525.Az

Nigar Rəfibəylinin 100 illiyi Türkiyənin Gümüşhanə şəhərində geniş qeyd olunub (FOTOLAR)


 

Nigar Rəfibəylinin 100 illiyi Türkiyənin Gümüşhanə şəhərində geniş qeyd olunub <b style="color:red">(FOTOLAR)</b>

Avqustun 15-də Türkiyənin Gümüşhanə şəhərindəki Atatürk Parkında Xalq şairi Nigar Rəfibəyliyə və gümüşhanəli şair Nəbi Üçüncüoğluya həsr olunmuş XX Beynəlxalq Gümüşhanə Mədəniyyət və Sənət Şənlikləri çərçivəsində “Şeir dinlətisi” proqramı təşkil edilib. Tədbirlərdə şəhərin valisi doktor Yusuf Mayda, Gümüşhanə bələdiyyə sədri Mustafa Canlı, Türkiyənin tanınmış şair və ədəbiyyatçılarından Cəmal Safi, Abdullah Satoğlu, Əli Akbaş, İmdat Avşar, İsmayıl Bingöl, Əməl Dəmirəzən, Osman Nəbioğlu, Tacəddin Şimşək, Tələt Ülkər, Yəhya Akengin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar qonaq qismində iştirak edib. 

Açıq havada keçirilən tədbirlərə mətbuat və şəhər əhalisi böyük maraq göstərib. Şair Əməl Dəmirəzənin təqdimatı ilə başlanan “Şeir dinlətisi” proqramında protokol çıxışlarlan sonra səhnəyə ilk olaraq Azərbaycan ədəbiyyatının Türkiyədəki fəal təbliğatçısı, yazar və şair İmdad Avşar çıxıb. İmdad Avşar Xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılığı ilə bağlı çıxışından sonra şairənin şeirlərindən nümunələr səsləndirib.

Türkiyəli şair və “Qardaş qələmlər” jurnalının baş redaktoru Əli Akbaş da tədbirdə yubilyarın şeirlərini oxuyub. AYB sədri Anar anası haqqında fikir və düşüncələrini bölüşüb, Nigar Rəfibəylinin şair və şəxsiyyət kimi məziyyətlərindən söz açıb. Xalq yazıçısı tədbirin təşkilatçılarına, Gümüşhanə valiliyinə və şəhər bələdiyyəsinə minnətdarlığını bildirib.

Avqustun 16-da isə tədbirlər gümüşhaneli şair Nəbi Üçüncüoğlunun doğulduğu Torul ilçəsində davam etdirilib. Buradakı proqramlarda da Nigar Rəfibəylinin və Nəbi Üçüncüoğlunun şeirləri oxunub, xatirəsi anılıb.

Sevinc ABDULLAYEVA

 





22.08.2013    çap et  çap et