525.Az

Ermənipərəst siyasətçilər separatizm ocaqlarına dəstək verirlər


 

"AVROPANIN SİYASİ STRUKTURLARININ KARAMPETYAN-TEOXARUS QRUPUNUN TƏSİRİ ALTINA DÜŞMƏSİNİ ARAŞDIRMAĞIN VAXTI ÇATIB"

Ermənipərəst siyasətçilər separatizm ocaqlarına dəstək verirlər<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, separatçı hərəkatların, o cümlədən, qondarma Dağlıq Qarabağ rejiminin təbliği ilə məşğul olan Avropa Parlamentinin kiprli üzvü Eleni Teoxarus təxribatçı fəaliyyəti böyük qınaqla qarşılanır.

Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərə görə Xarici İşlər Nazirliyinin "girişi arzu olunmayan şəxslər siyahısına" daxil edilən və haqqında cinayət işi açılan avroparlamentari indi də Albaniya Respublikasının konstitusiyasına, təhlükəsizliyinə zidd olaraq, bu ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışı ilə diqqət mərkəzinə düşüb. Açıq-aşkar terror şəbəkələrinin sifarişlərini yerinə yetirməklə məşğul olan E.Teoxarus etdiyi hüquqazidd davranışları səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib. Belə görünür ki, Azərbaycan və Ukraynadan sonra Albaniyanın ərazi bütövlüyünə təhdid xarakterli çağırışları ilə gündəmə gələn E.Teoxarus bundan sonra da oxşar fəaliyyətini davam etdirmək niyyətindədir. Nəticədə Kipr Respublikasını təmsil edən deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk Avropa Parlamenti üzvü "statusu"nu qazana bilər.

Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. E.Teoxarusun Kaspar Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı da məhz adıçəkilən şəxsdir.

Bununla yanaşı, Avropada erməni lobbisinin sifarişlərini yerinə yetirən şəxslərdən biri Almaniya-Ermənistan Forumunun təsisçisi, Bundestaq deputatı Albert Vayler ölkəsində erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində şübhəli şəxs kimi dindirilib.

Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın da adının hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. A.Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.

Ümumilikdə, E.Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

Məsələ ilə bağlı fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, bəzi avropalı deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin şəxsi təşəbbüs deyil, beynəlxalq cinayətkar şəbəkənin tərkib elementi olması yeni faktlarla sübut olunur. O, "Trend"ə bildirib ki, AŞ PA və Avropa Parlamentinin bəzi üzvləri müxtəlif ölkələrdə separatizm təmayüllərinə nəyin bahasına olursa-olsun dəstək vermək missiyası aparır, dövlətlərin ərazi bütövlüyünün pozulmasına yönəlik fəaliyyətləri təşviq edir, beynəlxalq hüquqa və sülhə qarşı olan bu cinayəti birbaşa erməni mafiyasının diktəsi altında həyata keçirirlər: "Bu günlərdə Avropa Parlamentinin Kiprdən olan bədnam üzvü Eleni Teoxarusun Albaniya dövləti tərəfindən bu ölkənin konstitusiya normaları əleyhinə cinayətkar fəaliyyətlərə görə arzuolunmaz şəxslər siyahısına salınması bunu bir daha təsdiqlədi. Teoxarus bundan əvvəl isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ regionuna mütəmadi qanunsuz səfərlərə görə arzuolunmaz şəxslər siyahısına salınmış, əleyhinə cinayət işi açılmışdı. Bu şəxsin siyasi bioqrafiyasında Ukraynadakı etnik separatizmə də dəstək verdiyi üçün qanuni təqib olunduğuna dair faktlar var. Bütün bu sadalananlar Teoxarusun həqiqətən də Avropa məkanında bütün etnik-siyasi separatizmlərə dəstək vermək kimi bir cinayətkar öhdəlik icra etdiyini və bu yolda əsasən erməni mafiyasından hər cür dəstək aldığını göstərir".

A.Quliyev hesab edir ki, Azərbaycana qarşı erməni separatizminin bütün Avropa miqyasında fəal lobbiçiliyini edən brilyant alverçisi və əslən Yunanıstandan olan Karampetyanla Teoxorusun yaxın işbirliyi çox ciddi nəticələr çıxarmağa əsas verir: "Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə qanunsuz səfər edən bütün avropalı deputatların, o cümlədən, Teoxorusun səfərlərinin məhz Karampetyan tərəfindən maliyyələşdirilməsi bir çox mətləblərə aydınlıq gətirir. Bu günlərdə Almaniya xüsusi xidmət orqanlarının ölkədəki erməni mafiyası ilə bağlı apardığı araşdırmanın materialları da bu kontekstdə çox maraqlıdır. Bu materiallar erməni mafiyasının Qarabağa qanunsuz səfər edən Almaniya Bundestaqının deputatları, Almaniya-Ermənistan forumunun təsisçisi Vayler, habelə Ermənistanın Almaniyadakı səfiri ilə sıx işbirliyində olduğuna dair çox maraqlı məlumatlar təqdim edir".

Ekspert qeyd edib ki, Almaniyadakı siyasi mafioz erməni qruplaşmasının Karampetyan-Teoxarus birliyi ilə sıx bağlı olduğuna dair faktları da nəzərə alsaq, mənzərənin bütövlüyünü görə bilərik: "Heç bir şübhə yeri qalmır ki, müasir Ermənistan dövlətinin siyasi lobbisinin əsasını kriminal erməni mafiyası təşkil edir, Avropada bütün separatizm ocaqlarına dəstək verən və işğal altındakı Qarabağ bölgəsinə səfərlər təşkil edən də məhz bu mafiyadır. Ən qorxulu odur ki, arxasında Ermənistan dövlətinin dayandığı bu siyasi mafiya simbiozu artıq AŞ PA və Avropa Parlamenti kimi mötəbər beynəlxalq strukturlarda da kök salır. Bəzi Avropa təmsilçilərinin Qarabağa qanunsuz səfərlərinin və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi dünyada tanıtmaq cəhdlərinin bu əlaqələrdən kənarda heç bir izahı yoxdur. Bu günlərdə bir Almaniya məhkəməsinin erməni mafiyası barədə filmin televiziyada yayımını dayandırması barədə qərarı Avropa siyasi strukturlarına yayılmış erməni mafiyasının artıq çox dərinlərə işlədiyindən xəbər verir. Avropanın siyasi strukturlarının Karampetyan-Teoxarus qrupunun təsiri altına düşməsini araşdırmağın vaxtı çatıb. Bu, Avropada ümumi sülh, təhlükəsizlik və əmin-amanlıq baxımından vacib məsələdir. 18, 19 və 20-ci əsrlərdə erməni terrorçu-mafiozların şirin dilinə aldanaraq sonradan gizli cinayətkar əməllərinə görə onların fəaliyyətini məhdudlaşdıran, kilsə və məktəblərini bağlatdırmağa məcbur qalmış dövlətlərin acı təcrübəsindən dərs çıxarmaq avropalıların da xeyrinə ola bilər".

Ceyhun ABASOV

 





16.11.2018    çap et  çap et