525.Az

Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində


 

Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Yunus Oğuzun Təhmasib şahı Azərbaycanın bütövlüyü ideyasının daşıyıcısı kimi təqdim etməkdə nə dərəcədə haqlı olub-olmaması barədə mübahisə etmək olar, ancaq orası mübahisəsizdir ki, Təhmasib şah, Şah İsmayıldan fərqli olaraq, müharibələrdə iştirak edən, qılıncçalan bir qəhrəmandan çox, sufi-dərviş ideologiyası ilə mühafizə olunan bir ideya qəhrəmanıdır. Halbuki "Nadir şah"ın (və Yunus Oğuzun) qəhrəmanı da məhz qılınc qəhrəmanı idi...

Bu baxımdan həm "Təhmasib şah" romanı, həm də Təhmasib şah obrazı nəinki müəllifin yaradıcılığı, ümumən Azərbaycan tarixi romançılığı üçün kifayət qədər orijinal hadisədir... Başqa bir orijinallıq isə roman müəllifinin "Nadir şah"dan da irəli gedərək Azərbaycanın tarixi bütövlüyü məsələsini etnocoğrafi dəqiqliyi ilə ortaya çıxarmasında, milli siyasi-ideoloji yaddaşı təzələməsindədir... Nəzərə alsaq ki, bu günə qədər Azərbaycan xalqının tarixən məskunlaşdığı ərazi müxtəlif dövlətlərin tərkibinə daxildir, həmin problemin köklərinin müəyyənləşdirilməsi yalnız Azərbaycan tarixşünaslığının deyil, həm də Azərbaycan ədəbiyyatının elə bir mənəvi-ideoloji borcudur ki, əsrlər boyu "diqqətdən kənarda qalmasına" görə bu gün daha miqyaslı (və daha israrlı!) bir şəkildə ictimailəşdirilsin.

Yunus Oğuzun qələmi "Təhmasib şah"da nə qədər tarixidirsə, o qədər də müasirdir.

Təhmasib şah Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə mərkəzdən - Səfəvilər sarayından başlayır. Ona görə belə bir ehtiyac vardı ki, müxtəlif türk-Azərbaycan tayfaları (ustaclı, şamlı, qacar, zülqədər və b.) öz "problemlər"ini məhz sarayda (və məhz öz adamları hesabına) həll etməyə adət eləmişdilər. Tayfa ziddiyyətləri imkan vermirdi ki, milli bütövlük "yuxarı"dan (Azərbaycan türk elitasından) "aşağı"ya (Azərbaycan türklərinə) qədər təmin edilsin. Yunus Oğuzun "Təhmasib şah"ı bu məqamda "Kitabi-Dədə Qorqud"la səsləşir... Və "Təhmasib şah" müəllifinin "Kitab"a sədaqətidir ki, Təhmasib şah müxtəlif (və hakimiyyətə iddialı!) tayfaları bir xalq halında dərhal "birləşdirmir". Halbuki Səfəvi hökmdarının nəzəri olaraq belə bir imkanı vardı, Yunus Oğuzun yazıçı təxəyyülü də buna qadir idi. Lakin bu, tarixə təzyiq olardı ki, müəllifin tarixə münasibətdəki obyektiv mövqeyinə hər hansı halda xələl gətirərdi... Ona görə də roman müəllifi özünün milli bütövlük ideyasını Azərbaycan türk tayfalarını süni olaraq "birləşdirmək"də deyil, etnik təbi-tarixi bütövlük zərurətinə mane olan süni səbəblərin aydınlaşdırılmasında ifadə edir ki, bu, tamamilə tarixi, obyektiv və təbiidir.

Əlbəttə, türk dünyası orta əsrlərin sonuna etnik-siyasi baxımdan kifayət qədər diferensial vəziyyətdə gəlib çıxmışdı, lakin bu "daxili" diferensiallığı "xarici" inteqrativ münasibət bir sıra səbəblərə görə nəinki qəbul etmək istəmir, eyni zamanda, mövcud tarixi "ziddiyyət"dən sui-istifadə edilməsi üçün müəyyən şərait yaradırdı. Özünü Qaraqoyunluların, Ağqoyunluların varisi sayan Səfəvilər Şərqdə Cağataylılar, Qərbdə isə Osmanlılarla siyasi rəqabətdə idilər ki, həmin rəqabət əsrlər boyu müxtəlif şərtlər altında Şərqdən Qərbə "axan" türk tayfalar üçün bir sıra baxımlardan anlaşılmaz görünürdü.

Cahan dövləti ideyasını mənimsəmiş, ümumən müsəlman tarixi ənənələrinə, hətta xəlifəlik institutuna belə yiyə durmuş Osmanlılara qarşı müqavimət göstərən Qərbi Avropanın Səfəvilərdən istifadə etmək "təcrübə"si roman müəllifinin nəzərindən qaçmadığı kimi, Azərbaycanın bütövlüyünə mane olan "Şirvan separatizmi"nin də üzərindən ona görə keçilmir ki, tarix məhz necə varsa o cür təqdim olunsun... Bu, heç şübhəsiz, Yunus Oğuzun intellektual cəsarətidir ki, türk (və Azərbaycanın) tarixinin yalnız uğurlarını, fəxr olunacaq məqamlarını deyil, həm də təəssüf doğuracaq tərəflərini də bütün kəskinliyi ilə göstərir.

Tarixdən məlumdur ki, Sultan Süleyman Qanuni dörd dəfə Azərbaycana hücum edərək Səfəvilərin paytaxtı Təbrizi tutsa da, dördündə də çox keçmədən geri qayıtmalı olmuşdur. Və o da məlumdur ki, Səfəvilərin hərbi imkanları dünyaya meydan oxuyan (strateji məqsədləri Qərbi Avropanı diz çökməyə məcbur etməkdən ibarət olan!) Osmanlı ilə müqayisə edilə bilməzdi. Lakin Səfəvilər peşəkar ordudan çox, xalqın hərbi şücaətinə əsaslanaraq öz siyasi varlıqlarını göstərməyə çalışırdılar ki, Təhmasib şahın təcrübəsində Yunus Oğuz bu cəhətə xüsusi diqqət yetirmişdir. Belə ki, xalq bütövlükdə illərlə yaşadığı torpaqları, xüsusilə Təbrizi tərk edib gedirsə, öz əmlakını, təsərrüfatını buraxıb, sonra qayıdaraq yenidən bərpa edirsə, bu, Təhmasib şaha inamın ifadəsidir. Çünki o, təkcə siyasi lider deyil, həm də (və daha çox!) Şeyx Cüneyd, Şeyx Heydər və Şah İsmayılın varisidir, şeyx-sufi-dərvişlərin öndəgedənidir... Və Təhmasib şah bu missiyanı yalnız öz-özlüyündə, yaxud özünə qapanmaqla, tam mistik "texnologiyalar"la təzahür etdirmir, ölkənin mənəvi-ruhi bütövlüyünü (və müstəqilliyini) təmsil edən dərviş-ruhanilərlə görüşləri, məsləhətləşmələri ilə gerçəkləşdirir... Sultan Süleymanın hücumları o qədər süərtlə baş verir ki, Təbriz əhalisini şəhərdən çıxarmaq mümkün olmur, lakin dövlət idarəçiliyinin "mistika"sı, yaxud şeyx-sufi-dərviş himayəçiliyi dərhal köməyə gəlir: şəhəri duman bürüyür, yağış yağır... Bununla da Təbiət rəqibə başa salır ki, hərbi cəhətdən nə qədər güclü olsan da, bura sənin yerin deyil, buranın öz sahibləri, "yiyələr"i var...

"Təhmasib şah" müəllifi əmindir ki, Şah İsmayılın övladlarının heç də hamısına ölkəyə sahiblik, yaxud "yiyəlik" missiyası verilməmişdi. Nə Sam Mirzə, nə də xüsusilə hakimiyyəti hər cür üsulla ələ keçirmək istəyən Əlqas Mirzə şahlıq taxtına layiq deyildilər. Çünki Səfəvilərdə şahlıq institutu xalqın ən "aşağı" təbəqəsinə enməkdən başlayır, əgər o dərinliyə enə bilmirsənsə, bu ucalığa yüksələ bilməzsən... Və Yunus Oğuzun "Təhmasib şah"da əsas idyea-estetik kəşfi də, şəksiz, bundan ibarətdir. Lakin bizim tariximizlə yanaşı, tarixşünaslığımızın da faciəsidir ki, illərlə gecikdiyimizdən bu gün hər addımda "kəşf" etməyə məcburuq...

lll

Səfəvilərdən sonra Yunus Oğuzun Əmir Teymur mövzusuna keçməsi ona görə təsadüfi sayıla bilməz ki, yazıçı-tarixçi-filosofun yaradıcı təfəkküründə hələ ilk əsərlərindən aydın cizgilərilə seçilən elə bir "türk bütövlüy"ü var ki, onu həm inteqrativ, həm də diferensial dərk (və təfsir!) eləmək gücündədir. Odur ki, Əmir Teymurdan yalnız çox yox, həm də çox dəyərli əsərlər yazıldığına görə zaman Yunus Oğuzun qarşısına böyük "maneələr" çıxarmış olsa da, o, öz yaradıcılıq inersiyasından (və iddiasından) geri durmayıb öz "Əmir Teymur"unu yazdı. Və elə bilirik ki, səhv eləmədi... Yunus Oğuzun Əmir Teymuru həm həyatın bir insan taleyinə verdiyi təsadüflərin, həm də onu hakimiyyət zirvələrinə qaldıracaq tale metafizikanın (və mistikasının!) təzahürüdür. Əsas da odur ki, Yunus Oğuzun Əmir Teymurunda insan şəxsiyyət olmaq naminə həyatındakı təsadüflərdən imtina edərək həmin metafizik (və mistik!) məqsədə can atmaq qabiliyyətinə (və nəticə etibarilə, istedadına!) yiyələnə bilir... "Əmir Teymur"un müəllifi öz qəhrəmanının həyatındakı təsadüfləri ona görə bol-bol təqdim edir ki, bu "bolluğ"un qəhrəmanın taleyi üçün, demək olar ki, heç bir əhəmiyyət daşımadığına oxucunu əks effektlə inandırsın.

Hakimiyyətə xalq içərisindən gəlmiş şəxsiyyətin "tərcümeyi-hal"ını Yunus Oğuz "Nadir şah"da da vermişdi. Ancaq təbii ki, Nadir şahın öz miqyası, Əmir Teymurun öz miqyası vardı. Və aqibətləri də tamamilə fərqli olmuşdu.

Əsas o deyil ki, Əmir Teymur hökmdar nəslindən və ya sülaləsindən çıxmamışdı, əsas o idi ki, bu dahi şəxsiyyət həmin nəsilləri və ya sülalələri yetirən mükəmməl bir etnosun törəməsi idi. Əmir Teymur ona görə hakimiyyət nərdivanının ən yüksək pillələrinə yüksələ bilir ki, o, mənsub olduğu etnosun (və bu etnosun tarixi taleyinin) həm bilavasitə, həm də "dolayısı" ilə himayəsindədir. Lakin hər cür himayənin hüdudları vardır... Əmir Teymuru əhatə etmiş "məsləhətçi"lər nəinki onu bir dövlət başçısı kimi müdafiə etməyə, əgər ümidləri doğrultmasa, hakimiyyətdən uzaqlaşdırmağa da qadir olduqlarına görə əsas məsələ hökmdarın şəxsiyyətində yox, onun şəxsiyyətinin nə dərəcədə hökmdarlıq tələblərinə cavab verib-verməməsindədir. Yəni tarixi şəraitin (və həmin şərait üzərində hakim olan türk dövlət idarəçiliyi ənənəsinin) hökmü hökmdarlıqdan müqayisə edilməyəcək qədər yüksəkdə dayanmaqla hakimiyyət iddialarına elə məhdudiyyətlər qoyur ki, iddiaçıların taleyi, həqiqətən, bir tükdən asılı olur.

Romanda cəmiyyətin müxtəlif təbəqələrinə (tacirlər, məmurlar, dərvişlər, din xadimləri, əsgərlər və b.) geniş yer ayrılır. Və ayrı-ayrılıqda bu insanlar elə bir ciddi təsir bağışlamasalar da, bütövlükdə elə bir qüvvə təşkil edirlər ki, əmirteymurların taleyi məhz onların ümumi maraqlarından, təhtəlşüur iradələrindən asılıdır. Və Yunus Oğuzun Əmir Teymuru yaxşı bilir ki, bu zümrələrin "müdaxilə"sindən kənarda onun nə hərbi yürüşlərdə, nə dövlət idarəçiliyində, nə də xalqın hörmətini qazanmaqda heç bir müvəffəqiyyəti ola bilməz. Hakimiyyətə sülalə ənənəsi ilə deyil, "həyatın dibi"ndən gəlmiş bir insan üçün cəsarət, şücaət, dəliqanlılıq nə qədər vacib olsa da, təmkin, tədbir, məsləhət (gənəşik) ondan da zəruri idi. Və təsadüfi sayıla bilməz ki, Əmir Teymur Çingiz xandan (və onun bilavasitə varislərindən) fərqli olaraq öz "Tüzüklər"ini yadigar qoyub getdi ki, həm bilavasitə, həm də dolayısı ilə varisləri hökmdarlığın yalnız taleyin hədiyyəsi yox, eyni zamanda, böyük bir məsuliyyət olduğunu anlasınlar.

"Əmir Teymur" müəllifi, dahi hökmdar-sərkərdə haqqında yazan bir sıra digər müəlliflərdən fərqli olaraq, heç də elə düşünmür ki, onu zamanın (və tarixin) fövqünə yüksəldən yalnız şəxsi keyfiyyətləri-güclü iradəsi, hərbi istedadı, despotik idarə sistemi və s.-dən ibarətdir... Yunus Oğuzun Əmir Teymuru məkanın (və zamanın) fövqəladə imkanlarını öz məram-məqsədlərinə tabe etməyə qadir bir strateji istedaddır. O nə dinə, nə ticarətə, nə də ədəbiyyata-incəsənətə aludədir, bununla belə yaxşı bilir ki, cəmiyyətin aludə olduğu bu yaşam texnologiyalarından istifadə etmədən dövlət qurmaq, cəmiyyəti idarə ediləcək bir vəziyyətə gətirmək mümkün olmaz... Bir məsələ də önəmlidir ki, Əmir Teymur istər türk dünyasını, istərsə də ümumən dünyanı vahid hakimiyyət ("Cahan dövləti") ətrafında birləşdirməyə gecikmiş, lakin bu tale ilə barışmaq istəməyən hökmdar tipidir. Və Makedoniyalı İskəndərdən başlayan cahangirlik ideyasının tamamilə təbii davamçısıdır. Yunus Oğuz nə qədər bu fikirdə olsa da ki, Əmir Teymur vahid Türk dövləti yaratmaq istəyirdi, son orta əsrlər tarixinin fəlsəfəsi həmin ideyanı, prinsip etibarilə, təkzib edir. Hər şeydən əvvəl ona görə ki, həm Çingiz xanın törəmələrinə, həm də Osmanlılara (İldırım Bəyazidə) qarşı amansız döyüşlərə girib onları məğlub edən Əmir Teymurda türkçülük düşüncəsi yox idi. Hətta özünün türk olduğunu dərk etsə belə, cahangirlik stixiyası imkan vermirdi ki, bu dünyanı idarə etmək üçün ikinci bir hökmdara da yer olacağını düşünsün. Ancaq gerçəklik onun düşüncələrinin miqyasından xeyli geniş olduğuna, arzularına rəğmən dünyanın sonuna gedib çıxa bilmədiyinə görə Əmir Teymur tarixdə, ümumiyyətlə, iddiaları ilə imkanları uyuşmayan bir faciə qəhrəmanı kimi qaldı: dünya hakimiyyəti iddiasında idi, ancaq dünyanın nə qədər geniş olduğu barədə aydın təsəvvürə malik deyildi...

Yunus Oğuz, bir tərəfdən, Əmir Teymurun "cahangirlik iddiaları"nı təqdim edir, digər tərəfdən, bu iddiaların Türk dünyası miqyasında törətdiyi faciələrin fərqinə varır... Əmir Teymurun apardığı iqtisadi, mədəni quruculuq işləri də "Əmir Teymur" müəllifinin diqqətindən yayınmır. Və yazıçı-tarixçi tamamilə haqlı olaraq göstərir ki, bu quruculuq işləri heç bir konyuktur məqsəd güdmür, böyük bir dövlət adamının təbiətini, birbaşa xarakterini ifadə edirdi. Və o, dünyanı dağıtdığı templə (və istedadla) da qururdu... Bütün despotizmi ilə birlikdə, ədalətli idi...

lll

Yunus Oğuzun "Alp Arslan"ı ("Böyük Səlcuq Dövləti") yazıçının türk tarixini roman miqyası ilə dərk (və təqdim) etməsində növbəti addım oldu.

Əsər türk tarixinin, yaxud türklərin xüsusilə orta əsrlərdə dünyanın geniş bir coğrafiyasında yayılmasının çox böyük (həlledici!) hadisələrindən olan "axın" (axınçıların gəlişi) xəbərilə başlayır. Dəmirçi Murad bu xəbəri Savalan dağlarında, gizli bir məkanda məskunlaşmış Dədələrə çatdırır.

Dədələr yüzillərlə gözlədikləri bu xəbərdən çox şad olurlar. Və Baş Dədə axınçıların gəlməsi münasibətilə Dədələri bir yerə toplayır...

Azərbaycanda axınçıların yolunu gözləyən xeyirxah Dədələrlə yanaşı, onların (yalnız onların yox, ümumən dünyada harmoniya yaradacaq hər cür qüvvənin, hakimiyyətin!) düşməni olan bədxah xaşxaşilər də var ki, Ələmut dağında gizlənib Həsən Sabbahın başçılığı altında quldur dəstələri toplayıb böyük xadimləri öldürür, hərcmərclik yaradırlar.

Və bu cür qurbanlardan biri də Alp Arslan olur...

Baş vəzir Nizam-ül-Mülkün etirazına baxmayaraq, namazı məsciddə xalqla bir yerdə qılmağa gedən sultanı ağlı başından alınmış xaşxaşi "fədai"lərindən biri ağır yaralayır...

Və bundan sonrakı hadisələr ölüm yatağında olan, ağrıdan qıvrılan Alp Arslanın xatirələri, daha doğrusu, xatırlamaları kimi təqdim olunur... Hər xatırlamadan sonra hökmdarın sağalmaz yaradan çəkdiyi əzablara qayıdılır. Və bu ədəbi priyom-texnologiya əsərin struktur bütövlüyünü, bədii ritm və intonasiyasını müəyyənləşdirir.

... Türküstandakı rəqiblərini yenən səlcuqlar türk tarixində yeni güclü bir sülalə hakimiyyətinin - dövlətin (Səlcuqluların!) əsasını qoyurlar.

... "Dandanakan döyüşündən sonrakı on il müddətinə səlcuqlar Xarəzm torpaqlarını ələ keçirtdilər, Qəznəliləri özlərinə tabe etdilər. Bu on il ərzində türkmənləri və Kirmanşahdakı qəbilələri, Diyarbəkir, Axlat və Malazgirddəki Məvrani dövlətini, İraq, Əl-Cəzirə və Şimali Suriyadakı Hamdaniləri, Təbəristanda ziyariləri, Deyləmanda kakuiləri, Gilanda Səffariləri, Azərbaycanda Rəvvadiləri, Şirvanda Şirvanşahları, Dərbənddə Haşimiləri, Divin və Aranın bir hissəsində Şəddadiləri, Farsda Buveyhiləri, Sistanda Səffariləri özlərinin vassallarına çevirdilər. Səlcuq hakimiyyətinin on beş illiyində isə Bağdad və bütün İslam şərqi artıq tam olaraq onların əlində idi.

Axınçılar indi də batının hər yerində görünür, hər kəsi özlərinə tabe etdirməyə çalışır və bunu bacarırdılar"...

Vəliəhd Alp Arslan özünü sultan elan etdikdən sonra səlcuqların Qərbə axını daha böyük vüsət alır...

Səlcuqların qarşısında ciddi müqavimət göstərən əsas şəhər Bizansın Ani şəhər-qalası olur...

"... Ani şəhərinin alınmasına başlanıldı.

Bütün gecəni əsgərlər sal daşları daşıyıb, çaya tökdülər. Çay getdikcə axarını dəyişməyə hazır vəziyyətə gətirildi. Sonuncu sal daşı yerinə qoymaq qalırdı.

Hər tərəfdən hücum başladı.

... 16 avqust 1064-cü ildə Bizans imperiyasının şərq sərhədində ən güclü şəhəri olan Ani fəth olundu və xarabalığa çevrildi"...

(Ardı var)

 





21.11.2018    çap et  çap et