525.Az

Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində


 

Yunus Oğuz tarixi romanların müasir ustası mövqeyində<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Alp Arslan geriyə - Türküstana yürüş edib ona tabe olmayanları, Səlcuqlular dövlətinə qarışıqlıq salmaq istəyənləri cəzalandırır, qurultay keçirir, dövlətdaxili idarəçilik münasibətlərini tənzimləyir.

Və bu zaman Konstantinopolda Roman Diogen kral seçilir.

Səlcuqlularla bizanslılar 1071-ci ildə Malazgirddə üz-üzə gəlməli olurlar ki, bu döyüş türklərin yunanlar üzərində yalnız tarixi qələbəsi olaraq qalmadı, onları (türkləri) Konstantinopola-İstanbula qədər aparıb çıxaran çoxlu qələbələrinin möhkəm bünövrəsinə çevrildi.

Ancaq gələcək qələbələrin müəllifi Alp Arslan yox, onun xələfləri olacaqdı...

"... Sultan Alp Arslan daha keçmişdən və xatirələrdən qayıtmaq istəmirdi. Saray həkimi onun otağına girəndə ondan səs-səmir gəlmirdi. Əvvəlcə sultanın yuxuya getdiyini zənn elədi. Amma nəbzini yoxlayan kimi onun yuxudaca haqq dünyasına qovuşduğunu başa düşdü.

Bəlkə də sultan öz yuxu və ya xəyallarında qılıncını siyirib, at belində hücuma keçməkdə idi.

Sultan Alp Arslan 23 noyabr 1072-ci ildə 43 yaşında vəfat etdi.

Onu Mərvdə atası Çağrı bəyin yanında dəfn etdilər.

... Alp Arslandan sonra vəliəhd olan Məlikşah onun yerinə keçdi (1072-1092).

Onun iyirmi illik hakimiyyəti illərində səlcuqların və türklərin intibah dövrü başladı. Baş vəzir Nizami əl Mülkü və Məlikşahı xaşxaşilər sui-qəsd yolu ilə aradan götürdülər"...

Bir tərəfdə nəfsinə (şeytana) uyub türk irəli gedənlərini aradan götürən xaşxaşilər, digər tərəfdə haqdan gələn ideoloji-mənəvi (ruhani!) enerjilərilə onları müdafiə edən, gücləndirən Dədələr!..

Roman müəllifi hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqlik (və salnaməçi təmkini) ilə onların (tarixi hadisələrin) xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır. Və fikrimizcə, Dədələrlə xaşxaşilərin türk tarixindəki siyasi-ruhani missiyalarının obrazlı təqdimi romanın ən maraqlı səhifələrini təşkil etməklə əsəri yalnız bədii-estetik baxımdan deyil, ideya-fəlsəfi məzmunca da zənginləşdirir.

Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi, "Alp Arslan"da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl, bir övlad (xələf!) duyğusallığıyla qürur duyur. Və romanın elə səhifələri vardır ki, müəllif özünü təsvir olunan hadisələrin - döyüşlərin, rəsmi danışıqların, qurultayların sanki iştirakçısı kimi hiss edir. Məsələn, Alp Arslanla Nizam-ül-Mülkün aşağıdakı dialoqu müəllif hisslərinin mətnə müdaxiləsi baxımından maraq doğurmaya bilməz:

... "Sakit səslə: - Daha bir məsələ qaldımı, hörmətli vəzir? - soruşdu.

- Bəli, qaldı, sultan həzrətləri. - Ələmut qalasından xəbər aldım ki, sultan həzrətlərinə Həsən Səbbah tərəfindən sui-qəsd fətvası verilib. Nəzarəti daha da gücləndirmək lazımdır. Baxmayaraq mənim tərəfimdən bir sıra tədbirlər həyata keçirilir, ancaq yaxşı olardı ki, siz də bunu öz tərəfinizdən həyata keçirəsiniz.

Alp Arslan bu xəbərdən bir anlıq duruxub qaldı. Sanki bu xəbərin gerçək olacağına inandı. Hətta dərindən köks ötürdü. Sonra gülümsədi və:

- İşimi-gücümü atıb Ələmut qalasına vaxt ayırsam, o sarsaq Həsən Səbbaha baş qoşsam, tarix mənə gülər. - dedi. -Mən o şərəfsizə layiq olmadığı şərəfi vermək fikrində deyiləm! Bax, bu işi elə sizə tapşırıram, vəzir həzrətləri. Bir vaxtlar Həsən Səbbah sənin yanında işləyib. - Sultan güldü. - Onun bütün işlərindən sənin başın daha yaxşı çıxar.

Baş vəzir sultanın hara işarə vurduğunu başa düşdü. Amma indi özünü başa düşməyən kimi göstərməsi sərfəli oldu"...

Yazıçının qanında olan türk təəssübkeşliyi ona səlahiyyət verir ki, yeri gələndə türklərin çatışmayan cəhətlərindən də açıq bir şəkildə (və cəsarətlə!) bəhs etsin...

"... Əslində, Sultan, baş vəzir deməsə də, ölkənin necə idarə olunduğunu yaxşı bilirdi... Çox vaxt oğuzlar döyüşür, fəth edir, dövlət qurur, amma sarayın idarə edilməsilə başqaları məşğul olurdu. Türklər saraya çəkilməyi özlərinə yaraşdırmırdılar. Onlar fəthlər üçün yaranmışdı. Bu zaman saray işləri digər millətlərdən olanlara həvalə olunurdu. Onlar da bu sahədə formalaşır, püxtələşirdilər. Hətta yazışmalar da Samani-tacik dilində idi. Sultan bunu gözəl başa düşürdü. Tarix yaradan bir xalq tarix yaza bilmirdi.

... Əli ilə vəziri bir az daha yaxına çağırdı və astadan:

- Düzdürmü ki, sən əslən müsəlmanlığı qəbul etmiş yəhudisən?"

Ümumiyyətlə, türklərin tarixini bilavasitə mənbələr əsasında dərindən öyrənmiş, gizlin qatlarına zaman-zaman yaxşı bələd olmuş (və bu tarixi ruhuyla mənimsəmiş!) Yunus Oğuz onu (türkün tarixini) bütöv görməyi, ayrı-ayrı hadisələri həmin bütövlük üzvü tərkib hissəsi kimi təsəvvür (və təqdim) eləməyi ustalıqla bacarır. Müəllif şüurundakı məlumat bolluğunun nəticəsidir ki, bəzən hətta "mətn"dən (və "zaman"dan) kənara çıxaraq bir-iki cümlə ilə ya sələfləri, ya da xələfləri xatırladıb bütövlüyün miqyasını genişləndirməkdən də çəkinmir.

Romanda ümumən türk dünyasına məhəbbətlə yanaşı, həmin kontekstdən kənara çıxmayan bir Azərbaycan vətənpərvərliyi də var ki, bu, müəllifin təkcə bilavasitə mənsub olduğu etnosiyasi coğrafiyaya bağlılığından, onu daha yaxşı tanımasından irəli gəlmir, həm də (və daha çox!) onunla bağlıdır ki, odlar yurdu Azərbaycan ən qədim zamanlardan bəri türk dünyasının etnomədəni mərkəzlərindən biri (bəlkə də, birincisi) olaraq etiraf edilməkdədir...

... "Sultanın yürüş əmri sanki saray divarlarını yaladı, dolaşdı, eyvana, oradan da qalaya, küçələrə, evlərə, dükanlara, bazarlara, yollara yayıldı.

Müqəddəs Azərbaycan torpaqlarından ayrılması heç bir oğuz türkünün heç zaman ürəyicə olmayıb. Bu torpağın Vətən cazibəsi adlı qüvvəsinin mövcud olduğunu və digər yerlərə məxsus Vətən hissindən daha qüvvətli olmasını Oğuz dədələr də təsdiq edirdi. Buranı özünə Vətən hesab edən şəxs milliyətindən və dinindən asılı olmadan, yaşamasından az sonra zahirən də yerli sakinlərə oxşamağa başlayırdı. Sultan Alp Arslan artıq özünü təkcə oğuz-səlcuq türkü deyil, həm də əsl oğuz-azərbaycanlı hesab etməyə başlamışdı"...

Ona görə də yazıçı qələmi heç bir şübhə yeri qoymadan Alp Arslanı Bakıya ("Bəkkə şəhəri"nə) gətirir. Və hökmdar - sərkərdə Kaspi sahilindəki Ağ qalanı (Qız qalasını) ziyarət edir, buradan ruhi-mənəvi güc alır...

Yunus Oğuz yeni romanında türk etnoqrafiyasını, adət-ənənələrini, vərdişlər sistemini, ayinlərini, əvvəlki romanlarda olduğu kimi, təfsilatı ilə təsvir etməklə əsərə tarixi kolarit gətirir...

lll

"Şah arvadı və Cadugər" də Yunus Oğuz yenidən Səfəvilər mövzusuna qayıtdı... Əvvəlki əsərlərində olduğu kimi, burada da tarixin xronologiyasına tam (və təfsilatı ilə) əməl olunmasını əminliklə demək olar. Lakin müəllif yenə də salnaməçidən çox, yazıçıdır.

Məlum olur ki, Şah Təhmasib artıq qocalıb, dövləti idarə edə bilmir. Və öz yerinə layiqli bir davamçı qoymaması isə Səfəvilərin sonrakı taleyini təhlükə altına almış olur... Hakimiyyət uğrunda aparılan mübarizə onunla nəticələnir ki, Səfəvilər taxtında Dəli İsmayıl kimi tanınan II İsmayıl oturur. O Dəli İsmayıl ki, nə qədər cəsur, döyüşkən olsa da, dərin təfəkkür sahibi, müdrik deyildi və impulsiv hərəkətlərinə görə atası tərəfindən uzun illər Qəhqəhə qalasında həbsdə saxlanmışdı.

Hakimiyyəti ələ aldıqdan sonra Dəli İsmayıl nəinki dövlətə sədaqətli insanların, demək olar ki, hamısını, qohum-əqrabasını da qırıb-çatır, xalqı özündən narazı salır. Və beləliklə, sarayda dərin bir tənəzzül başlayır... Dəli İsmayıl sui-qəsdin qurbanı olduqdan sonra Şah Təhmasibin gözü yaxşı görməyən, xəstəhal, ümumiyyətlə, dövlət işlərindən başı çıxmayan, heç buna meyli də olmayan oğlu Məhəmməd Xudabəndə hakimiyyətə gətirilir. Və bununla da Səfəvilər sarayı bitməz-tükənməz intriqa ocağına çevrilir... Xüsusilə ona görə ki, Məhəmməd Xudabəndə arvadının - fars qızı Xeyrənisənin o dərəcədə nəzarəti altına düşür ki, romanın faktik qəhrəmanı Səfəvi hökmdarı Məhəmməd Xudabəndə deyil, arvadı Xeyrənisə olur. Və Şah arvadı, eləcə də ətrafındakı qüvvələr ciddi-cəhdlə çalışırlar ki, Səfəvi sarayında hakimiyyəti tamamilə ələ keçirib türkləri dövlət idarəçiliyindən bütünlüklə kənarda qoysunlar.

Xeyrənisə möhkəm xarakterli, iddialı, rəyasətpərəst bir qadındır. Nəinki ağlını, iradəsini, hətta şəhvani hisslərini də hakimiyyət uğrunda sərf etməkdən çəkinmir. Və cəsarətlə demək mümkündür ki, Yunus Oğuzun tarixi həqiqətə (sənədlərə!) dayanaraq yaratdığı Şah arvadı - Xeyrənisə obrazını ümumən dünya ədəbiyyatının bu tipli qadın qəhrəmanları ilə məmnuniyyətlə müqayisə etmək olar.

Səfəvi xanədanının qəddar düşmənlərindən biri də vəzir Mirzə Salmandır. Olduqca hiyləgər olan bu şəxs öz işini aşkarda yox, pərdə arxasında görür. Xeyrənisənin emosionallığından, çılğınlığından tamamilə fərqli bir "üslub"da, dövlət idarəçiliyi texnologiyalarına bələd olduğuna görə təmkinlə hərəkət edir... Və Məhəmməd Xudabəndədən marionet kimi istifadə edən farslar Qəzvində hakimiyyətə gəlib türkləri saraydan uzaqlaşdırırlar.

Cadugərə gəldikdə isə, o, Xeyrənisənin əlində öz məram-məqsədlərini həyata keçirmək üçün son dərəcədə təhlükəli bir silahdır. Qiymətli hədiyyələr müqabilində əvvəl-əvvəl Şah arvadına can-başla xidmət etsə də, sonralar "mistik" dünyadan ayrılıb gerçək həyatın üzvünə çevrilir. Və öz sahibəsinə vurulur... Cadugərlə Xeyrənisənin şəhvani əlaqələri gücləndikcə Səfəvi sarayı yalnız siyasi yox, həm də mənəvi xarabazara dönür.

Şah arvadının hakimiyyət hərisliyi o həddə çatır ki, vaxtilə ona yardımçı olmuş tərəfdarlarını, hətta Cadugəri də ayaqlamağa başlayır. Və nəticədə, Cadugər öz sahibəsindən dəhşətli intiqam alır... Lakin Xeyrənisə nail ola bilir ki, Məhəmməd Xudabəndədən olan oğlu Abbası hakimiyyətə gətirsin. Və beləliklə, Azərbaycan Səfəvilər dövlətinin iranlaşmasının əsası qoyulur.

Doğrudur, romanda məcaraçılıq elementləri çoxdur, bununla belə, yazıçının Səfəvi tarixinə baxışında fəlsəfilik, analitizm də kifayət qədər güclüdür. Və ən əsası odur ki, müəllif Səfəvi xanədanının tənəzzülünün ictimai-siyasi, mənəvi-əxlaqi səbəblərini təkcə ayrı-ayrı detal və təfərrüatlarda deyil, romanda təsvir edilən hadisələrin (ümumən tarixin!) məzmun-mahiyyətində göstərə bilmişdir.

lll

Azərbaycanda Atabəylər dövrünə maraq həmişə mövcud olmuş, bir sıra dəyərli elmi, eləcə də bədii əsərlər yaradılmışdır ki, Yunus Oğuzun "Atabəy Eldəniz" romanı da həmin mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil edilə bilər.

Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada aparılması hadisəsilə başlayır. Və bu hadisənin təsviri dövrün siyasi-ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür yaradır...

"O, Uran tayfasının əsilzadələrindən idi. Elə uşaqlıqdan hər şeyə diqqətlə fikir verir, olanları və söylənənləri yaddaşına əxz etməklə o biri yaşıdlarından fərqlənirdi. Amma atasının uduzduğu döyüşlərdən birində qənimət kimi bacılarını, anasını və onu əsir götürdülər. Sonradan onu anasından, bacılarından ayırıb qul kimi Dərbəndə apardılar. Tale onun ömrünə nə yazıb, o, bunu bilmirdi. Bildiyi o idi ki, hara getməyindən asılı olmayaraq çox çalışmalı, ağlı və zirəkliyi sayəsində özünü göstərməlidir".

Romanın bir ideya-estetik məziyyəti tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən, təhrif eləmədən Atabəylər dövrü tarixinin ideya (və iddia!) münaqişələrilə dolu fəlsəfəsini ortaya çıxarmaq, həmin münaqişələrin xalqların taleyinə, eləcə də ayrı-ayrı tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir etdiyini göstərmək cəhdidir.

Bədəncə zəif, çəlimsiz, özündən asılı olmayaraq yol boyu yuxulayıb arabadan yıxılan, hətta oyanmayıb düşdüyü yerdə də yatan Şəmsəddin gendən, kökdən gələn mənəvi gücü, istedadı, tədbirliliyi sayəsində əvvəl sarayda böyük nüfuz qazanır, sonra isə qüdrətli Azərbaycan Atabəylər dövlətini yaradır.

Doğrudur, romanın baş qəhrəmanı Şəmsəddin Eldənizdir və onun həyatı, mübarizələri, siyasi uğurları əvvəldən axıra qədər maraqlı detallarla, təfərrüatlarla izlənilir; bununla belə, yazıçı süjetin həm məkanını, həm də zamanını tez-tez dəyişdirməklə ümumən dövrün möhtəşəm (və mükəmməl) obrazını da canlandırmağa nail olur. Bir tərəfdə iğtişaşlar yaradıb öz formal hakimiyyətini bərpa etmək üçün hər cür provakasiyalara getməyə hazır olan xəlifəlik, ikinci tərəfdə dünyanı islam qanunları ilə yanaşı, türk törəsilə idarə imkanları nümayiş etdirən səlcuqlar, üçüncü tərəfdə çaşbaş qalmış, hər cür xəyanətə əl atıb çıxış yolu axtaran xristian dövlətləri... Digər tərəfdə isə hakimləri ölümlə, qətllə qorxudub xərac alan, hər yerə sızaraq sarayları hörümçək toru kimi əhatə edib nəzarətdə saxlayan xaşxaşilər...

"Bir qədər keçdikdən sonra qapı açıldı və Nüsrət otağa dəvət olundu. Elə qapının önündəcə otağa fikir verdi. İyirmi-iyirmi beş metr uzunluğunda olan bu otağın yeddi pəncərəsi vardı, altı pəncərədə altı peyğəmbərin - Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmmədin, yeddinci pəncərədə isə İsmayıl İbn Cəfər Sadiqin adı yazılmışdı. Həmədan rəisinin yadına düşdü ki, bu yeddiləri batinlər Nutəkəyi Səba adlandırırlar və bu yeddilərdən başqa batinlər heç bir peyğəmbəri və imamı qəbul etmirlər.

Divarlar yaşıl pərdə ilə örtülmüşdü. Şamlar və qəndillər zəif yandırılmış, bu səbəbdən otaq alaqaranlığa bürünmüşdü. Otaqdan ona tanış qoxu gəlirdi. Bu xaşxaşilərin həmişə çəkdikləri xaşxaşın qoxusu idi. Otağın o biri başında taxtda Sahibiəzəm oturmuşdu".

Bu, o yerdir ki, burada hökmdarların, dövlətlərin taleyi həll olunur. İstər müsəlman olsun, istər xristian, əgər Ələmuta tələb edilən qədər bac-xərac vermirsə, o dövlət dağılmalı, o hökmdar aradan götürülməlidir. Və bu yerin ən böyük rəqibi, düşməni ağıllı, öz mənliyini qoruyan, xalqının iradəsini ifadə edən şəxsiyyətlərdir...

Mömünə xatunu ölümdən yalnız Şəmsəddin Eldənizin ağlı, tədbirli hərəkətləri xilas edir. Və o, bu xidmətinə görə Sultan Toğrulla Möminə xatunun oğlu Arslanşahın Atabəyi təyin olunur.

Görünür, ağıllı, tədbirli adamların üzünə tale də gülür. Sultan Toğrulun qəfil ölümü hadisələrə yeni miqyas verir: Möminə xatınla evlənən Atabəyin hakimiyyət illəri başlayır. Əvvəl Bərdədə, sonra isə Naxçıvanda...

Ancaq tarixin (və insanlığın) elə bir dövrüdür ki, haqq-ədalət, əmin-amanlıq uğrunda mübarizənin hər addımında qarşıya min xəyanət, yüz ölüm təhlükəsi çıxır.

Bir də ki, Ələmut qalası...

Roman müəllifi bu şeytan məskəninin qarşısına Gəncədə Baş Dədənin müqəddəs missiyasını çıxarır. Hər ikisinin elmi "batini"dir... Lakin birincisi şərə, ikincisi isə xeyrə xidmət etməyilə bir-birinin ziddinədir...

Və Atabəylə Möminə xatun Baş Dədənin görüşünə gəlirlər... Bu görüş nə qədər mistikdirsə, romanın ruhu baxımından o qədər də real; nə qədər realdırsa, o qədər də mistikdir.

Bizə elə gəlir ki, xüsusilə həmin epizodda Yunus Oğuza "məhşər" müəllifinin müsbət mənada əhəmiyyətli təsirini hiss etməmək mümkün deyil. Ancaq o da aydın görünür ki, İsa Hüseynov (Muğanna) fəlsəfəyə, "Atabəy və xaşxaşilər" müəllifi isə siyasətə, diplomatiyaya çəkir...

Baş Dədə Atabəyə və onun ailəsinə ən qəddar düşmənlərini də tanıtmaqla onları xəbərdar edir. Və bu, sadəcə xəbərdarlıq deyil, həm də əcdad ruhunun himayəsinə təminatdır. Yəni dədə-babaların Oğuz xandan gələn törəsinə riayət edəcəksənsə, heç bir maneə sənin qarşında dayana bilməz, aşıb keçəcəksən...

(Ardı var)

 





22.11.2018    çap et  çap et