525.Az

"Doğrudanmı, biz bir daha görüşməyəcəyik?"


 

YOL QEYDLƏRİ

"Doğrudanmı, biz bir daha görüşməyəcəyik?"<b style="color:red"></b>

"Doroq tot, kto naxodit vremə çitat, vdvoyne doroq tot, kto çitaet i dumaet". 
V.M.Şukşin

("Oxumağa vaxt tapan dəyərlidir, oxuyan və düşünən isə ikiqat dəyərlidir". V.M.Şukşin)

Yəqin ki, Barnaul  şəhərində  şəhərlərarası avtobusdan düşəndən sonra bizi mərkəzi mehmanxanaya aparan mikroavtobusun üstündə bu yazını və V.M.Şukşinin iri planda şəklini görməsəydim, Altay ölkəsi ilə bağlı bu xatirələrim  yazıya çevrilməyəcəkdi... Sayqıdan təbii ki, təsirləndim. Həm də bu, hər şeydən öncə bu torpağın - Kosixo kəndinin yetirməsi olan Şukşin irsinə və ümumiyyətlə, YAZIYA - Söz sənətinə qayğının, diqqətin təzahürü idi. Elə həmin gün başqa bir mikroavtobusun yan divarında bu diyarın Korkino kəndində dünyaya gəlmiş Robert Rojdestvenskinin şəklini və bir beyt şeirini gördüm.

Əlbəttə, sahibkar avtobusun divarında hər hansı bir reklam yerləşdirməklə para qazana bilərdi, amma hər şey göz qabağında idi...

Mən V.Şukşin və eləcə də R.Rojdestvenski irsinə böyük sevginin təzahürünü daha çox Barnaul şəhər kitabxanalarında, muzeylərdə, klublarda, konsert zallarında müşahidə elədim və elə oradaca bu qərara gəldim ki, Ural, Sibir və Volqaboyu yazıçılarının XIX konfransının Altay ölkəsində, Barnaul şəhərində keçirilməsi təsadüf deyil. Burada söz sənətinə hörmət var. Yeri gəlmişkən, Barnaul şəhərinin mərkəzində yerləşən kitab-satış mərkəzi bizim Mərkəzi univermaqdan böyükdür ki, balaca deyil. Şəhər kitabxanalarında keçirilən görüşlərdə isə hiss elədim ki, burada hələ oxucu azlığından, söz sənətinə soyuq münasibətdən danışmaq tezdi.

... Amma Barnaulda soyuqdu. Hələ noyabrın 2-də Novosibirsk  hava limanında uçaqdan enəndə gördüm ki, qar yağır, hərarət sıfırın altında idi. Barnaulda isə hava daha sərtdi, mənfi yeddi dərəcə və hər yan da təzə yağmış qarla örtülü. Sibir, Ural və Volqaboyu yazıçılarının XIX konfransı belə qarlı bir gündə öz işinə başladı.

Mənim bu umumrusiya tədbirinə dəvət olunmağım isə son on beş ildə çağdaş rus ədəbiyyatından etdiyim tərcümələrlə bağlı idi. Yeri gəlmişkən, konfransda daha bir azərbaycanlı iştirak edirdi. Rusiya vətəndaşı, Rusiyanın Əməkdar Mədəniyyət işçisi, publisist şair, tərcüməçi, Pityax şəhərinin fəxri vətəndaşı Knyaz Qoçaq. Məni sevindirən isə bu ədəbi tədbirdə, taleyini hələ cavanlıq çağlarından Sibirlə bağlayan Knyaza göstərilən ehtiram idi. Hiss eləyirdim ki, konfrans iştirakçıları arasında onu tanımayan şair, yazıçı, ədəbiyyatşünas yoxdur. Ural Federal Dövlət Universitetinin rus və xarici ədəbiyyat kafedrasının professoru, tənqidçi Leonid Bıkov isə RF-sı üçün daha böyük önəm kəsb eləyən tolerantlıqdan bəhs edərkən Knyazı konfransın kürsüsündən dəyərləndirdi və - Knyaz rus ədəbiyyatının eksiklopediyasıdır, - dedi və bu etiraf gurultulu alqışlara səbəb oldu. Konfransın ilk günü E.İ.Borisov adına Dövlət Velikorus orkestrinin iştirakı ilə "Sibir" konsert zalında keçirilən böyük konsert də əslində, tolerantlıq örnəyi idi. Konsert öncəsi səhnəyə çıxan Altay ölkəsi qubernatoru V.P.Tomenko iftixarla vurğuladı ki, Altayda 140 millətin nümayəndələri yaşayır. İlk baxışda birinci kurs tələbəsini xatırladan gənc nazir Elena Bezrukova isə  öz çıxışında L.Qumilyovdan sitat gətirdi: "Əgər dünyada bir dil itirsə, dünya mədəniyyəti bir addım geri gedir".

"Altay ölkəsi - bizim doğma evimizdir" devizi ilə keçirilən bu konsertdə Kosixa kəndinin (V.Şukşinin kəndi) "Rusiçi", alman milli rayonu Podsosnovonun "Morqenrot", Volqa çuvaş qəsəbəsinin "Kanaşenki", Bayanovsi belorus kəndinin "Vyaçorki", Zalesovo kəndinin "Umarina", Novoaltayski şəhəri, tatar mədəniyyət mərkəzinin "Dulkan" ansamblları bir-birinin ardınca öz məharətlərini göstərdilər. Hətta Barnaul şəhərini təmsil edən vokal-xoreoqrafiya qrupu da səhnəyə çıxıb erməni toyu ilə bağlı bir nömrə göstərdi. Ən çox yadımda qalan isə Burlinski rayon Mədəniyyət mərkəzinin solisti Sanduqaş Tetenovanın və Biysk şəhər mədəniyyət mərkəzinin solisti Elman Xanmuradovun oxuduğu mahnılar oldu. E.Xanmuradovun M.Maqomayevin repertuarından oxuduğu Azərbaycanla bağlı mahnı isə mənimlə yanaşı oturmuş Knyazın gözlərini yaşartdı. Bu konsert ərəfəsində o mənə söyləmişdi ki, insan qürbətdə xoşbəxt ola bilməz.

Konsert tamamlananda, ifaçılar yenidən səhnəyə dəvət olunanda Elman Xanmuradova yaxınlaşdıq və məlum oldu ki, bu tədbirə qatılmaq üçün Biyski şəhərindən gəlmiş Elman peşəkar ifaçı təsiri bağışlasa da, hələ doqquzuncu sinifdə oxuyur. Anasının sözlərindən bəlli oldu ki, əslən Lənkəranın Boradigah kəndindəndilər. Altayda onbeş il qabaq məskunlaşıblar və Elmandan başqa bir qız övladı da var, yeddi yaşında. Elmanla bir qədər yaxından tanış olmaq istəyəndə bizə daha bir soydaşımız yaxınlaşdı: Nazim İbrahimov. Məlum oldu ki, Altay ölkəsində on altı mindən artıq azərbaycanlı yaşayır və o, bu diyarda Azərbaycan diasporunun rəhbəridir və bu konsertə də Elmanı dəstəkləmək üçün gəlib. Təbii ki, Nazimlə də bir neçə kəlmə kəsdik və məlum oldu ki, o, həm də musiqi həvəskarıdı, cavanlığında Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb, səhnələrə çıxıb, indi isə ailənin musiqi şəcərəsini oğlu Elton davam etdirir. İnişil Səbinə İsmayılova ilə “Yevrovijin”da Azərbaycanı təmsil eləyən və uğur qazanan oğlu Elton İbrahimov.

Əlbəttə, uzaq Altay ölkəsində belə məqamlar xoş ovqat oyadırdı, amma ertəsi gün Barnaulun on beş kitabxanasında planlaşdırılmış görüşlər gərginliyi ilə yadımda qaldı; oxucular Rusiya federasiyasında və eləcə də onun sınırlarındakı ölkələrdə mövcud  problemlərin səbəblərini və həlli yollarını məhz yazıçıların dilindən eşitmək istəyirdilər. Hər yerdə olduğu kimi, bu problemlərə ütü çəkənlər də vardı, bu məsələləri qabardıb şişirdənlər də, həqiqəti söyləmək istəyənlər də...

Altay diyar universal kitabxanasında təşkil olunmuş görüşdə Ural yazıçıları assosiasiyasının həmsədri Aleksandr Kerdan öz şeirləri ilə yanaşı, Knyaz Qoçaqdan etdiyi tərcümələri də oxudu. K.Qoçaq hekayə və məqalələrindən fərqli olaraq şeirlərini ana dilində yazır. Bu poeziya məclisində Knyazın şeirlərinin daha səmimi qarşılanması isə təbii ki, məni sevindirdi. Yeri gəlmişkən, hələ cavan yaşlarında Vasili Belovdan, Mixail Zoşşenkodan etdiyim tərcümələri nəzərə almasaq, sonradan çağdaş rus ədəbiyyatından etdiyim bütün tərcümələr Knyaz Qoçağın tövsiyəsi ilə olub.

Noyabrın 6-da konfransda "Torpaq və Söz: bu müstəvidə Rusiya yazıçılarının yeri və rolu" (məruzəçi Rusiya Yazıçıları İdarə Heyətinin katibi, professor N.A.Yaqodintseva), həmçinin, "Emiqrant rus yazıçıları və Vətən ədəbiyyatı" (məruzəçi Moskva yazıçıları ittifaqının katibi, tarix elmləri doktoru L.U.Zinovaryova) mövzular gündəmə gətirildi və müzakirə olundu. Bir-birindən sərt çıxışlara biganə qalmaq mümkün deyildi. Fikir ayrılıqları heyrət doğururdu. Hətta "təcili surətdə Krımı Ukraynaya qaytarmaq lazımdır" söyləyənlər də vardı.

Sırf ədəbi məsələlərlə bağlı çeşidli mübahisələr günortadan sonra da davam elədi. Amma başqa ünvanda: Altay mədəniyyəti, incəsənəti, ədəbiyyatı tarixi Dövlət muzeyində. Konfransın yeddi iştirakçısına D.N.Mamin-Sibiryak adına Ümumrusiya ədəbi mükafatı da təntənəli şəkildə burada təqdim olundu.

Təltifat üçün səhnəyə dəvət olunmağım, Rusiya Yazıçıları İdarə heyətinin katibi Svetlana Vasilenkonun təltifat medalını döşümə taxması, təbii ki, mənə xoş anlar yaşatdı və əsərlərini tərcümə etdiyim yazıçıları xatırladım: Yeremey Aypin, Sergey Kozlov, Vladimir Beryazev, Dmitri Mizqulin, Vyaçeslav Ar-Serqi, Aleksandr Kerdan, Andrey Tarxanov, İrina Ryabinina, İvan Şelokov, Aleksandr Rastarquyev, Pavel Çerkaşin, Arsen Titov və başqalarını.

Əlbəttə, on beş il qabaq çağdaş Sibir, Ural, Volqaboyu yazıçılarını ana dilimizə çevirib çap etdirməyə başlayanda belə bir təltifat ağlıma da gəlməzdi. Demək, nahaq söyləmirmişlər: zəhmət itmir...

Altay mədəniyyəti, incəsənəti, ədəbiyyatı tarixi-Dövlət muzeyində daha bir haşiyə diqqətimi çəkdi; otuza qədər gənc şairin bir neçə şeiri stentdə təqdim olunmuşdu və hiss eləyirdim ki, muzeyə gələnlər daha çox bu nümunələrə maraq göstərirlər. Mən də bu yazılardan bir neçəsini oxudum və Bezrukova soyadlı cavan xanımın şeirləri daha çox xoşuma gəldi və onun şəxsiyyəti ilə maraqlananda məlum oldu ki, bu şeirlərin müəllifi neçə gündən bəri tədbirlərimizdə iştirak eləyən, mədəniyyət naziri Yelena Yevgenovna Bezrukovadır.

Təltifatdan sonra başqa bir ünvanda başlayan furşetdə tanış olduq və bir çox şairlər, yazıçılar kimi o da mənə öz kitabını bağışladı və mən hiss elədim ki, Azərbaycanda çap olunmaq bir çoxları kimi onun da ürəyindən keçir.

E.Bezrukovanın kitabındakı bütün şeirlər adsızdı. Hətta kitabın adı da, heç bir dildə,  konkret olaraq məna kəsb etmir. "Re" nə deməkdir? Amma kitaba yazılmış ön sözün müəllifi Vladimir Beryazev bu "Re"ni də mənalandırıb. Və bu həmin Vladimir Beryazevdir ki, onun türk dünyası ilə bağlı bir silsilə şeirini hələ on il qabaq Əhməd Oğuzla birgə tərcümə eləyib "Türk sevdalı rus şairi" başlığı ilə həm "Azərbaycan" jurnalında, həm də Türkiyədə "Qardaşlıq" dərgisində çap etdirmişdik.

... Furşetdən ona görə yarımçıq çıxdıq ki, Novosibirskə gedən qatara gecikməyək. Bizi yola salmaq istəyən yazıçılardan biri - təxminən mənim yaşıdım əbədilik yadımda qalan bir kəlmə işlətdi: "Doğrudanmı biz bir daha görüşməyəcəyik?" O anda ürəyimdən keçən sözü isə Knyaz dilinə gətirdi: "Aman Allah, insanlar bir-iki günün içində nə qədər doğmalaşarmış?"

Noyabrın 7-də Tolmaçovo hava limanında Knyazla sağollaşanda (O, Surquta uçacaqdı) o, saatına ani nəzər salandan sonra XIX konfransın proqramına baxdı və:

- İndi bizim dostlarımız Şişkov adına kitabxanada ustad dərsi keçirlər, heyif ki, biz axıra qədər qala bilmədik...

Yeri gəlmişkən, bir haşiyə də çıxım: mən hələ Knyaz Qoçaq qədər ədəbiyyatla - söz sənəti ilə nəfəs alan ikinci bir adam görməmişəm.  Və yumoristik bir məqam: hərdən yol gedəndə də ayaq saxlayır və başlayır əlindəki kitabı açıb oxumağa.

Uçuş öncəsi çantalarımızı tərəziyə qoyanda məlum oldu ki, Knyazın yükü icazə verilən çəkidən ağırdı və o, Barnauldan aldığı kitabların beşini xoş-naxoş mənə bağışlamalı oldu.

Çovğun başlamışdı. Hava limanının hər yerindən görünən termometr mənfi yeddini göstərirdi. Knyaz sanki həmişə olduğu kimi öz dünyasına qapılmışdı və birdən ayıldı:

- Sibirə qış tez gələndə, yaz gecikmir, - dedi, - yazda gələrsən Dağlıq Altaya gedərik, özünə türk deyən kəs gərək hər şeydən öncə Dağlıq Altayı ziyarət eləyə.

Knyazın mənə xoş-naxoş bağışlamalı olduğu kitabların ikisi Dağlıq Altayla bağlıdır. Daha doğrusu, Altaydakı dağların möcüzələrilə.

Təyyarə üç saata qədər buludların üstü ilə uçandan sonra Ağcaqum, sonra da Xəzər - Yer görünməyə başlayanda mən nədənsə N.A.Yaqodintsevanın məruzəsini bir daha xatırladım: "Torpaq və Söz: bu müstəvidə rus yazıçının yeri və rolu". Professor dönə-dönə vurğulayırdı ki, torpağın sözü bizik-biz, insanlar.. Və hələ də düşünürəm ki, mənalı sözdü, nə qədər istəyirsən yoz...                      

BAKI-BARNAUL-BAKI
9 noyabr, 2018

 





15.11.2018    çap et  çap et