525.Az

Regional tranzitin inkişaf məsələlərinə dair seminar


 

Regional tranzitin inkişaf məsələlərinə dair seminar <b style="color:red"></b>

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa və Asiya-Sakit Okean üzrə Regional Tranzit Seminarı öz işinə başlayıb.

Tədbirdə Azərbaycan da daxil olmaqla Türkiyə, Rusiya Federasiyası, Almaniya, Monteneqro, Serbiya, Makedoniya, Belarus, Çin Xalq Respublikası, Gürcüstan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Pakistan, eləcə də bir sıra beynəlxalq təşkilatlar - Asiya İnkişaf Bankı, Avropa Komissiyası, BMT İP və Ümumdünya Gömrük Təşkilatının nümayəndələrinin iştirakı ilə "Tranzit əməliyyatlar üzrə təlimat" sənədinin icra vəziyyəti müzakirə edilir.

Seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, yüklərin sürətli, maneəsiz və təhlükəsiz daşınması beynəlxalq ticarətin əsas amillərindən biridir və tranzit ölkələr bu istiqamətdə mühüm rola malikdir.

Ölkələrin, o cümlədən, Azərbaycanın iqtisadi inkişafında tranzitin əhəmiyyətinə toxunan Komitə sədrinin müavini gömrük orqanlarının tranzit əməliyyatlarının sadələşdirilməsi və tənzimlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, coğrafi mövqe baxımından Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkənin tranzit potensialının inkişafı üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycandan keçən tranzit dəhlizlərinin səmərəliliyinin və rəqabətqabiliyətliliyinin artırılması, yükdaşımaların sürətləndirilməsi, risk analizlərinin tətbiqi hesabına sərhədkeçmə prosedurlarının sadələşdirilməsi məqsədilə gömrük orqanları bir sıra tədbirlər həyata keçirir. Hazırda Azərbaycanın Avropa məkanında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində (NCTS) qeyri-formal müşahidəçi statusunu daşıdığı və tam üzvlük istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Aydın İmaşev seminarın əhəmiyyətindən bəhs edib və müzakirə olunacaq məsələlərin regional tranzitin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

ÜGT-nin eksperti Vyara Filipova təlimin təşkilində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun region ölkələrinin tranzit potensialının inkişafına, bu istiqamətdə biliklərin artırılmasına, qabaqcıl təcrübələrin öyrənilməsinə daim yardım edəcəyini söyləyib.

Çinin gömrük xidmətinin nümayəndəsi Vaven Pan beynəlxalq ticarətin davamlılığının və səmərəliliyinin təmin olunması məqsədilə görülən işlər barədə məlumat verib, seminarın tranzitin inkişafında region ölkələrinin rolunun artırılmasında mühüm rol oynayacağını və təmsil etdiyi qurumun bu istiqamətdə lazımi dəstək göstərəcəyini deyib.

S.QARAYEVA

 





16.11.2018    çap et  çap et