525.Az

“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”


 

“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”<b style="color:red"></b>

Müsahibimiz Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim, tanınmış tarixçi-tədqiqatçı Rəşid Nurməmmədov bölgənin dini və milli fərqliliklərlə seçilən mühitinə, onun tarixinə dərindən bələd olan bir ziyalıdır. Onunla söhbətimiz tolerantlıq anlayışının mahiyyətinə ümumi baxış, dözümlülüyün Azərbaycan xalqının həyat tərzinə çevrilməsində mühüm rol oynayan amillər, fərqli dinlərin nümayəndələrinin yaşadığı çoxmillətli Oğuz rayonunun Azərbaycanın tolerantlıq simvollarından biri olması, Qarabağ münaqişəsinin həllindən sonra millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində görülən işlər, milli vəhdətin qorunmasında dövlət və xalq səviyyəsində həyata keçirilən tədbirlər haqqında fikirlər üzərində qurulub.

 

Hazırda Oğuz rayonunun ölkədə etnoqrafik və dini rəngarəngliyi ilə seçilən bölgə olduğunu vurğulayan Rəşid Nurməmmədov burada məskunlaşan etnik qruplar və azsaylı xalqlar haqqında ətraflı söhbət açır: “Oğuz ərazisində azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, udinlər, kürdlər, ruslar, avarlar, mesxeti türkləri və sair xalqlar, etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayıb. Bu etnik rəngarənglik Oğuz rayonunun toponimiyasında da əks olunmaqdadır. Rayonun Xaçmaz, Abdallı, Sincan, Tərkeş, Böyük Söyüdlü, Bucaq, Padar kəndlərinin adları vaxtilə bu ərazidə məskunlaşan müxtəlif türk mənşəli tayfaların adı ilə bağlı olub. Rayon ərazisində həmçinin fars mənşəli Zərrab, rus mənşəli Astraxanovka və Vladimirovka, monqol mənşəli Əlician kimi toponimlər mövcuddur. Hazırda Oğuz rayonunda dövlət qeydiyyatından keçmiş 10 dini icma fəaliyyət göstərir. Bunlardan 8-i müsəlman icması, 1-i yəhudi, 1-i isə udin icmasıdır. Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz şəhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini icra edirlər. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırıblar. (Qerqets udincə “Müqəddəs yer” deməkdir). Lakin 1828-1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Rusiyadan Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilib. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836 –cı ildə Alban katalikosluğunun ləğv edilməsinə nail olur. “Erməniləşdirmə” siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir. Ermənilər Qerqets monastrını Yeqişe Arakel” monastrı adlandırır, alban dilində yazılar məhv edilərək erməni yazıları ilə alban xaçı erməni xaç ilə əvəz olunur. Bu proses XX əsrin əvvəllərində başa çatdırılır.

R.Nurməmmədov Azərbaycanı özlərinə ikinci vətən seçmiş, uzun illər ərzində bu torpaqda yerli əhali ilə dinc şəraitdə, anlaşma içində yaşamış xalqlardan olan yəhudilərin burada məskunlaşma tarixi və həyat tərzxi haqqında da geniş şəkildə bəhs edib: “ Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, Avropa yəhudiləri-aşkenazi yəhudiləri və gürcü yəhudiləri icmaları var. Bütövlükdə ölkədə yəhudilərin sayı 16000-dir. Bunlardan 11000-i dağ yəhudiləridir ki, təxminən 6000-i Bakıda, 4000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır.

Dağ yəhudiləri 5 yerli qrupa bölünür: Qaytağlılar, dərbəndlilər, qubalılar, şirvanlılar, oğuzlular. Dağ yəhudilərinin mənşəyinin onların nə zamandan bu torpaqlarda yaşaması haqqında tam fikirləri yoxdur. Müasir dövrdə bu yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər dağ yəhudilərinin VII əsrdə yaranaraq Azərbaycan torpaqlarına da nəzarət etmiş xəzərlərlə bağlı olduğunu deyirlər. Məlum olduğu kimi Xəzərlər yəhudi dinini qəbul etmiş türk tayfaları idilər. Əksər tarixçilərin fikrinə görə, dağ yəhudilərinin əcdadları buraya 15 əsr bundan əvvəl gəliblər. V əsrin sonları VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək verən İran yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində yerləşdirilib. Yəhudi icmasının dini və ictimai həyatının mərkəzi sinaqoqadır. Sinaqoqlar yəhudi xalqı Vətənə döndükdən və Qüds məbədi bərpa edildikdən sonra da onun həyatında mühüm rol oynayırdı. B.e. 70-ci ilində romalılar yenidən Qüds məbədini dağıtdılar və bu andan etibarən sinaqoqa dini sitayişin icrasının tək məkanına və yəhudilərin ictimai həyatının mərkəzinə çevrildi. Onun mövcudluğu haqqında ilk məlumatlar eramızdan əvvəl III əsrə aiddir. Vətənindən ayrı düşmüş və məbəd qurba nları icra etməkdən məhrum olan sürgün edilmiş yəhudilər əsas diqqəti ibadətə və Əhdi-ətiqin öyrənilməsinə yönəltdilər. Onlar ibadət toplantılarını keçirirdi; belə toplantı məkanları “sinaqoqa” adını aldılar. Ölkəmizdə, o cumlədən rayonumuzda yəhudi icmasının tarixi eramızdan əvvələ gedib çıxır. Bu böyük tarix özlüyündə Oğuz rayonunda müxtəlif millətlərin, dinlərin təmsilçilərinə necə tolerant münasibət bəsləndiyinin göstəricisidir. Oğuz rayonunda hazırda 2 yəhudi sinaqoqu var. Bunlardan biri təxminən 1849-cu ildə, digəri 1892-ci ildə inşa edilib. Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində Oğuzda Yəhudi sinaqoqu əsaslı şəkildə təmir olunub. Hazırda burada yəhudilər öz dini ayinlərini icra edirlər”.

R.Nurməmmədov rayonun Filfilli və Qarabulaq kənd tam orta məktəblərində ləzgi dilinin tədris olunduğunu, Oğuz şəhər 1nömrəli və Böyük Söyüdlü kənd tam orta məktəblərdə Azərbaycan bölməsi ilə yanaşı rus bölmələri də fəaliyyət göstərdiyini, Fifilli və Qarabulaq kənd tam orta məktəbləri öz yetirmələrinin, milliyyətcə ləzgi olan şəhidlərin adını daşıdığını etnik tolerantlığımızın daha bir bariz nümunəsi kimi dəyərləndirib.

Tədqiqatçı milli birliyin formalaşmasında tolerantlığın əhəmiyyətini də xüsusi vurğulayıb: “Tarixən Azərbaycan ərazisində müqlər, maqlar, kaspilər, amartlar kimi müxtəlif türk tayfaları olub. Bundan başqa türklərin birinci axını zamanı Azərbaycan ərazisinə kimmerlər, skiflər, saklar, ikinci axını zamanı müxtəlif qıpçaq tayfaları-oğuzlar, sabirlər, onoqurlar və digərləri ərazimizə gəliblər. Üçüncü axında isə XI əsrdə- bu dəfə səlcuqlar Sultan Mahmudun hücumlarından qorunmaq üçün Azərbaycana pənah gətiriblər. Bu etnosların hamısı müxtəlif adlarla tanınır. Bunları bir-birinə yaxınlaşdıran nə idi? Eyni dünyagörüş, eyni mədəniyyət, adət-ənənələrin yaxınlığı, oxşarlığı. Və bunlar tədricən qaynayıb-qarışıb sonda bir millət, xalq kimi formalaşıblar. Ölkəmizdə tarixən məskunlaşmış müxtəlif dilə, din və mədəniyyətə malik etnosları yaxınlaşdıran isə ümumi təsərrüfat əlaqələri və ümumi düşmənə qarşı mübarizədə bu yeri özlərinə Vətən seçən insanların eyni amal uğrunda döyüşməsi idi. Bu sıx birlik tarixən formalaşıb və heç bir ayırıcı, separatçı qüvvə bunu məhv edə bilməz”.

Müsahibimiz onlarla xalqın dostcasına yaşadığı ölkəmizdə niyə məhz erməni separatizminin meydana çıxması ilə bağlı sualımızı da cavablandırıb: “Ermənilər tarixən vətənsiz olan insan qruplarından biridir. Azərbaycanlılara qarşı ermənilərin düşmənçilik meyillərinin kökləri hələ eramızdan əvvəklərə gedib çıxır. Mən təkcə bir misal çəkmək istərdim. Məsələn, eramızdan əvvəl 69-cu ildə Pompey Qafqaza hücum edəndə (çox təəssüf ki, indi bunu dərslikdən çıxarıblar) Albaniya və Atropatena hökmdarları ermənilərə kömək üçün 16 minlik qoşun göndərir. Amma cəmi üç il sonra Pompey Azərbaycana hücum edəndə ermənilər romalılara kömək etdilər. Ermənilər buraya ancaq torpaq iddiası ilə tarixin sonrakı mərhələlərində gəliblər. Ərazimizə onların ilk gəlişi Qaraqoyunlu Cahanşahın hakimiyyəti dövrünə təsadüf edir. Onlar həmin vaxt az sayda gəliblər. Ancaq onların əsas gəlişi bu ərazidə xristian dövləti yaratmaq istəyən Rusiyanın daxili siyasətinin nəticəsi olub. Əvvəlcə Rusiya imperatoru I Pyotr hələ 1722-23-cü illərdə Qafqaza hücum kampaniyası dövründə burada knyaz Rumyatsevə göstəriş verir ki, ermənilər Qafqazda, Azərbaycanda harada məskunlaşmaq istəsələr onlara şərait yaradılsın. Eyni zamanda 1724-cü ildə o fərman verir ki, ermənilərin Azərbaycan ərazisində yerləşməsi barədə fərman verir. Ancaq onların o zamankı hücumları Nadirin Azərbaycanı ruslardan xilas etməsi nəticəsində iflasa uğrayır. Yəni, 1732 –ci ildə Rəşt müqaviləsi və 1735-ci il Gəncə müqaviləsinə əsasən ruslar bu bölgəni tamamilə tərk etməli olurlar və onların burada ermənilərin hesabına dövlət yaratmaq niyyətləri baş tutmur. Və belə bir dövləti onlar yalnız 1826-28-ci illər müharibəsi dövründə, xüsusilə İrəvan istila edildikdən sonra (oktyabın biri 1828-ci il) yaratmaq fikrinə düşürlər. General Lazarevin başçılığı ilə xüsusi köçürmə komitəsi yaradırlar. Bu köçürmə komitəsi vasitəsilə onlar Azərbaycana İrandan 50 min, 1828-29-cu illərdə Rusiya Türkiyə müharibəsindən sonra isə Türkiyə ərazisindən 84 min erməni köçürürlər. Bunu o dövrün XIX əsrin birinci yarısında yaşamış Şavrov adlı rus tədqiqatçısı da qeydlərində göstərir ki, Qafqazda bir milyon üç yüz min erməni yaşayırdı. Onlardan bir milyondan çoxu bizim tərəfimizdən Qafqaza köçürülənlər idi. Deməli, köçürülməyə qədər burada bir ovuc dağınıq şəkildə erməni olub. Bu gün Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə üzləşməsi də o vaxtlar Rusiyanın yeritdiyi siyasətin nəticəsidir. Rusların burada yaratdıqları komendant-idarə sistemi vasitəsilə ən yaxşı torpaqlarımız – təkcə Yelizavetpol quberniyasında 200 yüz min desyatin torpaq sahəsi ermənilərin yerləşdirilməsi üçün ayrılıb. Bu yerləşdirilmələrdən sonra da ermənilərin Azərbaycana ərazi iddiaları başlayır”.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





23.08.2013    çap et  çap et