525.Az

Culian Barnsın aqibət bələdçiliyi - Rəvan Cavid yazır


 

GÖRKƏMLİ İNGİLİS ƏDİBİNİN ÖTƏN İL SEYFƏDDİN HÜSEYNLİNİN TƏRCÜMƏSİNDƏ NƏŞR OLUNAN MƏŞHUR ROMANI HAQQINDA QEYDLƏR

Culian Barnsın aqibət bələdçiliyi - <b style="color:red">Rəvan Cavid yazır </b>

Yaşamaq bir zamandan sonra sadəcə xatırladıqlarımızdan ibarət olur. Xatırlamaq yaşamağın sinoniminə çevrilir.

Özümüzü keçmişin boşluğuna atır, orada nələrin olduğuna yenidən nəzər yetirib, o boşluğu uydurduğumuz hadisələrlə doldururuq. Yadımızda qalan simaları yenidən tanımaq, onlar üçün yenidən tanışlıq hekayəsi qurmağı arzulayırıq. Yaşlandıqca bu, bir paranoya kimi həyatımıza daxil olur. Yaddaşımız bizi aldatmağa çalışır, şübhəli suallar özünə bizim beynimizdə yer edir. Görəsən, yada saldıqlarımızın hansını yaşamışıq?! Tanıdığımız neçə nəfər bizim bir parçamız olub?! Həyat çoxlu rənglərdən ibarətdir və siz özünüzün eynisini tapsanız, həyatınız rəngarəng olmayacaq. Monoton sarı, monoton ağ, monoton qara, monoton qırmızı... Bu cümlə özünü elə-belə mətnin içinə atmadı, xeyr. Əslində, bizim yaşamaq adlandırdığımız hadisə seçimdir. Bu seçimdə fərqliliyə can atmasaq, qırx yaşımızdan sonra peşmanlıq duyğusunun ən ağır dozada acısını yaşamaq məcburiyyətində qalacağıq. Sinif yoldaşlarımız, dostlarımız, həmkarlarımız, hər gün eyni avtobusa eyni vaxtda bərabər mindiyimiz adamlar, qohumlarımız, bəlkə də valideynlərimiz də, satıcılar, menecerlər, yazıçılar, şoumenlər və digər həyatımızın bir hissəsini işğal etməyə icazə verdiklərimiz bizim gələcəkdə nələri xatırladığımıza təsir göstərir, yön verir.

Təsəvvür edin, təqaüdə çıxıb xəstəxanada könüllü kitab payladığınız yaşdasınız. İllər öncə intihar etmiş dostunuzun gündəliyi tapılır və keçmiş sevgilinizlə yenidən görüşürsünüz. Bəzi yaşanmışlarınız üçün təəssüf edib keçə bilmirsiniz. Bu qədər vaxtdan sonra sizin həyatınıza ciddi təsir etməsə də, hər halda, düşünməyə, beyninizi qurcalamağa başlayan olayların içində tapırsınız özünüzü. Artıq nəyisə düzəltmək gecdi. Əvəzində xatırlamaq var. Vacib olmayan xatirələr. Bax bu ifadə əsl mən dediyimdi. Axşam evə, yoxsa morqa gedəcəyinizi bilmədiyiniz bir yaşda niyə qırx il əvvəlki sevgilinizin anası sizin qarşınıza çıxmalıdır və bu bəs deyilmiş kimi, hələ sizə vəsiyyət edəcəyi pul və intihar etmiş dostunuzun gündəliyini saxlamalıdır?! Bilmirəm. Barns özü də bunu açıqlamağa çətinlik çəkir. Əvəzində real, bir o qədər də absurd, postmodern detallarla bəzədilmiş yaxşı bir hekayə ilə qarşımıza çıxır məlum yazıçı. Tarixə və yaddaşa etdiyi ənənəvi ironiya (onun əsərlərinə xas bir ironiya) bizi Antoninin qəribə əhvalatına - ya da o özü bu əhvalatı qəribə danışır - səfərə hazırlaşdırır. Bir neçə cəhddə tarixə tərif verməyə çalışan gənclərin gələcək taleləri bu təriflərin kölgəsində müəmmalı bir axar tapıb zamanla keçib gedir.

Biz bəzən keçmişə ümid edirik. Ümid edirik ki, məsələn, keçmişdə sevgilimiz bizi atmayıb, sadəcə nə isə düz getmədiyi üçün biz razılaşıb ayrılmışıq. Və ya dostumuz intihar etməyib. “Fəlsəfi nöqteyi-nəzərdən” həyatı sona çatıb. Bütün bunları düşünəndə ümumi tabloda gördüyümüz mənzərələr də dəyişir. Roman olaraq bu hekayəni anlatsaq, oxucu çaş-baş qalar. Ya da biz səhifələrin altında çoxlu əlavələr yazmış olarıq.

Qəfil tapılan gündəliyin bir parçası və vəsiyyət edilmiş miras romanın kulminasiya nöqtəsidir. Yalnız bundan sonra “Yellənən körpü”dəki qəribə görüş olur və Toninin beynindəki müəmmalar bir az da şiddətli hal alarıq onu düşünməyə vadar edir. Keçmiş onu rahat buraxmır. Hər dəfə Adrianın və Veronikanın tanışlığı, sevgi münasibəti, ailə münasibəti, intihar, gündəlik, həyatında sadəcə bir dəfə gördüyü Veronikanın anası və onun vəsiyyəti hadisələri başqa məcraya aparır. Keçmişi axtarmaq cəhdləri başlayır. Axtarmaqla bitməyib ona yenidən düzəliş etmək həvəsi var baş qəhrəmanda. Roman bu baxımdan yaddaş duyğusuna ironiya edir. Yadımızda qalanlar, tanıdığımız adamlar biz bilmədiklərimiz, biz tanımadıqlarımız da ola bilər. Barns belə düşünür. O, həm də düşünür ki (digər əsərlərinə də istinad edib deyə bilərik), tarix fərdi şəkildə bir insanın (tarixçinin) uydurması da ola bilər. Məsələn, bildiyimiz o məşhur döyüşlər heç o qədər həyəcanlı olmayıb və ya daş kitabələrə yazılan əlifbalar bizim bildiyimiz kimi deyil və digər bu kimi faktlar. “Aqibət duyğusu”nda da eyni təzadlı fikirlər romanın sütununa sarmaşır.

Obrazlar haqqında kiçik təqdimatlar onların daxili dünyasını, fərdi düşüncələrini, cəmiyyətdə tutduqları mövqeləri bizə açıqlamaqda yazıçı ilə bizim aramızda əla vasitə olur. Antoni fövqalədə bir xarakter deyil. Lisey illərindən baş verənlərə kifayət qədər normal və soyuqqanlı yanaşan adam Veronika ilə bağlı hisslərindəki tərəddüdü, anlaşılmazlığı əsərin sonuna qədər açıqlaya bilmir. Veronika da “gizli” davranışların əsas simasıdı. Ümumişlək obraz adlandırmaq olar. Həyatımızda bu cür qadınlara az-az rastlamırıq. Amma o da fikirlərində sabit olmayan biridi. Ümumiyyətlə, romandakı bütün obrazlar öz xarakterini tam çözə bilməyən, yazıçının onlar üçün hazırladığı taleyi yaşaya bilməyən, həm özlərini, həm də yazarı düşündürən gedişlər edən insanlardır. Hər birinin özünə məxsus özəlliyi olsa da, fikirlərinin elə dumanlı London kimi alatoran olması onları bu nöqtədə birləşdirir. Adrian isə bütün bu qələbəliyin içərisində qəribə təsir bağışlayır. “O, dərslərində də əla olur, ölümdə də”. Adrian və “qəribə” sözü bir-birini bu əsərdə tamamlayır. Romanın əsas məzmununu açan gündəlik hadisəsi və Veronika ilə yenidən qarşılaşma olayı onun “ucbatından” olur. Adrianın lisey dövründən zəkası, hadisələrə yanaşması, sakitliyi, sanki hər şeydən xəbərdarmış kimi görünməsi, yazdığı məktubda xüsusi düsturla bütün hadisələrə işıq tutması, Veronika ilə gözlənilməz münasibəti onu bizə bir az da daha maraqlı edir. digər bir qadın obrazı - Antoninin həyat yoldaşı Marqeret ərinin köhnə sevgilisi ilə yenidən qızışan münasibətinə əsəbi, bir o qədər də sakit bir münasibəti ilə yadda qalır. O bilir ki, bundan sonra nələrinsə yenidən başlaması mümkün deyil. Bu rahatlıq onu səciyyələndirən əsas detaldı.

Roman bizə maraqlı olacaq film, roman, şeir, musiqi göndərmələri ilə də zəngindir. Bu, “Aqibət duyğusu”nun əsas postmodern əlamətidir. Kitabı oxuduqca İngiltərənin məşhur meydanlarına, küçələrinə, kəndlərinə, Londonun soyuq, yağmurlu iqliminə, ingilis ailə-məişət münasibətlərinə, müasir dövrə alışmağa çalışan ingilislərə rast gəlirik.

Romanda tarix müəlliminin tarixə, keçmişə axtardığı tərif özünə ünvan tapa bilmir. Yazıçı oxucuyla bərabər yaddaşımızın bizim həyatımıza təsirini, keçmişimizin boşluqlarına atdığımız daşları araşdırır. Amma hər şey əsərin sonunda deyildiyi kimidir: “...Qarışıqlıq var. Böyük qarışıqlıq...”

 





11.11.2018    çap et  çap et