525.Az

"Caspian Ecology" sərgisi fəaliyyətə başladı: "Təbiəti dəyişmə, özünü dəyiş!"


 

EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİDƏ DÜNYANIN 8 ÖLKƏSİNDƏN 43 ŞİRKƏT İŞTİRAK EDİR

"Caspian Ecology" sərgisi fəaliyyətə başladı: "Təbiəti dəyişmə, özünü dəyiş!"<b style="color:red"></b>

Bu gün 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi (Caspian Ecology 2018) fəaliyyətə başlayıb.

Dünən sərginin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən "Caspian Event Organisers" (CEO)  şirkətinin rəhbəri Edvard Stron bildirib ki, "Caspian Ecology" sərgisində dünyanın 8 ölkəsindən 43 şirkət iştirak edir: "Sərgidə ilk dəfə iştirak edənlər arasında "Advanced Industrial Solutions" (Azərbaycan), "Azerekov" (Azərbaycan), "AzerGold" (Azərbaycan), "Finnish Water Forum" (Finlandiya) və digərlərini qeyd etmək olar".

Sərgi çərçivəsində 2 konfransın keçiriləcəyini deyən CEO rəhbəri qeyd edib ki, bunlardan biri balıqçılıq, digəri vəhşi təbiətin qorunmasına həsr olunub: sərgi çərçivəsində noyabrın 15-də "Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru", noyabrın 16-da isə "Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq" mövzusunda beynəlxalq elmi konfranslar keçiriləcək".

E.Stronun sözlərinə görə, birinci tədbir "Xəzər regionunda akvakulturanın inkişaf prioritetləri və imkanları" və "Regional problemlərin müəyyən edilməsi, idarəetmə vasitələri və balıq ehtiyatlarının mühafizəsi" sessiyalarından ibarət olacaq: "Konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların kəskin azalması və qeyri-qanuni balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və digər məsələləri müzakirə etməkdir".

CEO rəhbəri bildirib ki, ikinci tədbirin isə məqsədi bioloji müxtəlifliyin qorunması, regionun təbii bərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək və regional əməkdaşlığı genişləndirməkdir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə qeyd edib ki, sərginin təşəbbüskarı Prezident İlham Əliyevdir: "Dövlət başçısının sərəncamı ilə 2010-cu il ölkədə "Ekologiya İli" elan edilmişdi. Həmin dövrdə prezident ətraf mühtin mühafizəsi mövzusunda belə bir sərginin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Nəticədə artıq 9-cu dəfədir ki, Azərbaycanda ekologiya sahəsində beynəlxalq əhəmiyyətli sərgi keçirilir".

Sərgi çərçivəsində baş tutacaq konfranslardan danışan nazir müavini qeyd edib ki, balıqçılığın aktual problemləri mövzusunda keçiriləcək tədbirdə bir sıra ölkələrin tanınmış mütəxəssisləri və balıqçılıq təsərrüfatı institutlarının rəhbərləri iştirak edəcəklər. O, hazırda balıqçılıq sahəsində mövcud problemlərə toxunub, qanunsuz balıq ovunun təşkilinin Xəzər dənizin ekologiyasına vurduğu ziyanlardan danışıb.

Balıqçılıqla bağlı 2014-cü ildə qanun qəbul edildiyini, 2017-ci ildə isə Nazirlər Kabinetində akvakulturanın həyata keçirilməsi qaydalarının təsdiq olunduğunu diqqətə çatdıran F.Əliyev qadağalara rəğmən qanunsuz balıqçılığın qarşısının alınmasıyla bağlı hələ də müsbət nəticənin əldə olunmadığını deyib.

Nazir müavini bildirib ki, konfransın təşkilinin məqsədi məhz bu sahədə qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.

F.Əliyev ekoloji problemlərlə bağlı günümüzdə aktuallıq təşkil edən digər mövzunun biomüxtəlifliklə bağlı olduğunu deyib. Onun sözlərinə görə, vəhşi heyvanların müdafiəsinə həsr edilmiş ikinci konfransda bu məsələ ətraflı müzakirə olunacaq.

Daha sonra çıxış edən sərgi meneceri Jalə Məmmədova qeyd edib ki, sərgi "Təbiəti dəyişmə, özünü dəyiş!" devizi altında təşkil edilir: "Bu, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. "Caspian Ecology" sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə "Caspian Event Organisers" şirkəti çıxış edir".

J.Məmmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin, "Azərsu", BP, GIZ, "Socar Polymer", eləcə də digər şirkət və qurumların hər il sərgidə fəal şəkildə iştirak etdiyini bildirib.

Sərgi menecerinin sözlərinə görə, ümumilikdə, sərgidə təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ enerji üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq: "Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız və karton istehsalı  və digər məhsulları təqdim edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq iştirakçılar arasında görüşlər, eləcə də müxtəlif seminarlar keçiriləcək. Həmçinin, sərginin birinci iş günü İtaliya Ticarət Agentliyi tərəfindən təşkil edilən B2B formatlı ikitərəfli işgüzar görüşlər olacaq".

J.Məmmədova əlavə edib ki, sərgi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək. O, sonda hər kəsi təbiəti qorumağa çağırıb.

Nazir müavini F.Əliyev isə çağırışa qoşularaq bildirib ki, ekologiyanı qorumaqla həm də özümüzü qoruyuruq.

Qeyd edək ki, sərgi noyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Ceyhun ABASOV

 





14.11.2018    çap et  çap et