525.Az

Bakı-Sofiya əməkdaşlığına mane olmaq istəyən qüvvələr var


 

"BAKIYA TEZ-TEZ SƏFƏR EDƏN BOLQARISTANIN BAŞ NAZİRİ BOYKO BORİSOV AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI ƏNGƏLLƏMƏK İSTƏYƏN QRUPLARIN NEYTRALLAŞDIRILMASINA ÇALIŞMALIDIR"

<b style="color:red">Bakı-Sofiya əməkdaşlığına mane olmaq istəyən qüvvələr var</b>

Bu yaxınlarda Sofiyada Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib.
 
İclasda komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Bolqarıstan tərəfdən isə iclasda Bolqarıstanın energetika naziri Temenujka Petkova iştirak edib.

Görüşdə kənd təssərrüfatı naziri İ.Kərimov iki ölkə arasındakı əməkdaşlığın vacibliyindən danışıb. Ancaq İ.Kərimovun görüşdə səsləndirdiyi bir fikri daha çox diqqəti cəlb edir. O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların Bolqarıstan bazarına çıxarılmasının qarşısı alınmalıdır. Nazir vurğulayıb ki, ümumiyyətlə, Bolqarıstan, eləcə də digər Avropa İttifaqı ölkələri separatçı rejimlə əməkdaşlıq etməməlidir.

Nazir bununla nə demək istəyib?

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, görünür, Ermənistan Dağlıq Qarabağda istehsal olunan malları Bolqarıstan bazarına çıxartmağa çalışır və bundan rəsmi Bakının xəbəri var: "Hər yerdə olduğu kimi, Bolqarıstanda da erməni lobbisi var. Qarabağ mallarının Bolqarıstan bazarına çıxarılmasında bu lobbinin də əli var. Ona görə də rəsmi Bakı Sofiyanı xəbərdar edir ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən Bolqarıstan bu cür təxribatların qarşısını almalıdır".

Politoloq bildirib ki, Bakı Sofiya ilə enerji əməkdaşlığını genişləndirməyə ümidlidir: "Azərbaycan 2020-ci ildən etibarən Bolqarıstana ildə 1 milyard kubmetr qaz satmaq istəyir. Azərbaycan qazı Bolqarıstan istehlakının təxminən 30 faizini əhatə edəcək. Bu, Bolqarıstanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq".

Buna baxmayaraq, Azərbaycan-Bolqarıstan enerji əməkdaşlığına mane olmaq istəyən qüvvələrin olduğunu deyən E.Şahinoğlunun sözlərinə görə, birincisi, Rusiya istəmir ki, Azərbaycan öz qazını Bolqarıstana çatdırsın: "Bolqarıstanda Rusiyanın neft şirkətləri ilə əlaqələri olan qruplar var. Hakimiyyətin müxtəlif qollarında yer alan bu qruplar maliyyə dəstəyi qarşılığında Bolqarıstanda Rusiyanın maraqlarını qoruyurlar. Bu şəxslər Bolqarıstandakı erməni lobbisi ilə sıx əlaqəlidirlər. Azərbaycan Bolqarıstanda möhkəmlənmək üçün bu qüvvələrlə mübarizə aparmalıdır. Ancaq bu mübarizədə Bakı Sofiyanın dəstəyinə ümid edir. Çünki Azərbaycanın enerji resursları Bolqarıstan üçün daha faydalıdır, Bolqarıstan üçün alternativ enerji resurslarına yol açır. Ona görə də Bakıya da tez-tez səfər edən Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycanla əməkdaşlığı əngəlləmək istəyən qrupların neytrallaşdırılmasına çalışmalıdır".

C.ABASOV

 





13.11.2018    çap et  çap et