525.Az

Rəsmi İrəvan Azərbaycan prezidentinin bəyanatından ciddi nəticə çıxarmalıdır


 

"QARŞI TƏRƏF PROBLEMİN SÜLH YOLU İLƏ HƏLLİ İSTİQAMƏTİNDƏ REAL ADDIMLAR ATMADIĞI TƏQDİRDƏ, HƏRBİ VARİANT HƏR AN İŞƏ DÜŞƏ BİLƏR"

Rəsmi İrəvan Azərbaycan prezidentinin bəyanatından ciddi nəticə çıxarmalıdır<b style="color:red"></b>

Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Ermənistanın ünvanına səsləndirdiyi fikirlər ekspert mühtində ciddi müzakirə mövzusuna çevrilib.

Dövlət başçısı görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, məsələnin hələ də həll olunmamasının səbəblərindən danışıb və Nikol Paşinyan hakimiyyətini düşmən ölkəni idarə etmiş hərbi xunta rejiminin səhvlərini təkrarlamamağa çağırıb ki, bu da problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə regionun gərginlik ocağından tamamilə xilas olaraq bütöv əməkdaşlıq məkanına çevrilməsi üçün başlıca şərtdir.

Prezident münaqişə ilə bağlı iki il bundan əvvəl baş vermiş Aprel döyüşlərindən danışaraq bildirib ki, dörd gün davam edən müharibə zamanı Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib: "Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq".

Prezident qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar: "Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir".

Prezidentin Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlərə münasibət bildirən Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur. O, "Trend"ə bildirib ki, dövlət başçısı çıxışlarında dəfələrlə Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb: "Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməli, beynəlxalq təşkilatların qərarlarını icra etməli, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Azərbaycan torpaqlarının bir qarışı da işğal altında qala bilməz. Prezident İlham Əliyevin məqsədi bu problemi sülh yolu ilə həll etməkdir. Ona görə də dövlət başçısı Ermənistanın indiki hakimiyyətini köhnə hakimiyyətin səhvlərini təkrarlamamağa çağırdı. Prezident İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə aprel döyüşlərini də xatırladı və bildirdi ki, bu döyüşlərdə Ermənistanın acı məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı".

T.Rzayevin sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti köhnə rejimin səhvlərini təkrarlayarkən anlamalıdır ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etməyə qadirdir: "Çox təəssüf ki, Ermənistanın bugünkü rəhbərliyi əvvəlki hakimiyyətin yolunu tutur, quldur dəstəsinin yolu ilə gedir, işğalçılıq siyasətindən əl çəkmək istəmir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sonuncu bəyanatından sonra rəsmi İrəvan ciddi düşünməlidir: "Əgər düşünməsələr, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək".

Analitik Ehtiram Aşırlı isə qeyd edib ki, Ermənistanın yeni rəhbərliyinin əvvəlki rejimin səhvlərini təkrarlaması işğalçı ölkənin məhv olması ilə nəticələnəcək: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıtmağın həsrəti ilə yaşayırlar. Düşmən bilməlidir ki, bu həsrətlə yaşayan Azərbaycan xalqı heç bir zaman işğalla barışmayacaq. Azərbaycan xalqı mərd xalqdır və torpaqlarımızın işğal altında qalması ilə barışa bilməz. Aprel döyüşləri də Azərbaycan xalqının mərdliyini, igidliyini nümayiş etdirdi. Bu baxımdan Prezident İlham Əliyevin də vurğuladığı kimi, Aprel döyüşlərindən sonra işğalçı ölkə bir daha özünə gələ bilməyib. Ermənistan ictimaiyyəti hələ də biabırçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilməyib".

Analitik qeyd edib ki, Ermənistan siyasi, iqtisadi, mədəni, hərbi, həmçinin, demoqrafik baxımdan böhran içərisindədir: "Lakin belə görünür ki, işğalçı ölkə bütün bunlardan dərs çıxartmayıb. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sərt bəyanatlar səsləndirməsi göstərir ki, o da bundan əvvəlki kriminal rejimin səhvlərini təkrarlayır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, yeni hökumət köhnə diktatura rejiminin yolunu getməməli və qoşunları işğal altında olan Azərbaycan torpaqlarından çıxartmalıdır. Əks halda Ermənistan növbəti dəfə Azərbaycan Ordusunun gücünə şahid olacaq ki, bu da işğalçı ölkənin sonu deməkdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz heç bir zaman icazə verməyəcəyik ki, Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövləti yaransın".

Ceyhun ABASOV

 





13.11.2018    çap et  çap et