525.Az

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanıldı


 

100-dən ARTIQ ŞƏHİD HƏRBİ QULLUQÇUNUN VƏRƏSƏLƏRİNİN BANK HESABLARINA NƏZƏRDƏ TUTULAN VƏSAİT KÖÇÜRÜLÜB

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanıldı<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə, əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərə və aparılan islahatlara dair mətbuat konfransı keçirib.

Nazir bildirib ki, dövlət başçısının 2018-ci il aprelin 19-da imzaladğı fərmanının icrasının yüksək səviyyədə təmin edilməsi, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə həyata keçirilməsi üçün bütün səylər səfərbər olunub: "Şəhid hərbi qulluqçuların 99 faizinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malik olduğunu artıq öyrənib. Vərəsələrin sənədlərinə baxılaraq onlardan artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə həmin ödəmənin verilməsi barədə qərar qəbul olunub və onlara müvafiq vəsaitlərin ödənişi prosesi davam edir. Bu həftə daha 300 şəhid vərəsəsinə ödəniş ediləcək. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsəyə də ödənişlər verilib".

S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

Bir qrup şəhid ailəsinin heç zaman sığorta ödənişi almadıqları iddiası ilə etirazlarına münasibət bildirən nazir qeyd edib ki, həmin vətəndaşlar nazirlikdə rəhbər vəzifəli şəxslər tərəfindən qəbul olunublar və onlara vaxtilə ödəniş aldıqlarına dair təsdiqedici sənədlər bir daha təqdim olunmaqla, ətraflı izahat işi aparılıb.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası işləri barədə məlumat verən nazir cari ilin avqust ayında daha 35 mənzilin bu təbəqədən olanlara verildiyini deyib. O, bu işlərin davamı kimi ilin sonuna qədər 550-dək mənzilin də təqdim olunmasının, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli sərəncamına əsasən, DOST Agentliyinin və DOST mərkəzlərinin yaradılması üçün əlavə olaraq 3,5 milyon manat vəsait ayrılması əhaliyə dövlət sosial xidmətlərinin "bir pəncərə"dən operativ, şəffaf, vətəndaş məmnunluğuna səbəb ola biləcək səviyyədə təqdim olunmasının dövlət başçısının diqqətində olduğunu bir daha təsdiq edir: "Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin reallaşdırılması üçün normativ-hüquqi aktların layihələri, müvafiq təkliflər, fəaliyyətin təşkili mexanizmləri hazırlanıb. Hazırda ilk DOST mərkəzinin istifadəyə verilməsi üçün işlər aparılır".

Özünüməşğulluq proqramının icrası işləri barədə məlumat verən nazir qeyd edib ki, bu il həmin proqrama cəlb olunanlardan 1757 nəfərini əlilliyi olan şəxslər, müharibə veteranları və şəhid ailələri təşkil edib: "Proqram çərçivəsində artıq respublika üzrə 1273 işsiz və işaxtaran şəxsə mal və materiallar verilib. Bu proses ölkəmizin bütün bölgələrində davam etdirilir. İşsiz və işaxtaran şəxslər verilmiş aktivlərlə kiçik ailə təsərrüfatlarını yaradıblar və öz təsərrüfatlarını genişləndirməyə çalışırlar".

S.Babayev bildirib ki, Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanının icrası istiqamətində də müvafiq işlər aparılmaqla, nazirliyin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi" (MEİS) yaradılıb: "Nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə yaradılmış "e-sosial" internet portalının da yaxın günlərdə təqdimatı olacaq. Məşğulluq altsisteminin yaradılması işləri isə növbəti ilin əvvəllərində yekunlaşacaq".

Qeyd edək ki, 100-dən artıq şəhid hərbi qulluqçunun vərəsələrinin bank hesablarına nəzərdə tutulan vəsait köçürülüb.

Ceyhun ABASOV

 





20.11.2018    çap et  çap et