525.Az

"Azərbaycan qadını bütün dünyada nüfuzlu mövqeyə yüksəlib"


 

BDU-nun KAFEDRA MÜDİRİ, PROFESSOR İRADƏ HÜSEYNOVA ÖLKƏMİZİ BEYNƏLXALQ FORUMDA TƏMSİL EDİB

"Azərbaycan qadını bütün dünyada nüfuzlu mövqeyə yüksəlib"<b style="color:red"></b>

Bu yaxınlarda Rusiya Federasiya Şurasının və MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə II Avrasiya Qadınlar Forumu keçirilib.

Sankt-Peterburq şəhərinin mədəni-tarixi mərkəzində təşkil olunan Forumda 110 dövlət və bir çox nüfuzlu aparıcı təşkilatların (UNESCO, BRİKS, UNİDO və s.) nümayəndələri təmsil olunublar. Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Azərbaycan nümayəndə heyətinin tərkibində II Avrasiya Qadınlar Forumunda ölkəmizi təmsil edib.

Bizimlə söhbətində İ.Hüseynova dünyanın ən məşhur və tanınmış xanımlarının, ictimai xadimlərinin qatıldığı forumda ikinci dəfə iştirak etdiyini bildirdi: "Birinci dəfə üç il öncə 2015-ci ilin sentyabr ayında I Avrasiya Qadınlar Forumunda da ölkəmizi təmsil etmək mənə qismət olmuşdu. Bu il Tavrida sarayının Duma zalında keçirilən plenar iclası Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko açdı. Sonradan biz müxtəlif mövzuları əhatə edən seksiyalarda öz çıxışlarımızı etdik. Foruma Rusiya Federasiyasının prezidenti Vladimir Putinin gəlişi bizim üçün xoş sürpriz oldu. Vladimir Putin böyük bir məruzə ilə çıxış etdi. O, çıxışında müasir, sürətlə dəyişən dünyada qadınların özlərini müxtəlif sahələrdə çox uğurla və aktiv təmsil etdiklərini, sülhün, təhlükəsizliyin möhkəmlənməsində getdikcə daha əhəmiyyətli rol oynadıqlarını, həmçinin, vacib sosial-iqtisadi, humanitar məsələlərin həllində onların fəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğuladı.  Sonra o, bizimlə görüşdü və geniş fikir mübadiləsi aparıldı".

İ.Hüseynova toplantıda elm, təhsil sahəsi üzrə olan seksiyada "Azərbaycan Respublikasının timsalında qadının qlobal təhlükəsizliyin təminatında və davamlı inkişafında rolu" mövzusunda məruzə edib: "Çıxışımda Azərbaycanda gender bərabərliyinin qorunmasının dövlətinin prioritet məqsədlərindən biri olduğunu vurğuladım. Həmçinin, Şərqdə ilk dəfə Azərbaycan Demokratik Respublikasının qadın hüquqlarını tanımasını və qadınlara seçkidə iştirak etmək - seçmək və seçilmək hüququ verməsini tarixi hadisə kimi dəyərləndirdim. Ölkəmizdə bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan qadını bütün dünyada nüfuzlu mövqeyə yüksəlib, bunun sayəsində bizim qadınlar ictimai fəallığı ilə beynəlxalq aləmdə sayılıb-seçilir. Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun qadınlara verdiyi böyük qiymət Azərbaycan qadınının cəmiyyətimizdəki dəyərini daha parlaq təcəssüm etdirdi. Bundan başqa, Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin mart ayında dövlət siyasətində qadınların rolunun daha da artırılmasına dair fərmanını orada diqqətə çatdırdım. Bu fərman Azərbaycan qadınlarına hakimiyyətin bütün sferalarında öz hüquq və vəzifələrini demokratik dəyərlərə əsaslanaraq icra etmək imkanını daha da genişləndirib. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gözəl ənənələr Azərbaycana böyük məharətlə rəhbərlik edən Prezident İlham Əliyevin fəaliyyətində də qabarıq surətdə öz əksini tapıb. Biz Azərbaycan qadınları üçün çox gözəl bir nümunə var ki, o da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Onun çoxşaxəli və uğurlu gələcəyə yönəlmiş müstəsna əhəmiyyət kəsb edən fəaliyyəti hər birimiz üçün örnəkdir. Bütün xalqımız Mehriban xanım Əliyevanın cəmiyyətimizin ən kövrək sahələrinə, xüsusən qadınlarla bağlı məsələlərə necə nəcibliklə diqqət göstərdiyinin şahididir. Mən Təhsil nazirinin müavini olduğum illərdə Mehriban xanım Əliyevanın kimsəsiz qadınlara böyük qayğı göstərdiyini, hər cür şəraitlə təmin olunmalarına çalışdığını dəfələrlə görmüşəm. Eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, elmimizin, təhsilimizin inkişafı sahəsində də Mehriban xanım Əliyevanın fəaliyyəti biz Azərbaycan qadınları üçün böyük bir nümunədir. Bu gün Azərbaycan qadını həyat yoldaşı, ana olmaqla bərabər, gənc nəslin yetişdirilməsində, cəmiyyətin inkişafında mühüm rola malikdir, kişilərlə çiyin-çiyinə böyük əmək fəaliyyəti ilə məşğul olur. Bir sözlə, müstəqil Azərbaycanın inkişafında öz dəyərli töhfələrini verir".

İ.Hüseynova bildirib ki, Forumun sonunda Rusiya Federasiya Şurasının sədri Valetina Matviyenkonun rəhbərliyi ilə iştirakçılar tərəfindən yekun sənəd qəbul edilib, sonra forum çərçivəsində geniş konsert keçirilib, tarixi məkanlar ziyarət olunub".

Professorun fikrincə, bu kimi beynəlxalq tədbirlərdə qadınlarımızın iştirakı, öz mövqeyini ortaya qoyması, həm milli-dövlətçilik nöqteyi-nəzərindən, həm də qadınların sosial hüquqlarını müdafiə etmək, onların geniş mənada ictimai-siyasi sferada təmsil olunması cəhətdən çox vacibdir".

Bu il özünün elmi fəaliyyətilə əlaqədar əlamətdar hadisələr gerçəkləşdiyini deyən İ.Hüseynova fevralda "Elm və təhsil" nəşriyyatında "Qafqaz xalqlarının tarixi" fundamental dərsliyinin çapdan çıxdığını bildirdi: "Bu nəşr bütün dünyanın geosiyasəti üçün mühüm bir regionda xalqların tarixi inkişafının bütün dövrlərini və çoxsaylı millətlərin, xalqların və qrupların etnik rəngarəngliyini özündə ehtiva edir. Fundamental dərslik Qafqaz xalqlarının qədim zamanlardan müasir günümüzədək bir dövrünü kompleks şəkildə əks etdirir. 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil həyat və mədəniyyət hüququnu əsrlər boyu qoruyan xalqların tarixidir. Qafqaz xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf sürətinə və məsafə uzaqlığına baxmayaraq, çoxsaylı tellərlə bağlıdırlar. Onların bəziləri təsərrüfatçılıq, mədəniyyət və dövlət quruculuğunun inkişafında oxşar mərhələləri tez, digərləri gec keçiblər, bir-birinin ixtiralarını və əmək vərdişlərini mənimsəyiblər, öz ənənələrini və dünyagörüşlərini formalaşdırıblar. Bu kitab bizim kim olduğumuzu, tarixi köklərimizin haradan qaynaqlandığını, Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə kömək edəcək. Dərslikdə Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks və əsaslandırılmış şəkildə obyektiv şərh edilib. Akademik tərzdə yazılmış əsərdə lüzumsuz ideologiyalaşdırmaya, ehkamçılığa və mifləşdirməyə yol verilməyib.

Çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyətimin bəhrəsi olan "Qafqaz xalqlarının tarixi" kompleks sistemləşdirilmiş nəşrdir. Dərslik yeni reallıqlar, əsaslı şəkildə dəyişmiş geosiyasi şərtlər nəzərə alınmaqla, innovativ əsasda hazırlanıb. Bəzi xalqların etnik müstəsnalığına sosial sifarişlərin qarşısını almaq məqsədi daşıyan kitab "Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur", - deyən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü sülhməramlı "Ümumqafqaz evi" ideyasını obyektiv əks etdirir".

Bir neçə ay öncə isə İ.Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və həmin akademiyanın "Beynəlxalq Qızıl ulduz" mükafatına layiq görülüb: "Düşünürəm ki, bu, Azərbaycan ziyalısına, xüsusən ziyalı xanıma verilən dəyər və göstərilən yüksək etimadın nəticəsidir. Bu cür önəmli bir mükafata layiq görülmək və belə bir mühüm akademiyaya həqiqi üzv seçilmək çox qürurverici və məsuliyyətlidir. Məni buna layiq görən hər kəsə təşəkkür edirəm".

İ.Hüseynova Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi yönündəki fəaliyyətindən də söz açıb: "Hələ 18 yaşım olanda, ikinci kursda oxuyarkən Kənd Təsərrüfatı gününə həsr edilmiş Ümumrespublika müşavirəsi keçirilirdi. 1981-ci il oktyabr ayının 10-da Respublika sarayında gənclər adından respublika rəhbəri Heydər Əliyevin qarşısında məruzə etmək üçün mən seçilmişdim. Bu, mənim üçün böyük bir tarixi hadisə idi. O zamandan mən böyük bir ictimai və elmi fəaliyyətə məhz Ulu öndər Heydər Əliyevdən vəsiqə aldım. 

Sonradan onunla bir neçə dəfə görüşdük. Mən ümummilli lider haqqında hələ onun sağlığında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasını müdafiə etdim. O, özü dissertasiyamın gedişatı ilə yaxından maraqlanırdı. Bu elmi işim üçün Rusiyanın və Azərbaycanın, Naxçıvanın Milli Məclis arxivlərində, eləcə də onun zəngin həyat və fəaliyyət yoluna dair ən dəyərli sənədlər üzərində araşdırmalar apardım. Sonra Ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş elmi monoqrafiyalar və dərsliklər yazdım. Beləliklə, "Dövlətçilik naminə", "Müstəqilliyimizin təminatçısı", "Müstəqil Azərbaycan dövlətinin qurucusu", "Qeydar Aliev - ot politiçeskoqo rukovoditelya k obşenatsionalnomu lideru", "Tarix. Zaman. Düşüncələr. I cild" monoqrafiyalar, "Heydər Əliyev və Qafqazda sülh prosesi" adlı fundamental dərslik, postsovet məkanında ilk dəfə olaraq "İstoriçeskaya ensiklopediya Kavkaza" adlı ensiklopedik nəşr meydana gəldi. Mən elmi fəaliyyətimin bu istiqamətə yönəlməsi, belə lazımlı nəşrlər ortaya qoymağımla fəxr edirəm.

Şahanə MÜŞFİQ

 





21.11.2018    çap et  çap et