacağıq, ya da məhvimiz qaçılmazdır. Labüd ölüm qorxusu belə bizi birləşdirmək iqtidarında deyilsə, başqa hansı duyğu, hansı qorxu, hansı ehtiyac bizi birləşdirəcək? Biz özümüzü eqoist fərd kimi yox, bəşəriyyətin vicdanlı nümayəndəsi kimi hiss edəcəyik.

Faulzun “Aristos” toplusu məni heyrətə gətirdi, həyəcanımı artırdı, mən bu ciddi fikirlərin ağırlığı altında əzilməkdən özümü böyük çətinliklə xilas edə bildim. Gəlin, bu ağır fikirləri hamımız birlikdə daşıyaq, əks halda tək-tək, hissə-hissə məhv olarıq.

 





11.11.2018    çap et  çap et