525.Az

... Demə, hamısı xəyalmış!


 

... Demə, hamısı xəyalmış! <b style="color:red"></b>

Dağda dünyaya gəlmişəm. Dağ təbiətliyəm. Fikirli, xəyallı dağlar mənim könül həmdəmim, ilham pərim, şah əsərimdi. Ona görə də, dağlar tez-tez yuxuma girir.

Bu dəfə yenə də yuxumda dağları gördüm. Dumanlı, çiskinli, xəyallı dağları. Dağlar, dağlar! Fəxri-vüqar, qürur-məğrur dağlar. Başı bəyaz çalmalı, sinəsi qüzey qarlı dağlar. Təbib dağlar, loğman dağlar. Şəfa dağlar, məlhəm dağlar, səfa dağlar, vəfa dağlar. Axar-baxarlı, şimşək çaxarlı dağlar. Səması qartallı dağlar. Uludan ulu dağlar, çeşməli-sulu dağlar...

Qəfil yuxudan ayıldım, dağlarımı itirdim. Az keçmişdi ki, yuxu məni apardı, dağlarıma yenidən qovuşdum.

Gecədən xeyli keçsə də, səma aydınıydı. Ay aylanır, ulduzlar sayrışır, tamaşa qururdular. Qızılı yanıma səslədim, gəldi. Dodaqlarını üstümə sürtdü, oynatdı. Qaş-gözünü oxşadım, sığala çəkdim. Yalmanını şanaladım, daradım. Belini tumarladım, yenicə çıxmış günəş kimi parladı, şümalladım, yəhərlədim. Yüyənlədim, belinə qalxdım. Süzdü, səkdi, aşağılara doğru, şenliyimizə sarı.

Dağdan aşağılara enəndə atım sözümə baxmır, məni dartıb başqa səmtə Gülzar çeşməsinə sarı aparır. Hər şeyi görmüş, bilmiş, duymuş kimi.

Bir xeyli getmişdim. Qızıl yoldan çıxdı, sola səmt aldı, nəyisə duymuş kimi, kimisə görmüş kimi baş apardı, cilovu çəkilməz oldu, dörd nala qalxdı, götürüldü. Uçmağa təkcə qanadı yoxdu. Çarəsiz qalmış kimi yalmanına yatdım. Bir azdan mənzilə çatmış kimi dayandı. Alçaqdan kişnədi, silkindi. Bir xeyli aralıda o tərəfdə duran ağ at da kişnədi. Qızılım səsinə səs verdi.

Çeşmə başında kimisə gözləyirmiş kimi dayanmışdı. İlahi, nə qədər qənirsiz, bənzərsizdi. Elə bil, göydən gələn mələkdi. Heyrətləndim, əlvəhəl məni vurğun vurdu. Üşüdüm, titrədim.

Göydən göndərilən mələk ağılasığmaz, xəyalagəlməzdi. Ülviydi, ucadan ucaydı. Dümağ bəyaz libaslı, qaşları kaman, gözləri can alan, ay camaldı, pərişan haldı. Siyah telliydi. Bir xeyli nazlı, bir azca ədalı, hökmlü görünürdü. Ətrafa göz gəzdirdi, məni görcək iti baxışlarıyla süzdü və qəfil də yoxa çıxdı. Yoxmuş kimi.

Birdən göyün işığı söndü, aləmə zülmət çökdü. Şimşək çaxdı, yeri, göyü dilimlədi, doğradı. İniltili, gurultulu dəhşət başladı. Gürşad oynadı, sellər sulara qarışdı. Çaylar məcrasına sığmadı, aşdı, daşdı.

Yuxular, yuxular! Aman yuxular, yaman yuxular, gerçək yuxular, yalan yuxular. Ağladan yuxular, güldürən yuxular. Min dərdə salan, canımı yandıran, yaxan yuxular. Hərdən pərvazlandırıb qanadlandıran, gahdan qanadımı sındıran, uçurumlara qərq edən yuxular. Yara həmdəm, cana məlhəm yuxular. Gah öldürən, gah dirildən yuxular. Gah qəm libası, gah toy libası geydirən yuxular. Gah hünərli, qılınclı, qalxanlı, gah qərib, boynu buruq yuxular, yetim yuxular. Canıma qənim yuxular, tilsimə salan yuxular. Həmdəm yuxular, sevinc yuxular. Qəm-qəm yuxular, cin atına mindirən yuxular. Ay nələr, nələr yuxular...

Dan yeri sökülər-sökülməz yuxu yenə məni apardı. O mələksima yenidən yuxuma təşrif buyurdu. Elə bil dünyamı tapdım. İlahimə səcdə qıldım.

Zirvəsi bəyaz çalmalı, dağ əzəmətli, vüqarlı. Sinəsi qayalıqlar səltənəti, ətəyində kiçik bir düzəngah. Min bir rəngə çalan, xalı-xalça toxuyan güllər, çiçəklər aləmi. Məni yuxuda əsir-yesir edən o qənirsiz gözəl də bu təkrarsızlığın qarşısında, düzəngaha xalı-xalça toxuyan güllərin, çiçəklərin arasında əyləşmiş, aləmin seyrinə dalmışdı. Yenə də bəyaz libasda, qoşa zülflər də sinəsində.

Arxa tərəfdən kirmiş-kirmiş, ustub-ustub ona tərəf yeridim, unamadı, bəlkə qəsdən görməzliyə vurdu. Sonra cəsarət tapıb qarşısına keçdim. Başı qızılı ləçəkli, bədəni bəmbəyaz libasda. Bir neçə dəfə pərvanələr tək başına döndüm, dolandım. Yaxınlaşdım, qarşısında diz çökdüm, səcdə qıldım. Əlini uzatdı "tut əlimdən" - dedi. Tutdum, qaldırdım. Həsrət baxışlar bir-birinə qarışdı. Ürəyim tel-tel oldu, şelləndi.  

Və:

- Ey qəlbi nur oğlan, baxışından görürəm eşq divanəsi, pərvanəsisən. Bir qədər halı pərişan, bir xeyli müşkül - dedi.

Vəyhdən bir ecazi səs gəldi:

- Eşq ayağı qandallı, qolları bağlı dəlilik, divanəlikdi. Ağılla ağılsızlıq arasında uçurumdu, tərki-dünyalıqdı. Tilsimdi, sirdi, sehrdi. Ya ölüm, ya yara yetim inamı, inadıdı. Ürəyi göynədən, gözləri ağladandı. Gözə görünməz, yeri bilinməz, yazığı gəlməzdi. Ayrılıqdı, qəribəlik, qəriblikdi. Təkdi, tənhadı. Kimsiz-kimsəsizdi. Gözü yolda qalan intizardı, həyəcandı. Ağrıdı, acıdı, əzabdı, işgəncədi. Bədbəxtlərin bədbəxti, xoşbəxtlərin xoşbəxtidi.

Ayaq saxladım. Baxışlarımız bir-birinə qarışdı. Gözlərimiz eşq sevdasında yaşardı:

- Əllərimdən bərk tut, gedək - söylədi. Dar cığıra düşdük. Aşağılarda zil dərənin sonu görünmürdü.  - Qorxuludu, diqqətli ol, əlimi buraxma.

Aşağılara baxanda gözüm qaralır, qorxudan uçunurdum. Elə bil dərə məni dartıb aparmaq istəyirdi. Bir azca büdrədin, getdin, qurda-quşa yem olacaqsan.

Xeyli yol getdik. Bir çeşmə başında ayaq saxladı. Çeşmənin ayrı görkəmi vardı. Sal qayaların sinəsindən tökülürdü.

Çeşmələr, çeşmələr! Göz-göz qaynayan, həzin-həzin mahnı oxuyan, ətrafda gül-çiçəyə qərq olan çeşmələr. Mahnı qoşan, şərqi oxuyan çeşmələr. Şəfa çeşmələr, vəfa çeşmələr. Gözəllərin görüş yeri, eşq yeri, sevgi yeri, sirr saxlayan, sehrə salan çeşmələr. Tez-tez yuxuma girən, yarla görüşdürən, gah ağladan, gah güldürən çeşmələr. Daha nələr, nələr çeşmələr.

Bir ayrı gözəllik, bir ayrı təkrarsızlıq. Bu çeşmə şəfa çeşməsidi. Pirdi, ocaqdı. Min bir dərdin dərmanıdı. Həm təbibdi, həm məlhəmdi:

- Diz çök. Doyunca çeşmənin gözündən iç. Ovucla, üz-gözünə çilə. Ağrın, acın gedəcək, arzuların üzünə güləcək, kama yetəcəksən.

Bir xeyli getdik. Başı göylərə ucalan qoşa çinarın altında bir Bəyaz, bir də Qızılım vardı. Qoşa çinarın altında qarşı-qarşıya dayanan atlar elə bil bir-birlərinə bənd olmuşdular. Bizi unutmuş kimi Qızılı hünərlənir, ağ atın üz-gözünü öpürdü. Ağ at nazlanır, naz atır, xoşhallanırdı. Ağılasığmaz, xəyalagəlməz tamaşa yaratmışdılar.

Bəyaz atın yüyənini əlinə aldı:

- Yaxın gəl - dedi. - Görürsən, hər yan fəsli-bahardı, güllər-çiçəklər aləmidi. Yazda gələcəm, gözlə. Bir payız gecəsi gözlə. Boranlı-çovğunlu qışda gözlə, gələcəm, gözlə, gələcəm.

Üzəngini basdım, ağ ata mindi, göylərə qalxdı mələklərə sarı. Qızılı at yarını itirmiş kimi dəliləşdi. Ayaqlarını yerə döydü. Torpağı eşim-eşim eşələdi. Çalxandı, dartındı, boğazındakı irəşməni qırdı. Bərk kişnədi, götürüldü göylərə sarı. Bir göz qırpımında yox oldu, yoxa çıxdı. Tez-tələsik yastığımı çevirdim. Dedim, bəlkə yenidən yuxuma gələ. Gəlmədi.

Qoşa çinarda ha gözlədim, gəlmədi. Aylar illərə qovuşdu. Gözlərim yolda, qəlbim intizarda... Dəli-divanələr kimi eşqimi, yarımı axtardım.

Bir gün qoşa çinarın kölgəsində məni yuxu apardı. Ağ atın belində gəldi. Bir ayrı hünərdə gəldi. Qızılı at da yanında, yəhərli-yüyənli. Sıçradım belinə. Qoşalaşdıq dağlara sarı, gözəlliklərə doğru.

Dan yeri sökülər, sökülməz, Günəş zərrin şəfəqlərini tökər-tökməz yuxudan ayıldım. Halı pərişan, bir ayrı insandım. Ürəyim sinəmi döyür bərk ağrı verirmiş, təsəlli tapmış kimi röya, röya olarmış, məni məndən alarmış, demə, hamısı xəyalmış!

 





23.11.2018    çap et  çap et