525.Az

Seçki ərəfəsi oyunlar Paşinyanın mövqelərini necə zəiflədir?


 

Seçki ərəfəsi oyunlar Paşinyanın mövqelərini necə zəiflədir? <b style="color:red"></b>

Ermənistanda erkən parlament seçkiləri ərəfəsində baş verən hadisələr Nikol Paşinyanın mövqelərinin zəifləməsinə işarədir. Baş nazir vəzifəsini icra edən Paşinyan təkcə ölkə daxilində deyil, həm də xarici siyasətdə uğursuzluqlarla üz-üzədir.

Ermənistanda insanlar çətin vəziyyətdə yaşamaqda davam edirlər, ölkədə işsizlik, sosial vəziyyət çox ağır durumdadır. Üstəgəl, Paşinyan hakimiyyətdə olduğu müddətdə bu vəziyyətin yüngülləşməsinə istiqamətlənmiş heç bir addım ata, islahatlar apara bilmədi. Ritorikaya, populizmə, "küçə siyasəti"nə üstünlük verən Paşinyan bu manevrlərlə də çox uzağa gedə bilməyəcəyinin fərqindədir. Çünki artıq anlayır ki, ona verilmiş vaxt başa çatmaq üzrədir, dekabr seçkilərindən sonra baş nazir vəzifəsinə seçiləcəksə, artıq xalq Paşinyandan konkret addımlar tələb edəcək.

Paşinyanın xarici siyasətindən isə danışmağa dəyməz. O, baş nazir seçildikdən sonra ölkəsinin xarici siyasətinin dəyişməyəcəyini bəyan etsə də, zaman bunun əksini göstərdi. Belə ki, son yeddi ay ərzində bu istiqamətdə nəinki hansısa uğura imza atıb, əksinə, qonşu, müttəfiq hesab edilən dövlətlərlə belə münasibətləri kəskin şəkildə pisləşdirdi. Onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) yönəlmiş siyasəti, nizamnamədən kənar hərəkətləri, üzv dövlətlərin liderlərinə qarşı qeyri-etik davranışı Paşinyanın məğlub durumda olduğunu  göstərir.

KTMT ilə münasibətləri pisləşdirməsi, baş katib postunu əldən verməsi Paşinyanın seçki ərəfəsində nüfuzunu xeyli aşağı salıb. 

Təkcə ölkə daxilində siyasətçilər və ekspertlər deyil, rusiyalı ekspertlər də onun davranışlarını ciddi tənqd edirlər. Regnum informasiya agentliyinin baş redaktoru Modest Kolerov hesab edir ki, Ermənistan KTMT-də öz şərtlərini diktə etmək istədi, amma buna müvəffəq olmayacaq. O, təşkilat daxlində heç bir böhran görmədiyini açıqlayıb: "Amma Ermənistanın idarəetmə sistemində böhran görürəm, bu isə KTMT-nin böhranı deyil . KTMT-də heç bir böhran yoxdur. KTMT öz üzvlərinə ciddi məhdudiyyət qoymayan çox yumşaq bir təşkilatdır".

Ermənistan tərəfinin öz mövqeyində israr edəcəyinə dair açıqlamaya gəlincə, Kolerov deyib: "Paşinyanın sözləri heç bir şey demək deyil, çünki qərarlar konsensusla qəbul olunur, onun prezidentlər Lukaşenko və Nazarbayevdən hesabat tələb etməklə təhdidi ona kömək etməyəcək".

AntiRusiya mövqeyində olan "Sasna Tsrer"in də iştirak edəcəyi qarşıdakı parlament seçkilərindən danışan Kolerov deyib ki, hökumət "Sasna Tsrer" nümayəndələrini əfv etdirdikdən, iki il əvvəl təşkil edilən terror aktına görə məsuliyyəti aradan qaldıqdan sonra onlar radikal bir siyasi partiya halına gəldilər. Qeyd edim ki, onlarda Nikol Paşinyandan daha çox radikalizm var. Radikalizm məsələsində Paşinyan tədricən "Sasna Tsrer"ə  "uduzacaq" və zamanla o, bu qüvvəyə daha güzəştə gedəcək. Çünki onlara sərgilədiyi mövqeyi göstərir ki, Paşinyan faktiki və ideoloji planda bu qüvvəyə qalib gələ bilməz. "Sasna Tsrer" Paşinyan hesabına öz nüfuzunu yüksətməyə çalışacaq".

Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının təmsilçisi Eduard Şarmazanov isə hesab edir ki, bu gün Ermənistan heç vaxt olmadığı qədər ciddi xarici və daxili problemlərlə üz-üzədir: "Və bu şərtlərlə biz özümüzü passiv aparıb, Paşinyanın mümkün nöqsanlarına göz yuma bilmərik. Biz bu çətinliklərə qarşı çıxmaq üçün hər şeyi edəcəyik.Respublika Partiyası real müxalifət olmaq və ikinci bir qütb formalaşdırmaq üçün seçkilərdə iştirak edəcək. Ölkəmizə hakimiyyətin çatışmazlıqlarını və səhvlərini göstərən real müxalifət lazımdır".

Şarmazanov hesab edir ki, ötən aylar ərzində bir sıra yalanların aşkarlanmasına şahidlik ediblər:"Paşinyanın vəd etdiyi sıçrayışlı inkişafın əvəzinə biz iqtisadi artımın enməsinə, investisiya göstəricilərinin 11 dəfə azalmasına, kameraların və qırmızı xətlərin aradan qaldırılması yerinə, kameraların artmasına və qırmızı xətlərin saxlanmasına şahidlik etdik.

Yeni iş yerləri açmaq əvəzinə, onların ixtisara salınmasını gördük. Paşinyanın vəd etdiyi demokratik inkişafın əvəzinə Milli Təhlükəsizlik Xidmətinin "düşünmək, sonra danışmaq" təhdidini aldıq. Milli və xristian dəyərlərini möhkəmləndirmək əvəzinə, biz bütün ermənilərin katolikosuna hücum, Şurnuhda homoseksualizmin təşviqini gördük. KTMT-də mövqelərimiz möhkəmlənmədi, əksinə, baş katib vəzifəsini itirdik".

Paşinyan isə islahatlar aparmaq əvəzinə, indi də müəllimləri ixtisar etməyin anonsunu verib. O deyib ki, Ermənistanda məktəb işçilərinin sayı olduqca çoxdur: "Müəllimlər ona görə, 153 min dram məbləğində sabit əmək haqqı almırlar ki, onların sayı tələb olunduğundan 10 minə yaxın çoxdur. Ölkəmizdə 153 min dram alan müəllim çətin ki, tapıla. Həqiqətən, müəllimlərin əmək haqqı aşağıdır".

Paşinyan buna səbəb kimi müəllimlərin əmək haqqının dərəcələrlə müəyyənləşdirilməsini göstərib: "Bu gün ölkədəki şagird sayına görə ümumi təhsil sahəsində tələb olunandan 10 min nəfər daha çox işçi var. Bu o deməkdir ki, müəllimin əmək haqqı 10 min əlavə işçiyə bölünür və ayda 153 min dram həcmi 2 və ya 3 hissəyə bölünür".

Baş nazir vəzifəsinin icraçısı başqa səbəb kimi kimisə tanışlıqla, yaxud seçkilərdə bir neçə səs yığmağa görə məktəblərə işə götürüldüyünü deyib. O, məktəbdə çalışanların yarısının pedaqoq olmadığını vurğulayıb: "Xüsusilə, kəndlərdə rəhbər şəxslər qohumlarını məktəblərdə müxtəlif işlərə təyin edirlər, əmək haqlarını isə məktəbə gəlmədən alırlar".

Göründüyü kimi, seçki ərəfəsində Paşinyanın bütün açıqlamaları, "islahat" hesab etdiyi iş yerlərini ixtisara salmaq planları, beynəlxalq siyasətdəki uğursuzluqları onun vəziyyətini daha da ağırlaşdırır. Dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək KTMT üzv dövlətlərinin görüşündə çox böyük ehtimalla baş katib postunu da itirəcək. Bu isə Paşinyan üçün çox ağır zərbə olacaq.

Bir neçə gün əvvəl Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vahram Baqdasaryan deyib ki, Paşinyan hakimiyyətini daha əvvəl hakimiyyəti xəbərdar etmişdim ki, əgər Yuri Xaçaturovla bağlı cinayət işi açılması və onu vaxtından əvvəl geri çağırmaq niyyətləri varsa, bu barədə öncədən KTMT üzv dövlətləri məlumatlandırılmalıdır. O vurğulayıb ki, bu edilmədi: "Əlaqələrin kəskinləşməsi və gərginlik bundan sonra başlandı və bizim bu vəzifəni itirməyəcəyimizi təxmin etmək mümkün idi".

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla KTMT liderlərinin münasibətlərinə toxunan Baqdasaryan deyib ki, xüsusən, dost və müttəfiq ölkələr arasında belə bir ritorika qəbuledilməzdir: "KTMT böyük bir ailədir, bütün dünya bunu izləyir və mənə elə gəlir ki, bu cür ritorika qəbuledilməzdir".

Paşinyan üçün ikinci böyük zərbə isə Belarus nümayəndəsi, Bakı hərbi məktəbinin məzunu  Stanislav Zasın baş katib vəzifəsinə təyin edilməsi ola bilər. Hətta bu şəxs olmasa belə, təşkilatda növbə Belarusundur. Prezident Lukaşenko isə hələ bir neçə gün əvvəl KTMT-nin baş katibi vəzifəsinə üç namizəd irəli sürə biləcəyini bildirmişdir.

Beləliklə, təhdidə, siyasi ritorikaya, küçə leksikonuna üstünlük verən Paşinyanı qarşıda xoş olmayan "sürprizlər" gözləyir.

PƏRVANƏ

 





21.11.2018    çap et  çap et