525.Az

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis olundu


 

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis olundu<b style="color:red"></b>

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib.

Dövlət komitəsindən verilən məlumata görə, təsis yığıncağında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, 60-dan çox diaspor nümayəndəsi və rəhbəri iştirak edib.

Komitə sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu qeyd edib. Son dövrlər diaspor sahəsində görülən işlər barədə, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, koordinasiya şuraları və perspektivlər barədə məlumat verilib, iştirakçılara dövlət komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Tədbirdə digər çıxışçılar Amerikada yaşayan azərbaycanlıların problemlərindən danışıb, Azərbaycandilli məktəblərinin sayının artırılmasının zəruriliyi qeyd ediblər, Həmçinin, Amerikada yaşayan istedadlı gənclərimizə diqqətin artırılması istiqamətində təkliflər səsləndirilib. Eyni zamanda, Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyasının vacibliyi vurğulanıb.

Toplantıda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib və şuranın tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb.

Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən dövlət komitəsinin rəhbəri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu qeyd edib. O, yalnız bir ölkədə, bir qitədə yox, bütün dünyada soydaşlarımızın şəbəkələşməsinin zəruri olduğunu bildirib.

Bundan başqa, nümayəndə heyəti Amerika Sefardlar (İspaniya yəhudiləri) Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb.

Görüşdə David Dangoor rəhbərlik etdiyi federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib. Eyni zamanda, federasiya üzvləri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüblər.

Azərbaycan və onun diasporu haqqında məlumat verən F.Muradov gələcək perspektivlər barədə fikirlərini bildirib.

Qarşılıqlı səmimi şəraitdə keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri, Azərbaycanda və Amerikada ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Daha sonra nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və soydaşlarımızın təşkilatçılığı ilə keçirilən "Florida Keys" Gənc istedadlar üçün beynəlxalq musiqi müsabiqəsinin qala konsertinə qatılıblar.

C.ABASOV

 





21.11.2018    çap et  çap et