525.Az

Azərbaycan XXI Arxeoloji turizm üzrə beynəlxalq tədbirdə


 

Azərbaycan XXI Arxeoloji turizm üzrə beynəlxalq tədbirdə <b style="color:red"></b>

İtaliyanın Paestum şəhərində XXI Arxeoloji turizm üzrə Aralıq dənizi Yarmarkası (XXI La Borsa Mediterranea del Turismo Archeologico) keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov AZƏRTAC-a bildirib ki, tədbirdə İtaliyanın mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini, Kapaççio Paestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro da iştirak ediblər.

Azərbaycana məxsus stenddə sərgiyə gələn qonaqlara ingilis və italyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunub.

Tədbir çərçivəsində Z. Sultanov ölkəmizə məxsus milli stendi ziyarət edən UNESCO-nun sabiq baş katibi İrina Bokova və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki ilə görüşüb. Görüşdə ölkəmizin mədəni irsi haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmiz mədəni irs sahəsində beynəlxalq əməkdaşlığa, o cümlədən UNESCO ilə əlaqələrə xüsusi önəm verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, açılış mərasimində İtaliya Respublikasının rəsmiləri tərəfindən Azərbaycanın sərgidə iştirakı xüsusi vurğulanıb. 23 ölkənin iştirak etdiyi tədbirdə İtaliya 50 yerli şirkətlə təmsil olunub. Yarmarkaya 20 mindən çox ziyarətçi baş çəkib.

 





20.11.2018    çap et  çap et