525.Az

Dilçilik elminə dəyərli töhfə


 

Dilçilik elminə dəyərli töhfə<b style="color:red"></b>

Bu yaxınlarda nəfis şəkildə “Elm” nəşriyyatında çapdan çıxan “İzahlı dilçilik terminləri lüğəti”nin  Nəsimi adına Dilçilik İnstitutunda təqdimatı keçirilmişdir.

Təqdimatı AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə açmış, akademik Möhsün Nağısoylu, professor Qəzənfər Kazımov, professor İsmayıl Məmmədli , professor İsmayıl Kazımov ,professor Sayalı Sadıqova və Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli çıxış etmişdir. Hazırda terminologiya xüsusi diqqət mərkəzində olmuş, lüğətlərin meydana gəlməsi sahəsində müəyyən işlər görülmüş və görülməkdədir. Müstəqillik illərində Azərbaycan dilində elmin əksər sahələrində işlədilən terminlər sistemləşdirilərək 150-yə qədər lüğət tərtib edilmişdir.

Uzun illər ərzində dilçilik elmin bir çox sahələrinin sistemli şəkildə araşdırılması onun formalaşmasına və inkişafına təkan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Məhz buna görə də, elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır. Bu baxımdan tərtib olunan “İzahlı Dilçilik terminləri lüğətin”də dilçilikdə istifadə olunan terminlər toplanmış və onların ana dilində izahı verilmişdir.Terminologiyanın dilin lüğət tərkibində xüsusi bir yeri vardır. Terminlər xüsusi elmi anlayışlar sistemidir. Odur ki, hər bir elm terminlər sisteminə malikdir. Müasir dövrdə terminologiya həm nəzəri, həm də praktik cəhətdən hərtərəfli öyrənilir, tədqiqat işləri yazılır, yeni-yeni araşdırmalar aparılır, ədəbi dilin leksik-semantik sistemində tutduğu yer müəyyənləşdirilir və sistemləşdirilir, unifikasiya edilir. Bunun müqabilində də terminləri şərh və izah edən müxtəlif tipli lüğətlər meydana gəlir. Qloballaşma dövründə Azərbaycan

dilində sürətlə müxtəlif elm sahələrinə aid yeni terminlər yaranır. Bu terminlərin toplanması, unifikasiya edilməsi baxımından izahlı lüğətlərin tərtibi mühüm əhəmiyyət kəsb edir. Hazırda dilçilik elminin geniş tədqiqi ilə bağlı (ədəbiyyatlarda həmin sahədəki vəziyyəti əks etdirən) yeni terminlər və sözlər dinamik inkişafdadır. Dinamik inkişafla bağlı, bu sahədə müasir biliklər əsasında formalaşmış terminlər daima yaranır.
 
Bütün bunlarla yanaşı, hazırda dilçiliyin sahələri genişlənmiş və çoxlu tədqiqat əsərləri yazılmışdır. Bunun nəticəsində bu sahədə yeni terminlər yaranmışdır. Müxtəlif dilçilik məktəblərinin və cərəyanların yaranması, ən geniş yayılmış terminlərin dilə gətirilərək fərqli mənalarda işlədilməsi və s. daha böyük, akademik dilçilik terminləri lüğətinin hazırlanmasını tələb edirdi. Bu terminləri toplamaq ,yeni lüğətlər hazırlamaq zamanın tələbidir. Uzun çalışmalardan sonra ərsəyə gələn bu lüğətin özündən əvvəlkilərdən əsaslı fərqi ondan ibarətdir ki, dilçiliyin bütün sahələri ilə bağlı terminlər toplanmış və onların mənası, mahiyyəti ətraflı izah edilmişdir. Məhz bu cəhətlər əsas götürülərək, müasir tələblər nəzərə alınaraq belə bir lüğət – yeni fundamental “İzahlı dilçilik terminləri lüğəti”(Bakı, Elm, 2018) ərsəyə gəldi. 912 səhifədən ibarət lüğət sözlüyü, öz izahı və tərtibi prinsipləri ilə indiyə qədər çap olunan lüğətlərdən fərqlənir. Lüğət həm sözlüyünə görə, həm geniş tutumlu şərhinə görə, həm də normativliyinə görə diqqəti cəlb edir.

Təqdim olunan termin və anlayışların məqalələr şəklində verilməsində əlifba prinsipi əsas götürülmüşdür. Belə yanaşma terminlərin Azərbaycan dilində geniş izahının asan əldə edilməsinə kömək edir. Lüğəti tərtib edən zaman yeni anlayışların ifadəsi üçün alınma terminlərdən çox sözseçmə prinsipinə – dilin lüğət tərkibində işlənən, ya da kalka yolu ilə yaradılan terminlərə üstünlük verilmişdir. Bununla yanaşı, son illərdə Avropa dillərindən dilimizə keçən beynəlxalq dilçilik terminlər mənbədə olduğu kimi verilmişdir. Alınma terminlər Azərbaycan dilinin qaydalarına uyğunlaşdırılaraq izahı veril-mişdir. Terminlərin izahı elə qurulmuşdur ki, təsnifat nəticəsində onlar arasında yaranmış əlaqə itməsin. Lüğət tərtib edilərkən aşağıdakı istiqamətlər nəzərə alınmışdır: milli dilimizdə yaranan terminlər, vaxtilə rus dilindən və rus dili

vasitəsilə başqa dillərdən alınma terminlər, hal-hazırda qohum türk dillərindən alınma sözlər və dilimizə Avropa dillərindən birbaşa keçən terminlər.

Terminologiya Komissiyasının sədr müavini, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqovanın rəhbərliyi ilə nəşr olunan “İzahlı dilçilik terminləri lüğəti” həcminə görə nəşr olunan sözlüklərdən fərqlənir. Lüğətdə 8500 qədər termin toplanmış və izah olunmuşdur ki, bunlar da müasir dil, dil tarixi, dialektologiya, üslubiyyat, nitq mədəniyyəti, onomastika, müqayisəli və tətbiqi dilçiliklə bağlıdır. Lüğəti Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları: professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Ab-dullayeva, Svetlana Novruzova, Şəbnəm Həsənli-Qəribova tərtib etmişdir. Bu lüğət Azərbaycan dilçilik elminə qiymətli bir hədiyyədir. Əsər müstəqilliyimiz dövründə Azərbaycan dilinə daxil olan yeni terminlərin şərhi baxımından çox dəyərlidir. Lüğət normativlik prinsipi əsasında yazılmışdır. Sözlük hazırlanarkən ali və orta məktəb dərsliklərində, dərs vəsaitlərində işlənərək sabitləşmiş terminlər əsas götürülmüşdür.

“İzahlı dilçilik terminləri lüğəti” öz orijinallığı və həcmi baxımından fərqlənir, müasir tələblərə cavab verir. Lüğətin tərtibində aşağıdakı prinsiplər əsas götürülmüşdür:

1. Lüğətdə bütün baş terminlər əlifba sırası ilə verilmişdir.

2. Terminlərin izahı Azərbaycan dilində məqalələr şəklində verilmişdir.

3. Terminlərin izahı Azərbaycan dilində konkret və dəqiq verilmişdir.

4. Müxtəlif mənalar verilən zaman onlar arasında nöqtəli vergül qoyulur.

Yeni lüğətin ən dəyərli cəhətlərindən biri də budur ki, burada dilimizə son dönəmlərdə təzə daxil olan dilçilik terminləri də verilmişdir. “İzahlı dilçilik terminləri lüğəti”ndə dilimizə yeni daxil olan slenq, dil korpusu, konsept, koheziya, koherensiya, koqnitiv tipl terminlər də öz əksini tapmışdır. Bu cür yeni dilçilik terminlərinin lüğətdə əksini tapması müsbət hadisədir. Təqdim olunan termin və anlayışların məqalələr şəklində verilməsində əlifba prinsipi əsas götürülmüşdür. Belə yanaşma terminlərin Azərbaycan dilində geniş izahının asan əldə edilməsinə kömək edir. Bu sahədə mövcud olan terminləri toplayıb izahını verməklə ixtisas sahibi olan mütəxəssislərin o cümlədən, dilçilik əsərlərini oxuyarkən ortaya çıxan çətinlikləri mümkün qədər qarşısını almaq məqsədi daşıyır.

Azərbaycan dilçiliyində riyazi dilçilik, koqnitiv dilçilik, mətn dilçiliyi, sosiolinqvistika, kompüter dilçiliyi kimi yeni sahələrin formalaşması onun termi-nologiyasının zənginləşməsinə, inkişaf etməsinə təkan verdi. Bu inkişaf və zən-ginləşmə yeni lüğətdə özünü bariz şəkildə göstərir. Lüğətə Azərbaycan Res-publikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova geniş ön söz yazmışdır. Professor burada lüğətin əsas prinsiplərini və meyarlarını şərh etmişdir.

Məlumdur ki, dilçilikdə işlədilən terminlərin bir qismi ortaq, həmhüdud terminlərdir. Yəni dilçilikdə işlədilən bəzi terminlər digər elm sahələrində də işlədilir. Ancaq spesifik dilçilik terminləri də mövcuddur. Yeni lüğətdə hər iki tipli terminlər öz əksini tapmışdır. Lüğətin müsbət məziyyətlərindən biri də budur ki, orada hər bir terminin anlamı, terminoloji funksiyası haqqında geniş məlumat verilir. Yeni lüğətin dili və üslubu çox anlaşıqlıdır. Lüğətin baş redaktorları: akademik İsa Həbibbəyli və akademik Möhsün Nağısoylu, elmi redaktoru – profes-sor Sayalı Sadıqova, rəyçilər: akademik Nizami Cəfərov və professor Qəzənfər Ka-zımovdur. Lüğət, xüsusilə, filoloqlarımız, dilçi-alimlərimiz üçün çox dəyərli bir mənbədir. İnanırıq ki, bu lüğət hər bir Azərbaycan dilçisinin stolüstü kitabı ola-caqdır. Onu da qeyd edək ki, yüksək elmi səviyyədə hazırlanmış “İzahlı dilçilik terminləri lüğəti” müasir tələblərə tam cavab verir və yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Hətta türk xalqları dilçiliyində akademik lüğətin tərtibində nümunəvi bir mənbədir. Sistemləşdirmə, tərtib etmə, sözlük baxımından səciyyəvi olan bu lüğət gələcəkdə yaranan terminoloji ensiklopediyalar üçün baza hesab edilə bilər.

 





13.11.2018    çap et  çap et