525.Az

Dinlərarası və sivilizasiyalararası dialoq barədə beynəlxalq konfrans


 

Dinlərarası və sivilizasiyalararası dialoq barədə beynəlxalq konfrans <b style="color:red"></b>

Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans zamanı Azərbaycanın multikultural və tolerant həyatını əks etdirən vizual və əyani materiallar, kitab və albomlardan ibarət sərgi-ekspozisiya nümayiş etdirilib.

Üç yüzə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən, dünyanın 40-a yaxın ölkəsindən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Almaniya dövlətinə və xalqına çatdırıb. Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəmin verildiyini bildirən A.Paşazadə qeyd edib ki, ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoq və əməkdaşlığı dövlət səviyyəsində dəstəklənir. Milli, etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. "Bu, bizim qürur mənbəyimizdir. Azərbaycanda elan olunmuş "Multikulturalizm İli" və "İslam Həmrəyliyi İli" ümumbəşəri əhəmiyyətli dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Azərbaycanın bu örnək modelinin təməli Ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur", - deyə QMİ sədri vurğulayıb.

A.Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. "Biz fəxr edirik ki, Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl bir ölkə kimi tanınır. Bu yaxınlarda Almaniya Kansleri xanım Angela Merkelin Azərbaycanı ziyarət etməsi Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi baxımından əhəmiyyətli hadisə oldu. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun xəttilə Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mötəbər tədbirin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda 200 ildir alman icmaları mövcuddur və onlar bizim multikultural cəmiyyətimizin ayrılmaz hissəsidirlər. Biz din xadimləri dünyada sülhün, əmin-amanlığın və insan həyatının qorunması yolunda öz səylərimizi əsirgəmirik. Dünyanın bir çox ölkələrində, o cümlədən, Böyük Britaniya, İsveç, Finlandiya, İspaniya, Almaniyada keçirdiyimiz beynəlxalq forumların ümumi məramı dünyamızda sülhün, əmin-amanlığın qorunub saxlanılması, insan həmrəyliyinə nail olunmasıdır", - deyə A.Paşazadə qeyd edib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov isə deyib ki, Azərbaycan dünyada multikulturalizmin dövlət siyasəti olduğu azsaylı ölkələrdən biridir. Dövlət bu siyasətin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında, tolerantlıq və qeyri-ayrı-seçkilik siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. Azərbaycan dövləti cəmiyyətdə dağıdıcı meyllərin qarşısını almaq məqsədi ilə multikulturalizm siyasətinin ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişafına və onun milli təhlükəsizliyinə xidmət etməsi üçün əlindən gələni əsirgəmir.

E.Nəcəfov bildirib ki, demokratik inkişaf yolunu seçmiş, multikultural mühiti və tolerantlığı ilə tanınan Azərbaycan üçün dini etiqad azadlığı ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan hər zaman müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı ölkələrdən biri olub. Azərbaycan xalqına xas olan tolerantlıq dəyərləri ölkəmizdə bu günə qədər sülh şəraitində birgəyaşayışın və mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynayıb. "Nəticədə, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olub", - deyə Komitə sədri vurğulayıb.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin dediyinə görə, heç kəs dini etiqadına görə təhdid oluna bilməz: "Biz insanları və fərqliliyi sevməliyik. Bu, dünyada sülhün bərqərar olmasının əsasını təşkil edir. Biz həmişə şərə qarşı mübarizə aparmalıyıq. Şər dünyamızda yayılmamalıdır".

Almaniya Hökumətinin dini azadlıqlar üzrə müvəkkili Markus Qrubel təəssüflə bildirib ki, bu gün dünyanın bir çox ölkələrində mədəni müxtəliflik, ifadə azadlığı yalnız sənədlərdə yer alır, cəmiyyətə nüfuz etmir. Almaniyada da dini və irqi ayrı-seçkiliyə cəhdlər göstərilir. Biz isə buna qarşı gücümüzü səfərbər etmişik.

İskəndəriyyə və bütün Afrika Papası və Patriarxı II Teodoros konfransın əhəmiyyətindən bəhs edərək bu cür konfransların mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun təşviqi baxımından önəmini vurğulayıb.

Konfrans Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının moderatorluqları ilə panel iclaslarla işini davam etdirib.

Sonda konfransın yekun bəyannaməsi imzalanıb.

S.QARAYEVA

 





21.11.2018    çap et  çap et