525.Az

Azərbaycan-Belarus münasibətləri dinamik inkişafda


 

"BİZ BEYNƏLXALQ TƏŞKİLATLARDA AKTİV QARŞILIQLI FƏALİYYƏT GÖSTƏRİR, BÜTÜN MƏSƏLƏLƏRDƏ BİR-BİRİMİZİ DƏSTƏKLƏYİRİK"

Azərbaycan-Belarus münasibətləri dinamik inkişafda<b style="color:red"></b>

Prezident İlham Əliyevin Belarusa reallaşdırdığı səfər iki ölkə arasındakı sıx münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhunu uyğun olaraq artıq 5-ci dəfədir Belarusa səfər edən dövlət başçısı İlham Əliyevin həmkarı Aleksandr Lukaşenko ilə apardığı danışıqlar və onların nəticələri əməkdaşlıq əlaqələrin gələcək dövrü üçün geniş perspektivlər vəd edir.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan və Belarus prezidentlərinin görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam etdi. Bu iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. Heç şübhəsiz, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır. Bu mənada, səfər öncəsi Azərbaycanın Belarusdakı səfirinin bu ölkənin prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilir. Həmçinin, rəsmi səfərdən öncə hökumətlərarası birgə komissiyanın iclasının keçirilməsi və iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsi perspektivlərinin müzakirə olunması və imzalanan yekun protokolda öz əksini tapmasında ikitərəfli münasibətlərin ciddi əhəmiyyətindən irəli gələn məsələdir.

Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib. Bu görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir. Təsadüfi deyil ki, prezidentlərin görüşünün yekunu olaraq, Minskdə iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı"dır. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi öz əksini tapıb.

Həmçinin, bəyanatın 1-ci bəndində qeyd olunub ki, Azərbaycan və Belarus strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər. 6-cı bənddə tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. 7-ci bənd hər iki ölkə rəhbəri ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildiriblər. 11-ci bənd isə tərəflər beynəlxalq təşkilatlar, o cümlədən, Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəliblər. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Yəni Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu, bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Birgə bəyanatın 22-ci bəndində isə tərəflər bərabərhüquqluluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əldə olunan razılıqların effektiv həyata keçirilməsinin effektiv təmin edilməsinə bütün səviyyələrdə dəstək vermək üçün niyyətlərini ifadə ediblər.

Bu mənada, səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində anlaşma memorandumu imzalanıb. Bu memorandumdan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün müqavilələrin imzalanması nəzərdə tutulub.

Prezident İlham Əliyev birgə mətbuat konfransındakı çıxışında bildirib ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyir: "Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır. Hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir". 

Prezident qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın istiqamətlərindən biri də hərbi-texniki sahədir: "Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək".

Belarus dövlət başçısı A.Lukaşenko isə qeyd edib ki, Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaq: "Biz ölkələrimiz arasında tərəfdaşlığın strateji xarakterini, ikitərəfli münasibətlərdə problemlərin qətiyyən olmadığını, yalnız xoş məramı və bizim birgə əməkdaşlıq səylərimizi təsdiq etdik".

A.Lukaşenko bildirib ki, əsrin dörddəbiri ərzində ölkələrimiz dövlətlərarası qarşılıqlı fəaliyyətin qurulmasında xeyli irəliləyib: "Buna müntəzəm dialoq, o cümlədən, yüksək səviyyədə dialoq kömək edib. Mən prezident həmkarımla görüşlərin etimada əsaslanan, səmimi ab-havasını çox yüksək qiymətləndirirəm. Biz beynəlxalq gündəliyin istisnasız olaraq bütün məsələlərini açıq və məhsuldar müzakirə edirik. Bugünkü danışıqların gedişində əsas diqqət uğurlu ticari-iqtisadi və investisiya əməkdaşlığına yönəldilib. Əldə olunan razılaşmalar bu əməkdaşlığın artırılmasına əlavə impuls verməyə kömək edəcək".

Azərbaycan prezidentinin Belarus səfəri ilə bağlı fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Azərbaycan-Belarus münasibətlərində yeni mərhələ başlayır. O, SİA-ya bildirib ki, Prezident İlham Əliyevin sonuncu səfəri 25 illik dinamik tarixi olan münasibətlərin indiyə qədərki nəticələrini qiymətləndirmək və yeni perspektivləri müəyyənləşdirmək üçün çox önəmlidir: "Səfər zamanı Belarus-Azərbaycan əməkdaşlığının böyük keçmişi olduğu kimi, böyük gələcəyinin də olduğu bir daha təsdiqlənib. Belarus-Azərbaycan münasibətlərinin strukturunun bir çox başqa ikitərəfli formatlardan aşkar fərqli olduğunu indi hamı müşahidə edə bilər. Belə ki, bu əlaqələr həm iki ölkənin böyük iqtisadi-ticarət investisiya potensialı üzərində qurulur, həm də iki prezidentin dərin anlaşıqlı şəxsi münasibətlərinə söykənir. Sonuncu amil bundan sonra hələ uzun illər iki ölkənin böyük potensiallarının üzə çıxarılmasına və xalqların qarşılıqlı rifahına yönəldilməsinə imkan verəcək".

A.Quliyevin sözlərinə görə, dünyada çox nadir ölkələrin timsalında rast gəlmək olar ki, münasibətlər iki liderin arasında qapalı mövzunun qalmadığı həddə qədər dərinləşdirilə bilsin: "Şərti yanaşsaq, Azərbaycan-Belarus münasibətlərində sonrakı mərhələ beş istiqaməti əhatə etməklə yeni böyük nəticələrə gətirib çıxaracaq. Bunlar ticarət, iqtisadi, qarşılıqlı investisiya, hərbi-texniki, beynəlxalq təşkilatlarda fasiləsiz birgə fəaliyyət və üçüncü ölkələrin bazarlarında birgə əməkdaşlıqdır. Göstərilən istiqamətlərin hər biri üzrə indiyədək iki ölkənin prezidentləri nəzərəçarpan nəticələrə vara biliblər. Ancaq qarşıda daha böyük nəticələr əldə etmək imkanları məhz Prezident İlham Əliyevin bu səfərində açılıb".

Baş redaktor söyləyib ki, Belarusda və Azərbaycanda dəyəri milyard dollarlarla ölçülə bilən investisiya layihələri indi daha real görünür: "Çox yaxınlarda Belarusla bizim üçün çox vacib olan yeni hərbi-texniki sazişin imzalanacağına artıq şübhə yoxdur. Bu, Azərbaycana Belarusun silah satışı ətrafında uğursuz qalmaqallar yaratmaq istəyən Ermənistana çox tutarlı zərbə olacaq. Azərbaycan diplomatiyası indiyədək ortaya bir neçə səmərəli işləyən üçtərəfli əməkdaşlıq formatları çıxara bilib. Prezident İlham Əliyevin Belarusdakı müzakirələri Azərbaycan, Belarus və Türkiyədən ibarət yeni üçtərəfli formatın konturlarını yaradıb".

Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsinin Dağlıq Qarabağ probleminin həllinin tezliklə irəliləməsinə yollar açmaq baxımından da təsirli olacağını deyən A.Quliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqlənib.

Milli Məclisin deputatı Musa Qasımlı isə bildirib ki, Azərbaycan və Belarus respublikaları arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşıb. Deputatın sözlərinə görə, həmin münasibətlərin dərin təməlləri var: "Bu münasibətlər qarşılıqlı maraqların təmin olunmasına söykənir və həmin əsasda iki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni hümanitar sahələrdə əməkdaşlıq qurulub və inkişaf edib. Münasibətlərin hüquq-münasibət, hüquq-müqavilə bazası formalaşıb. Azərbaycan və Belarus arasında münasibətlərə İlham Əliyevlə Aleksandr Lukaşenkonun şəxsi münasibətlərinin də böyük təsiri var. Azərbaycan prezidentinin bu səfəri göstərib ki, qarşılıqlı münasibətlərin böyük potensialı və perspektivləri mövcuddur".

Ceyhun ABASOV

 





21.11.2018    çap et  çap et