525.Az

Əməkdar artist İdris Mehdiyev yad edildi


 

Əməkdar artist İdris Mehdiyev yad edildi <b style="color:red"></b>

Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.

Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində təşkil edilən tədbirdə ölməz sənətkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Tədbirdə "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov, Xalq artisti Ağa Cəbrayıl Abasəliyev, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova çıxış edərək ölməz sənətkarın ömür yolundan, zəngin yaradıcılığından söhbət açıblar.

Bildirilib ki, görkəmli vokal ifaçısı öz bənzərsiz mahnıları ilə musiqi mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. O, Radio və Televiziyanın Estrada-Simfonik Orkestrinin müşayiəti ilə Rauf Hacıyevin "Sevgilim", "Bakı haqqında mahnı", Tofiq Quliyevin "Sənə də qalmaz", "Qızıl üzük", Səid Rüstəmovun "Qurban adına", "Alagöz", "Sumqayıt", Cahangir Cahangirovun "Ana", "Qarabağ", Əziz Əzizlinin "Kənd yolunda", Qənbər Hüseynli və digər Azərbaycan bəstəkarlarının bir sıra vokal əsərlərinin təkraredilməz ifaçısı olub. Onun repertuarında Fikrət Əmirov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Zülfüqarov və digər korifey sənətkarların əsərləri də mühüm yer tutub.

Diqqətə çatdırılıb ki, ansambldakı xidmətlərinə görə İdris Mehdiyev 1978-ci ildə "Azərbaycan SSR Əməkdar artisti" fəxri adına layiq görülüb.

Xatirə gecəsində Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının "Dan ulduzu" instrumental ansamblı, Vaqif Mustafazadə adına "Sevil" vokal kvarteti və Ramiz Mustafayev adına xorun müşayiəti ilə respublikanın tanınmış ifaçıları İdris Mehdiyevin vaxtilə oxuduğu mahnıları səsləndiriblər.

Sonda sənətkarın həyat yoldaşı Məhəbbət Mehdiyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Şahanə MÜŞFİQ

 





21.11.2018    çap et  çap et