525.Az

Baş prokurorluqdan Gülər Əhmədovanın ikinci videosuna münasibət


 

Baş prokurorluqdan Gülər Əhmədovanın ikinci videosuna münasibət<b style="color:red"></b>

Baş Prokurorluq Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı ikinci videogörüntünü cinayət işinin materiallarına əlavə edib.

525.az-ın məlumatına görə, bu sözləri Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov oktyabrın 8-də AzadlıqRadiosuna deyib. O, əlavə edib ki, bununla bağlı zəruri prosessual hərəkətlər həyata keçirilir.

Ötən həftəsonu Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, indi Fransada yaşayan Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədova ilə bağlı daha bir video yayıb. Həmin görüntüdə Gülər Əhmədova olduğu söylənilən qadın deyir:

«Dedim kimlə işləyirsiniz, universitet-filan, beşməkan. Burada belə deyil e. Biz səni deputat keçirtdik, səhər get, nə istəyirsən elə. Bu şeyi biz Musada, Alqışda gördük. Musanı, Alqışı deputat keçirtdik, getdilər başladılar biri Əli İnsanovla işləməyə, biri Hacıbalayla...Bu dəfə daha keçmir».

Elşad Abdullayev birinci dəfə sentyabrın 25-də 16 dəqiqəlik video görüntü yaymışdı. Oradakı söhbətdən başa düşülür ki, Gülər Əhmədova olduğu bildirilən qadın rektordan deputat seçilməsi üçün 1 milyon manat pul istəyir. Video çəkilişin 2005-ci il parlament seçkiləri ərəfəsində aparıldığı bildirilir.

Elşad Abdullayev deyib ki, bu, Gülər Əhmədova ilə 5 saatlıq söhbətdən bir fraqmentdir. Görüntülərin yayılmasından sonra Bakı Şəhər Prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Gülər Əhmədova isə parlamentə deputatlıq mandatının ləğv olunması üçün müraciət edib və MSK oktyabrın 3-də onun mandatını ləğv edib.

 





08.10.2012    çap et  çap et