525.Az

Ermənistan KTMT-də etibarını itirib


 

"TƏŞKİLATA ÜZV DÖVLƏTLƏR BU ÖLKƏNİN DAHA BİR NÜMAYƏNDƏSİNİ BAŞ KATİB POSTUNDA GÖRMƏK İSTƏMİRLƏR"

<b style="color:red">Ermənistan KTMT-də etibarını itirib</b>

Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammitində Ermənistana qarşı kəskin mövqe sərgilənib.

Sammitdə təşkilatın ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi Yuri Xaçaturov baş katib vəzifəsindən vaxtından əvvəl azad edilsə də, onun əvəzinə erməni namizədin bu posta təyin olunmasına imkan verilməyib. Halubki prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi.

Sammitə ev sahibliyi edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş katib məsələsində fikir ayrılığının yarandığını qeyd edib. O, rus dili üzrə əlifba ardıcıllığına uyğun olaraq Ermənistandan sonra növbəti baş katibin Belarusdan təyin edilməli olduğunu bildirib. Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə salıb. Ermənistan rəhbərliyi İrəvan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını və qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirib. Sammitin video-yazılarında da Ermənistan nümayəndə heyətinin müzakirələrdən narazı qaldığı aydın şəkildə görsənir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi İrəvan bir çox istiqamətlərdə yanlış siyasət yürüdür. O, "Trend"ə bildirib ki, bu, Ermənistanın KTMT-nin Astana sammitindəki uğursuzluğudur.

Deputatın sözlərinə görə, Ermənistanın qonşu dövlətlərə münasibətdə yürütdüyü siyasət təşkilata məlumdur: "Rəsmi İrəvan elə bu siyasətinə görə KTMT üçün əlavə yük və problemdən başqa bir şey deyil. Ümumiyyətlə, təsis olunmasından etibarən KTMT-yə Ermənistan qədər zərbə vuran ikinci bir dövlət olmayıb. Təşkilatın baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması isə qurumun nizamnaməsinə ən böyük hörmətsizlikdir".

Analitik Ehtiram Aşırlı isə bildirib ki, Ermənistanın KTMT ölkələrinə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etmək cəhdləri boşa çıxıb: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad olunub. Qərarı KTMT Şurası qəbul edib. Bununla da Ermənistan tərəfindən başladılan Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru sona çatıb. KTMT baş katibinin səlahiyyətlərini müvəqqəti olaraq Xaçaturovun müavini Valeri Semerikov yerinə yetirəcək. Rəsmi İrəvan Yuri Xaçaturovun geri çağırılması haqqında qərarı onun "1 mart işi"nə təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün qəbul edib. Yuri Xaçaturova qarşı "Konstitusiya quruluşunun devrilməsi" maddəsi ilə cinayət işi bu ilin iyulunda açılıb. O, azadlığa girov əsasında buraxılıb".

Analitikin sözlərinə görə, Astanada keçirilən zirvə görüşü bir daha göstərir ki, Ermənistan KTMT-də etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər: "Ermənistan hakimiyyəti hər zaman KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etməyə çalışıb. Lakin rəsmi İrəvanın bu cəhdləri nəticə verməyib. Çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir".

Beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylov da hesab edir ki, bundan sonra Ermənistan nümayəndələrinin bəyanatlarına KTMT-də başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və heç də Ermənistanın lehinə deyil. Rəsmi Moskvanın kəskin reaksiyası isə vəziyyəti daha da mürəkkəbləşdirib. Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət qurumun nüfuzuna da xələl gətirib. Bundan sonra nə olacaq? İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Çox güman ki, son qərar 6 dekabr tarixində Sankt-Peterburqda veriləcək".

Deputat Eldəniz Səlimov qeyd edib ki, Ermənistan bu dəfə ağır zərbəni, tərs şilləni çox güvəndiyi təşkilatdan alıb. O, SİA-ya bildirib ki, bu, əslində, gözlənilən idi: "Çünki istər Ermənistan, istərsə də əli Azərbaycan xalqının qanına bulaşmış, eyni zamanda, bir zamanlar öz xalqının qanını tökmüş cinayətkar Xaçaturov KTMT üçün artıq əməli-başlı başağrısı idi, onun üçün ciddi problemlər yaradırdı".

Deputatın sözlərinə görə, çox yaxşı haldır ki, bunu KTMT-nin üzvü olan digər dövlətlər, onların liderləri də zamanında başa düşdülər və özlərini Xaçaturov biabırçılığından qurtardılar: "Bu, həm də Azərbaycanın, KTMT-nin üzvü olmasa da, bu quruma təsirini, onun çəkisini və nüfuzunu bir daha açıqlığı ilə ortaya qoyub. Yəni KTMT-dəki dövlətlər belə bir mövqe sərgiləməklə həm də Azərbaycanla münasibətləri daha üstün tutub, onunla hesablaşıblar".

E.Səlimov hesab edir ki, bu məsələ Ermənistanda mövcud olan qeyri-sabit durumu daha da gərginləşdirəcək: "Ermənistan bu uğursuzluğun şokunu hələ çox yaşayacaq. Necə ki, Ermənistan öz işğalçılıq və təzavüzkarlıq siyasətlərindən əl çəkməyib, şovinizm xəstəliyindən qurtulmayıb, onların uğursuzluqlarının davamı ard-arda gələcək. Ermənistan belə davam etsə, təcrid vəziyyətini dərinləşdirəcək".

Deputat Elman Məmmədov isə bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yamaq, əlavə yükdür: "Çünki Ermənistan bu təşkilata heç bir töhfə vermək iqtidarında deyil".

Azərbaycanın KTMT-yə üzv olan 6 ölkənin 5-i ilə ən yüksək səviyyədə əməkdaşlıq münasibətlərinə malik olduğunu deyən deputat həmin ölkələrin Ermənistanla heç bir sərhədə və əlaqəyə malik olmadığını dilə gətirib. O deyib ki, Ermənistan KTMT-də etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur: "Bu, dəfələrlə Ermənistan nümayəndələrinə də deyilib. Buna sübut son baş verən hadisələrdir".

Deputatın sözlərinə görə, Ermənistan tək bu təşkilatda yox, ümumiyyətlə, üzv olduğu bütün təşkilatlarda problem, qarışıqlıq, təxribat yaratmaqdan başqa heç nəyə lazım deyil: "Ona görə də təşkilatlar bir növ Ermənistandan canlarını qurtarmaq istəyirlər".

Ermənistanın müstəqil dövlət olmadığını xatırladan E.Məmmədov hesab edir ki, işğalçı ölkədə qarşıdakı seçkilər heç də sakit şəraitdə keçməyəcək, Paşinyanın qurduğu planlar tamamilə alt-üst ola bilər: "Çünki Koçaryan, Sarkisyan, eləcə də müxalifətin digər simaları hələ tamamilə zərərsizləşdirilməyiblər. Onların orduda, cəmiyyətdə, parlamentdə kifayət qədər tərəfdarları var. Bu səbəbdən seçki ərəfəsində Ermənistanda ciddi qarşıdurmaların olması gözləniləndir".

Qeyd edək ki, 2008-ci ildə Ermənistanda prezident seçkilərindən sonra etirazlar başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları bildiririblər ki, seçkidə məhz Ter-Petrosyan qələbə qazanıb. Onlar səsvermənin nəticələrinə yenidən baxılmasını tələb ediblər. Lakin 2008-ci il martın 1-də nümayişlər zor gücü ilə dağıdılıb. Bu zaman silahdan istifadə edilib, səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı olmaqla on nəfər həlak olub.

KTMT-nin baş katibi postundan azad edilən Yuri Xaçaturov kütləvi etiraz aksiyaları zamanı İrəvan Silahlı Qüvvələr qarnizonunun rəisi olub və istintaqın versiyasına görə nümayişin dağıdılmasına rəhbərlik edib.

Ceyhun ABASOV

 





14.11.2018    çap et  çap et