525.Az

“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”


 

“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”<b style="color:red"></b>

Müsahibimiz Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim, tanınmış tarixçi-tədqiqatçı Rəşid Nurməmmədov bölgənin dini və milli fərqliliklərlə seçilən mühitinə, onun tarixinə dərindən bələd olan bir ziyalıdır. Onunla söhbətimiz tolerantlıq anlayışının mahiyyətinə ümumi baxış, dözümlülüyün Azərbaycan xalqının həyat tərzinə çevrilməsində mühüm rol oynayan amillər, fərqli dinlərin nümayəndələrinin yaşadığı çoxmillətli Oğuz rayonunun Azərbaycanın tolerantlıq simvollarından biri olması, Qarabağ münaqişəsinin həllindən sonra millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində görülən işlər, milli vəhdətin qorunmasında dövlət və xalq səviyyəsində həyata keçirilən tədbirlər haqqında fikirlər üzərində qurulub.

Bu mövzularla bağlı geniş və maraqlı düşüncələrə malik olan R.Nurməmmədovla söhbətimizə tolerantlıq anlayışının mahiyyətinə ümumi nəzər salmaqla başladıq:

“Tolerantlıq anlayışını bəzən dözümlülük kimi şərh edirlər. Amma mənim fikrimcə, türklərin

xoşgörü ifadəsi daha münasib, daha liberal səslənir. 

Bu mənada ki, tolerantlıq təkcə dini nöqteyi-nəzərdən millətlərin bir-birinə münasibəti deyil. Burada ictimai, siyasi, etnik münasibətlər də əsas yerlərdən birini tutur. Amma Azərbaycan da strateji mövqedə yerləşdiyindən, Şərqlə Qərb arasında körpü rolunu oynadığından ən qədim dövrlərdən müxtəlif xalqların məskəninə çevrilib. Digər xalqlar istər təbii zənginliyinə, istərsə əlverişli mövqeyinə ya hərb yolu, ya da təbii axın vasitəsilə tarixən Azərbaycan ərazisinə gəliblər. Biz ən qədim dövrlərdən başlayaraq buna onlarla misal göstərə bilərik. Bir çox tayfalar daha güclü düşmənlərinin hücumundan qorunmaq üçün Azərbaycana pənah gətirib və buranı özünə həmişəlik Vətən seçib. Bu nöqteyi-nəzərdən tarixin müxtəlif dövrlərində biz Azərbaycan ərazisinə xalqların böyük köçündən tutmuş, sonrakı dövrlərə qədər etnik qrupların, millətlərin məskunlaşdığı bir yer kimi baxırıq”.

R.Nurməmmədov o cümlədən şimal müdafiə istehkamı rolunu oynayan Oğuz rayonunun da bu baxımdan istisna olmadığını bildirib: “Oğuz rayonu qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan bir diyardır. Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olub. Tarixən Qərblə Şərq, Şimalla Cənub arasında strateji mövqe rolunu oynayan Oğuz rayonu yaşayış üçün əlverişli təbii şəraiti ilə tarixin müxtəlif dövrlərində bir çox insanları, qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb edib. Həm qədimlərdə, həm də müasir dövrdə

Oğuz öz yüksək tolerantlıq mühiti ilə seçilən bir bölgə kimi tanınıb. 

İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəklənən diyardır Oğuz rayonu. Mən deyərdim ki, tolerant mühiti ilə seçilən Oğuz dini və milli dözümlülükdə nümunəvi bölgədir. Tarixi mənbələr Oğuzun etnik tərkibinin daim genişləndiyini göstərir. İstər sülh, istərsə də hərb ilə bu zəngin əraziyə kənardan gələn etnoslar buranı özlərinə daimi yaşayış məskəni kimi seçməyə çalışıblar. Həmsöhbətimiz xüsusilə tarixən Azərbaycanda mövcud olan dövlətlər üçün Oğuzun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Tarixi mənbələrə görə, Böyük Qafqaz sıra dağlarından Azərbaycana keçmək üçün 13 dağ keçidi var. Onlardan ikisi Oğuz rayonu ərazisində yerləşir və həmişə də bu keçidlər fəal rol oynayıb. Tarixin müxtəlif dönəmlərində bu keçidlər vasitəsilə yadellilər Azərbaycan ərazisinə hücumlar edib. Təsadüfi deyil ki, məsələn, Daşağıl keçidinin qarşısında Muxas qülləsi yerləşdirilib. Bu abidə eramızın 6-7 əsrlərinə aid müdafiə istehkamı rolunu oynayan, Alban dövlətinə xas olan bir abidədir. Yerli camaatın-Daşağıl əhalisinin dediklərinə görə, orada Qaraul dərəsində onların ilk keşikçi dəstəsi dururdu. Düşmən buradan hücum edəndə onlar tonqal yandırıb Muxas qülləsinə xəbər verirmişlər. Muxas qülləsindən bu tonqal Malux qalasına ötürülürdü. Oradan da Aydınbulaq, daha sonra Göyçayın Gavur qalasına, oradan isə indiki Çuxurqəbələ ərazisində yerləşən Gavur qalaya məlumat ötürülürmüş. Və beləliklə həmin hücumdan cəmi 10-15 dəqiqə sonra Albanıiyanın paytaxtında məlum olurdu ki, şimal keçidini düşmənlər pozublar. Və bunun qarşısını almaq üçün ilk hərbi dəstənin yerləşdirildiyi yer də Malux qalası olub. Burada sayı 1000-1500 nəfərə çatan hərbi dəstə yerləşirdi. Həmin hücumlar zamanı Azərbaycan özünü müdafiə etmək üçün müxtəlif xalqların gücündən istifadə edirdi.

“Burada yaşayan xalqlar, etnoslar daima bir-birinə dayaq olub, kömək ediblər”. 

Qərbdən Şərqə doğru gedən ticarət əhəmiyyətli qədim Xan Yolunun üzərində yerləşən bu torpağın tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olduğunu vurğulayan tarixçi belə bir şəraitin mövcud olmasında Oğuzun tarixi inkişaf xüsusiyyətlərinin, coğrafi mövqeyinin, əhalisinin etnik tərkibinin və sair səbəblərin böyük rol oynadığını diqqətə çatdırıb: “Məhz bu xüsusiyyətlər burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar bu ərazidə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərərək dini həyatın özəlliyini şərtləndirib. Oğuz əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir, Filoloji və etnoqrafik araşdırmalar rayon ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Müxtəlif dövrlərdə Oğuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxarılmış kollektiv dəfn kameraları, tuncdan hazırlanmış at fiqurlarının , qadın fiqurlarının , bu yaxınlarda rayonun Yaqublu kəndi yaxınlığında arxeoloqlar tərəfindən tapılmış öküz təsvirli qırmızı maska vaxtilə bu ərazidə yayılmış olan bütpərəstliyə, animizmə və totemizmə inamın bariz ifadəsidir. Yaşlı insanların dediyinə görə, bu yaxınlaradək Oğuz rayonunun Xaçmaz kəndi ərazisindəki köhnə qəbirstanlıqda ayrı- ayrı qəbirlərin  üzərində daşdan hazırlanmış qoç fiqurları mövcud olub. Arxeoloji qazıntılar zamanı Oğuz rayonu ərazisində müxtəlif dövrlərə aid və müxtəlif dini ayinləri, inancları özündə əks etdirən kurqanlar, adi torpaq qəbirlər, katakomba qəbirləri, daş qutu və küp qəbirlər də aşkar edilib. Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunub. Yəni, inanclar bir-birindən az fərqlənib, biri digərindən təsirlənib, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak edib. Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən – torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxıb. Azərbaycan, o cümlədən Oğuz rayonu ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirərək ona sitayiş ediblər. Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənib. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir”.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





22.08.2013    çap et  çap et