525.Az

“Akademiya parkı”ndan Nizami küçəsinəcən noyabr


 

“Akademiya parkı”ndan Nizami küçəsinəcən noyabr<b style="color:red"></b>

Asfalt yollar, sürüşkən səkilər, həmişəki külək, noyabrın xəfif yağmuru, maşın səslərinin uğultusu, parkinqə nəzarət edən rayon adamları, vitrinlərdəki manikenlər, dolub-boşalan ticarət mərkəzləri, həyatının yarısını yola vermiş qara köpək, izdiham dolu metro stansiyaları...və əli cibində rəssam.

Onun eynəkləri arxasından şəhər bu cür görünür. Bir az melanxolik, bir az real, bir az da absurd. Şəhər özalatoran halıyla adamları başqa dünyalara aparır. Bir-birinə qarışan rənglər. Xüsusilə də sarının açıq tonu - maşın işıqlarında yağış damcıları. Dəniz, liman və qağayılar köhnə sakinlərdi. Saat altıdan sonra şəhərin sakinləri evlərinə tələsir. Yavaş-yavaş binaların üzərinə sarı ləkələr düşür. Gecə ikidən sonra rəssamların və digər yağışın təsirindən çıxa bilməyənlərin evlərinin pəncərəsi hələ də sarı rəngdə olur. Bir vaxt eşitmişdim ki, bəstəkarların çoxu yağışı ona görə sevir ki, damcılar navalçalarda, kafellərdə, şüşələrdə başqa cür ritm yaradır. Ona görə də yağış başlayanda hamı pəncərəni bağlasa da, onlar məmnuniyyətlə pərdələrin islanmağının tərəfdarı olurlar. Rəssamlar isə yağışı çətirlərin rənginə görə sevir. Yağışın öz rəngi olmadığına görə... Şairlər belə havaların həzin sükutunda daha yaxşı darıxırlar, daha gözəl gözləyirlər, romançı masasına noyabrda bir az daha əyilir. Ancaq heykəltəraşlar dilxor olur. Hələ emalatxanaya damırsa, lap əsəbiləşirlər. Yenə də yağışa çətir tutmağın əleyhinədirlər. Şəhərlərin payız vaxtı yaradıcı adamların ən məhsuldar dövrü ilə yoldaşdı. Təəssüf ki, bu, çox davam etmir. Ona görə havanın anını yaşamaq, onu yaxşı-yaxşı xatırlamaq lazımdı.

Payız meqapolisə yaraşır. Parklarda it gəzdirən xanımlar, sonuncu siyasət xəbərlərini müzakirə edən ortayaşlı kişilər, əllərini göyə tərəf dua edirmiş kimi açan uşaqlar, heykəllərin başında, çiynində boynunu bükən göyərçinlər, küləyin səmtində yırğalanan küknarlar, zeytun ağacları bu yaraşığın bir hissəsini təşkil edir. Digər hissəsini yağışdan sonra vərəqlərdə, molbertlərdə, notlarda qalan mənzərələr tutur. Noyabrda hər yer incəsənət hadisəsi olur. Şam ağaclarından tutmuş sahildə damından buxar çıxan kafelərə kimi hər şey. Küçələr özü sənin üçün bir hadisə yaradır. Babasının əlindən tutub ayağını gölməçələrdə şappıldadan mavi gözlü uşağın sənə gülümsəməsi dünyanın ən gözəl fotosu ola bilər. Ya da sərçələrin islanmış peçenya qırıntılarını dimdikləməsi peyzajdı. Şairlərin ən sevdiyi fəsildi payız. Sarı xəzan, soyuq hava, yağış, havada növbə ilə hərəkət edən rəngbərəng çətirlər, qaçan adamlar, küçə pişikləri, su ilə dolmaq istəyən ovuclar.

“Akademiya parkı” öz rutin halından çıxır. Skamyaları əlləri ilə yoxlayan gənclər məyus halda tağın altına sığınmalı olurlar. Belə günlərdə qarşı tərəfdəki park - Hüseyn Cavid parkı göyərçinlərin və qarğaların daldanacağı olur. Elə bil bu quşlar heykəlin islanmasını istəmirlər. Şairin adıyla adlandırılan prospekt tələbələrin çoxluğuna gülümsəyir. “Parlament” prospektinə tərəf tələsən tələbələrin arasından keçib, nəhayət, az sıxlığı olan prospektlə Şəhidlər Xiyabanına tərəf asta-asta addımlayırsan. Yağış mərmərlərə xəfifcə toxunur, sanki onların qorxmasından ehtiyat edib yavaş-yavaş onları yuyur. Məscid səssizcə döngədən prospektə dönən maşınların səsinə qulaq asır. Şəhər tamamilə evinə çəkilməkdədi. Maşınların sıxlığı yolu dolu göstərir. Sükan arxasında bu yağmurlu havadan həzz ala bilməyən səbirsiz adamlar da tapılır. Oradan üzü İçərişəhər metrosuna tərəf bomboş səkilər, dəmir hasarlar, rənglərini növbə ilə dəyişən işıqforlar var. “Alov qüllələri”nin arxasındakı küçə sizi sizlə tək qoyacaq.

Qarşıda öz sarı yarpaqlı ağacları, səsi ilə parka nəğmə oxuyan şəlaləsi, açıq yaşıl rəngdə çəməniylə bir az bahar həsrəti yaşadan “Şəlalə” parkı var. Yaxınlıqda yaşayanlar bura yağmurlu Bakı günündə tez-tez baş çəkir. Şəhərin ortasına düşmüş cənnətdi bura.

Metro öz şüşəli tikilisi ilə görünür. İçərişəhərdə heç kim tələsmir. Hamı mürgülü keçmişi oyatmaqdan qorxurmuş kimi daş döşəməli yoxuşlardan həzz ala-ala yeriyir. Turistlər qədim şəhərin divarlarına toxunduqca üzlərindəki təbəssüm bura ilə tanışlığın məmnunluğuna sübut kimi özünü göstərir.  Köhnə evlər, taxta pəncərələr, Bakının məşhur tarixi, Qız qalası, Şirvanşahlar, milli menyunun qapıdan asıldığı 15-16-cı əsrlərin dizaynında bəzədilmiş kafelər, milli suvinerlər satan köşklər, nərdtaxta oynayan köhnə bakılılar, azan səsinin yayıldığı minarə, kiçik büstlərlə bəzənmiş binalar noyabrın verdiyi hədiyyəni keçmişə xas bəy duruşu ilə qəbul edir. İçərişəhərdə islanmaq bir başqa hiss yaşadır. “Gün keçdi” filmi mütləq ağlınızın bir küncündən zəif işıq seli kimi keçib gedir. “Böyük Qala” küçəsindaki hotellər qala divarlarının arxasında 21-ci əsrin gizləndiyinə işarə verir.

Məşhur Nizami küçəsi həmişəki qələbəliyini saxlayır. Küçə lampaları artıq yanır. Ailəsi ilə, dostları ilə, sevgilisi ilə şəhərə çıxan adamların gəldiyi birinci ünvan bu küçədə yerləşən qərb üslubundakı kafelər, restoranlar olur. Məşhur Ədəbiyyat muzeyi, Rus Dram Teatrı, Opera və Balet Teatrı, Gənc Tamaşaçılar Teatrı, Milli kitabxana, onunla üzbəüz Musiqili Teatr, sağ tərəfdə “Sahil bağı”, bir az arxada “Malakan bağı”, “Fəvvarələr meydanı” bu küçənin nostalgiyasını sizə təqdim edir. Məşhur binaların arasında restoranlar, pablar, klublar, brend mağazalar, hostellər gənclərlə doludur. Onlar üçün fəsillərin elə də böyük əhəmiyyəti yoxdur. Ən gözəl fəsil onlarındı. Bir tərəfdə klassik musiqinin səsi, digər yanda məşhur rok parçaları eşidilir. Yağışın səsinə yeraltı keçiddə skripka çalan oğlanın gözlərini yumub ifa etdiyi “Sarı gəlin” qarışır. Qarşısında turistər, şəhərin sakinləri dayanıb onu dinləyirlər.

Noyabr bu şəhərə yaraşır. Axşam yağış bir az da sürətli yağır. Taksi ilə bir neçə küçə getmək yaxşı olar. Retro musiqilərdən birini radiodan elan edən dicey sizi başınızı maşının şüşəsinə söykəməyə çağırır. Şəhər öz gözəlliklərini bu saatlara saxlayır. Küçə lampaları əsgər sırası kimi yollara nəzarət edib farağatda dayanır. Evlərin içi isti kimidir. Buradanca hiss olunur. Payız öz qayğısını eynəkli rəssamda, əlini çənəsinə söykəyib pəncərədən küçənin tinindəki dilənçiyə baxan şairdən, bayaqdan piano arxasında yağışı dinləyən bəstəkardan, emalatxananın qapılarından bu gün də əliboş çıxan heykəltəraşdan, fotokamera ilə hələ də küçələri gəzən fotoqrafdan heç nəyi əsirgəmir.

“Küləklər şəhəri” payızın nazlı küləklərini Xəzərə tərəf çəkib aparır və bərabər daha bir gəmini limandan yola salırlar. “Şeytan çarxı” sağ tərəfdə rəngarəng işıqlarıyla fırlanır. Axşam idmanı üçün yüngül ayaqqabılarda qaçan yerli və xarici insan mənzərələri olur burada. Gəmilər hərdən fit verir. Bayaq gəldiyin Nizami küçəsindəki qələbəlik burada səliqəli dağınıqlıq şəklində yayılıb. Sahildən Bayıla tərəf çevriləndə “Alov qüllələri”ni, Teleqülləni, “Şəhidlər abidəsi”ni və “Dağüstü park”ı görürsən. Yenidən çevrilib dənizə baxırsan və Bakının yazmaq üçün bəhanə olduğunu düşünürsən. Bu şəhər yaratmaq üçün sənə hər şeyi açıqürəklə verir. Bax, həzz al, doyunca noyabrın ilıq küləyini ciyərlərinə çək, islan, yaşa və yarat.

 





19.11.2018    çap et  çap et