525.Az

“Gənclərin ev alması üçün kredit şərtləri daha da sadələşdirilməlidir”


 

“Gənclərin ev alması üçün kredit şərtləri daha da sadələşdirilməlidir”<b style="color:red"></b>

Qafqazların ən böyük qrupu olan “Ağ Yol” cəmiyyəti iki müxtəlif sahədə ciddi müzakirələr təşkil edib. İlkin olaraq Azərbaycanda İpoteka Fondunun yaradılması və gənclərə ipoteka kreditlərinin verilməsini gündəmə gətirən “Ağ Yol” maraqlı müzakirələrə əsas verib. Belə ki, bu mövzuda yazılan statusu 3 minə yaxın adam bəyənib, 700-dən çox təklif, rəy və fikir bildirilib, 397 paylaşma olub.

Müzakirələrdə Azərbaycan hökumətinin bu qərarı təqdir olunmaqla yanaşı qeyd edilib ki, gənclərə ev almaq üçün verilən kreditin şərtləri daha da sadələşdirilməli və faiz dərəcələri aşağı salınmalıdır. Eyni zamanda gənclik yaşını başa vurmaqda olanlar ipoteka şərtlərinin yumşaldılması ilə bağlı qərarın tezliklə qəbul olunmasını arzu etdiklərini bildiriblər. İrəli sürülən təkliflər arasında həmçinin ipoteka kreditlərindən gənclərin bütün sosial təbəqələrinin istifadə edə bilməsi üçün yeni iş yerlərinin açılmasının da vacibliyi vurğulanıb. Gənclərin mənzil probleminin həlli üçün dövlət tərəfindən gənclər şəhərciyinin salınması təklifi rəğbətlə qarşılanıb. Azərbaycanın bütün bölgələrində gənclərin güzəştli şərtlərlə evlə təmin olunması üçün hər bir şəhər və rayonda gənclər qəsəbəsinin salınması Bakı şəhərini artıq əhali yükündən xilas edə biləcəyi fikirləri də kifayət qədər dəstək qazanıb.

Digər müzakirələr isə Bakı və Abşeron yarımadasında olan çimərliklərin müasir vəziyyəti, xidmət səviyyəsi, sanitar-gigenik qaydalara əməl edilməsi problemləri ətrafında aparılıb. Xüsusi vurğulanıb ki, çimərliklərin müasir tələblərə cavab verməməsinin günahının bir hissəsi şübhəsiz ki, bu çimərlikləri idarə edən “işbaz”lardadır, amma icra orqanlarının və ictimayyət nümayəndələrinin də günahı az deyildir. “İctimai qınaq, ictimai nəzarət demək olar ki, yox səviyyəsindədir” fikri müzakirələrin ana xəttini təşkil edib.

Müzakirə iştirakçılarının münasibətindən açıq görünüb ki, soydaşlarımız yaşadıqları coğrafi ərazinin təbii gözəlliyi ilə fəxr edirlər. Amma onu qorumadıqlarına, zibillədiklərinə görə ictimai şüurun səviyyəsindən narazıdırlar.

Maraqlıdır ki, müzakirə iştirakçıları bu məsələyə həm də dövlətçiliyə xidmət aspektindən yanaşıblar. Onlar xarici ölkələrə turist axınının qarşısını almaq üçün çimərliklərə münasibətin dəyişməsinin zəruriliyini qeyd ediblər.

Bu müzakirələrdə 500-ə yaxın rəy və təkliflər yazılıb, 1300-dən çox adam tərəfindən bəyənilib, 300-dən artıq paylaşma olub.

AQİL

 





24.08.2013    çap et  çap et