525.Az

Aqrar Universitet təhsildə yeni idarəetmə sisteminin tətbiqinə başladı


 

"UNİBOOK" SİSTEMİ TƏLƏBƏLƏR ÜÇÜN İSTƏNİLƏN FƏNN ÜZRƏ MATERİALLARI ONLAYN QAYDADA ƏLDƏ ETMƏK İMKANI DA YARADIR

Aqrar Universitet təhsildə yeni idarəetmə sisteminin tətbiqinə başladı<b style="color:red"></b>

Ölkənin ən böyük ali təhsil ocaqlarından olan, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti mütərəqqi dünya texnologiyalarına əsaslanan "Unibook" - Təhsilin İnformasiya İdarəetmə Sisteminin tətbiqinə start verən müqaviləyə qoşulub.

Bu haqda uyğun sənədi universitetinin rektoru İbrahim Cəfərov və  sözügedən sistemin yaradıcı şirkəti olan "Neuron Technologies"in baş direktoru İsmayıl Ələkbərov imzalayıblar.

"Unibook" - elektron təhsil platformasının aqrar universitetdə həyata keçirilməsi  tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və  imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi məsələlərini nəzərdə tutulur.  "Unibook"  vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər.

Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr "Unibook"a daxil olmaqla istənilən informasiyanı əldə edə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, həmçinin, elektron vəsaitlər yerləşdiriləcək.

"Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Azərbaycan Dövlət Aqrar Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək. Bu, müasir dünyagörüşlü aqrar mütəxəssislərin yetişdirilməsi işində əhəmiyyətli addım sayıla bilər" - deyə, universitetin rektoru bildirib.

Qeyd edək ki, ölkəmizin qabaqcıl texnologiya şirkəti olan "Neuron Technologies"in  ərsəyə gətirdiyi "Unibook" - Təhsilin İnformasiya İdarəetmə Platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu sistemə üstünlük verirlər. Həmçinin, Azərbaycan şirkətinin "Unibook"  sistemi  "Made in Azerbaijan" brendi altında bir sıra xarici ölkələrə də ixrac edilməyə başlanılıb.

Zakir MURADOV
Gəncə

 





20.11.2018    çap et  çap et