525.Az

Milli Məclisin xərclər smetası məlum oldu


 

FİRUDİN HACIYEV: "2019-CU İL ÜÇÜN XƏRCLƏR SMETASI 27 MİLYON 69 MİN 600 MANAT MƏBLƏĞINDƏ MÜƏYYƏNLƏŞİB"

<b style="color:red">Milli Məclisin xərclər smetası məlum oldu</b>

Milli Məclisin (MM) və onun Aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib.

Bu haqda dünən MM-in İşlər İdarəsinin müdiri Firudin Hacıyev parlamentdə çıxışı zamanı bildirib. O qeyd edib ki, MM-in xərclər smetası 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb.   

Tahir Kərimli: "Millət vəkillərinin maaş məsələsi gündəmə gələn kimi ajiotaj yaranır" 

Müzakirələr zamanı deputat Tahir Kərimli bildirib ki, millət vəkillərinin maaşlarının artırılmasına bəlkə də ehtiyac yoxdur:"Çünki bu məsələ gündəmə gələn kimi, ajiotaya səbəb olur. Amma onların müavinətlərinin artırılması yaxşı olardı". O, həmçinin qeyd edib ki, parlamentin işçilərinin bir çoxu hələ də evsizdir, onların mənzillərə ehtiyacları var: "Zaman-zaman bu istiqamətdə addımlar atılır. Ona görə yaxşı olardı ki, Milli Məclisin əməkdaşlarının mənzilə olan ehtiyaclarının və poblemlərinin həlli üçün yeni addım atılsın, onlar üçün bina tikilsin".

T. Kərimli eyni zamanda bildirib ki, parlamentin telekanalının yaradılması məsələsinə ciddi ehtiyac var. 

Spiker: "Maşallah, hansı kanalı açırsan, deputatlardan başqa danışan yoxdur" 

"Bəziləri sanki elə qələmə verirlər ki, Milli Məclisdə xalqı düşünən yoxdur. Halbuki burada xalqın mənafeyinə uyğun yüzlərlə çıxışlar olur. Sadəcə telekanallarımız bunu işıqlandırmır". Bunu deputat Fazil Mustafa  çıxışında deyib. O, bu məsələdə AzTv-dən və İctimai TV-dən narazılığını ifadə edib: "AzTv ancaq komitə sədrlərinin çıxışları efirdə verir. Ancaq deputatların çıxışından heç nə vermirlər. Həftədə parlamentlə bağlı 1 saatlıq çıxış verilir. Amma yenə də deputatların nə danışdığı bilinmir .Ümumiyyətlə isə, İctimai Tv bizdən heç nə vermir. Hansı ki, büdcə və vergilər hesabına maliyyələşir. Biz bəzən jurnalistlərə foyedə açıqlama verilməli oluruq. Çox hallarda soyuqlu havalarda parlamentin həyətində danışmalı oluruq. Bu da yaxşı deyil. Yaxşı olardı ki, bizə bunun üçün ayrıca otaqlar verilərdi".

Buna cavabında spiker Oqtay Əsədov belə deyib: "Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur". 

Siyavuş Novruzov: "Milli Məclisdə sosioloji mərkəz yaradılmalıdır, biz bilməliyik ki, camaat haqqımızda nə düşünür" 

Millət vəkili Siyavuş Novruzov öz növbəsində deyib ki, büdcədən MM-ə ayrılan vəsait daha da artırılmalı, parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır. O bildirib ki, MM-in adından xarici dillərdə sənədlər hazırlanır: "Onların hazırlanması üçün rusdilli, ingilisdilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər". MM-də sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S. Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini dilə gətirib: "Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir". Deputat həmçinin, çıxışı zamanı MM-ə xarici ezamiyyələrlə bağlı ayrılan vəsait artırılmasını da təklif edib: "Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqları artırımalıdır. Çünki onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərininin sənədləri, yerləşdirilməsi məsələsilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsat artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər" . 

Deputat bəzi parlament jurnalistlərinin akkreditasiyasının ləğvini tələb etdi

Deputat Qüdrət Həsənquliyev MM-də akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib. Buna səbəb millət vəkilinin iddiasına görə, onun çıxışlarının təhrif olunmasıdır. O qeyd edib ki, ötən dəfə iclasların birində MM-in işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib: "Buradakı bəzi jurnalistər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində, maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri tamamilə təhrif edirlər. Mən bu barədə mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm".

Qeyd edək ki, çıxışlardan sonra MM-də bütövlükdə 2019-cu ilin büdcə zərfinin müzakirələri I oxunuşda başa çatıb. O.Əsədov bildirib ki, deputatların irad və təkliflərinə baxılması üçün hökumətə noyabrın 23-nə kimi vaxt verilir: "Çünki həmin gün müzakirələr ikinci oxunuşda davam etdirələcək. Ayın 30-da isə büdcə zərfi səsverməyə çıxarılaraq, qəbul ediləcək".

Kamil HƏMZƏOĞLU

 





16.11.2018    çap et  çap et