525.Az

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində


 

Britaniya Şurasının rəhbəri Bakı Ali Neft Məktəbində<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb.

BANM-dan verilən məlumata görə, görüşdə həmçinin Britaniya Şurasının İngilis dili və təhsil proqramları üzrə meneceri Nərgiz Hüseynova, İmtahan xidmətləri üzrə menecer Nərgiz Əkbərova və BANM-ın əməkdaşları iştirak ediblər.

Qonaqları Ali Məktəbdə salamlayan rektor Elmar Qasımov Azərbaycanda ingilis dilinin tədrisi və inkişafında Britaniya Şurasının böyük rolu olduğunu bildirib. BANM-da tədrisin ingiliscə olduğunu vurğulayan rektor Ali Məktəbin ilk illərindən Britaniya Şurası ilə İELTS imtahanlarının təşkil olunması istiqamətində əməkdaşlıq etdiyini bildirib.

BANM-da qonaq olmaqdan məmnunluq hissi keçirdiyini bildirən Samr Şah Ali Məktəb və onun tələbələri haqqında çox müsbət fikirlər eşitdiyini bildirib. Cənab Şah həmçinin qeyd edib ki, BANM-ın tələbləri arasında Britaniya Şurasında təcrübə keçənlər vardır və onlar digər təcrübəçilərdən həm dil, həm də digər bacarıqlarına görə fərqlənirlər. Daha sonra qonaq Ali Məktəbi 2019-cu ildə Almaniyada keçiriləcək “Going Global” adlı beynəlxalq təhsil konfransında iştirak etməyə dəvət edib.

Görüşdə həmçinin BANM ilə Britaniya Şurasının əməkdaşlığının inkişaf etdirilməsi, gələcəkdə kompüter əsaslı imtahanların BANM-ın ən son avadanlıqlarla təchiz olunmuş auditoriyalarında keçirilməsi, həmçinin Britaniya Şurası tərəfindən təşkil edilən seminar, festival və konfranslara BANM-ın əməkdaşları və tələbələrinin cəlb olunması məsələləri müzakirə edilib.

 





15.11.2018    çap et  çap et