525.Az

Tokioda “Azərbaycan musiqisi axşamı” - Fotolar


 

Tokioda “Azərbaycan musiqisi axşamı” - <b style="color:red">Fotolar </b>

Tokionun tanınmış əyləncə mərkəzlərindən olan Akasaka rayonunda yerləşən “Kibuniya” restoranında keçirilən “Azərbaycan musiqisi axşamı” adlı konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
 
Konsertdə şəhərin musiqisevərləri, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin fəalları, diasporumuzun nümayəndələri iştirak ediblər.

Artıq neçə illərdir ki, Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın və yapon musiqiçi Kiyoşi Ohiranın tarda və sazda səsləndirdiyi milli musiqi nömrələri və bəstəkar mahnıları tamaşaçıların böyük marağına səbəb olub.

Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan, onun qədim və zəngin musiqi mədəniyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Bütün dünyada yaxşı tanınan Azərbaycan muğamının və aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi xüsusi vurğulanıb.

Konsertdə Azərbaycan milli musiqisi nümunələri, bəstəkar mahnıları və caz musiqisi səslənib. “Dağların başı”, “Azərbaycan maralı”, “Bayatı -Şiraz”, “Sarı gəlin”, “Ay Laçın”, Tofiq Quliyevin “Özgə xəyal eyləmə”, Üzeyir Hacıbəylinin “O, olmasın, bu olsun” komediyasından mahnı, Qəmbər Hüseynlinin “Ay işığında”, Adil Gərayın “Yar gəldi” mahnıları, məşhur caz ustası Vaqif Mustafazadənin yaradıcılığından nümunələrin məharətli ifası tamaşaçıların alqışlarına səbəb olub. Kiyoşi Ohiranın sazda ifa etdiyi musiqi nömrələri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda göstərdikləri diqqətə görə tamaşaçılara minnətdarlığını bildirən Gülnarə Səfrova onları noyabrın 25-də Tokioda keçiriləcək tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunan konsertə dəvət edib.

Konsertdən sonra təəssüratlarını bölüşən Tokio sakini Nakamura Gunko deyib: “Çox gözəl musiqi axşamı və unudulmaz ifalar idi. İlk dəfə idi ki, Azərbaycan musiqisi ilə canlı tanış olurdum. Həm Gülnarə Səfərova, həm də Kiyoşi Ohira Azərbaycan musiqisini Yaponiyada çox gözəl təqdim etdilər. Siz özünüz də dinləyicilərin musiqiçilərin ifasını necə hərarətlə qarşıladığının şahidi oldunuz. Həzin və gözəl Azərbaycan musiqisi məndə çox xoş hisslər doğurdu. Maraqlı konsertə görə minnətdarlığımı bildirir, ifaçılara uğurlar arzulayıram”.

AzərTAc

 





13.11.2018    çap et  çap et