525.Az

Zəlzələ İsmayıllıya ziyan vurdu


 

Zəlzələ İsmayıllıya ziyan vurdu<b style="color:red"></b>

Dünən İsmayıllı şəhərindən 17 kilometr cənub-şərqdə 5 bal gücündə baş verən zəlzələ nəticəsində rayondakı bir sıra tikililərdə böyük çatlar əmələ gəlib.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov APA-nın yerli bürosuna bildirib ki, zəlzələ nəticəsində əsasən rayonun Kəlbənd, Girk, Şükürçü, Yenikənd, Quşencə, Soltankənd, Ustal kəndlərində fərdi yaşayış evlərinin, təsərüfat xarakterli tikililərinin divarlarında böyük çatlar əmələ gəlib.

Zəlzələ zamanı dağıntı və tələfat olmasa da, rayon mərkəzində və kəndlərdə mövcud olan 115 köhnə ev qəzalı vəziyyətə düşüb. Qəzalı vəziyyətə düşən evlərin əksəriyyəti əvvəllər torpaq sürüşməsi səbəbindən ziyan cəkən evlərdir. Zəlzələ zamanı həmin evlərin divarlarındakı çatlar bir az da böyüyüb və mənzillər yaşayış üçün təhlükəli həddə çatıb. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri hazırda vətəndaşların müraciəti əsasında kəndlərdə olur, zəlzələ və torpaq sürüşməsindən ziyan çəkən mənzillərin vəziyyəti ilə tanış olurlar.

Qeyd edək ki, ötən il torpaq sürüşməsi nəticəsində İsmayıllı şəhərində və 28 kənddə 155 evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.

 





08.10.2012    çap et  çap et